Mübariz Tağıyev: “Aynişanın uğur qazanması...”

Xəbər verdiyimiz kimi, Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevan Türkiyədə yayımlanan “O səs Türkiyə” yarışmasına qatılıb.


AzNews.az xəbər verir ki, A.Quliyeva sözügedən yarışmada Polad Bülbüloğlunun müəllifi olduğu "Gəl ey səhər" mahnısını ifa edib.

Xalq artisti Mübariz Tağıyev AzNews.az-a açıqlamasında A.Quliyevanın "O səs Türkiyə" yarışmasında uğur qazana biləcəyi ilə məsələni şərh edib: "Mən Aynişan Quliyevanın səsinə "Eurovision" yarışmasının seçimlərində qulaq asmışam. Aynişan səhnəyə gözəl yaraşırdı, özü də yaraşıqlıdır. Seçim prosesində rəngarəng çıxışları oldu. Amma səs yerində deyildi. Səs dəyişir, aradan müəyyən vaxt keçib. Sözün düzü son vaxtlar onun səsini dinləməmişəm. İnsan il ərzində dəyişir, püxtələşir. Onun uğur qazanması ilə bağlı nəsə deməyə çətinlik çəkirəm".

M.Tağıyev vurğulayıb ki, A.Haşımova qızının həmin yarışmada iştirakına "hə" deyibsə, deməli, ona arxayındır: "Aybəniz Haşımova elə-belə razılıq verməz. Yəqin ki, qız bu yarışmada iştirak etməyə hazırdır ki, Aybəniz Haşımova onun getməsinə razılıq verib".

Qeyd edək ki, "O səs Türkiyə" yarışmasında bundan əvvəl Azərbaycanı müğənni Elnur Hüseynov təmsil edib. O, həmin yarışmada birinci yeri tutub.

Xatırladaq ki, "O səs Türkiyə"nin münsif kürsüsündə Ebru Gündeş, Hadisə, Murad Boz, Gökhan və Hakan Özoğuz əyləşir.

Bahar RÜSTƏMLİ
AzNews.az