“Dostəliyeva bəlkə də hansısa mübahisənin qurbanı olub” – Millət vəkili

“Nazpəri Dostəliyeva televiziyaların onun çıxışına qadağa qoyması faktı ilə bağlı Milli Televiziya və Radio Şurasına müraciət etməlidir”.


Bunu AzNews.az-a millət vəkili Nizami Cəfərov Xalq artisti N.Dostəliyevaya TV-lərdə məhdudiyyət qoyulması ilə bağlı məsələni şərh edərkən deyib. Onun sözlərinə görə, sənətkarın bu ittihamı MTRŞ-da müzakirə olunmalıdır: "Nazpəri xanımın dedikləri doğrudursa, TV-lər ona həqiqətən də qadağa qoyubsa, o zaman bu məsələ araşdırılmalıdır. Onunla bağlı qadağa qərarının hansı səbəbdən verildiyini Milli Televiziya və Radio Şurasında aydınlaşdırarlar. Nazpəri Dostəliyeva Xalq artistidir, xalqın sevdiyi bir müğənnidir. Kifayət qədər böyük sənətkardır. Onun özü də fikirləşməlidir ki, bu vəziyyət nədən yaranıb?"

N.Cəfərov ölkənin sənətkarlarının adlarının qalmaqallı məsələlərdə hallanması ilə bağlı məqamlara da toxunub: "Nazpəri Dostəliyeva fikirləşməlidir ki, bəlkə hansısa mübahisələrin, dediqoduların iştirakçısına çevrilib və onun qurbanı olub, yaxud nəisə düzgün hərəkət etməyib? Xalq artistləri, böyük sənətkarlarımız çalışmalıdırlar ki, məhkəmələrlə, sənətdən kənar məsələlərlə yadda qalmasınlar.

Bunu tək Nazpəri xanım haqqında demirəm. Həqiqətən belə məsələlər var, biz onu eşidirik, bilirik. Amma yenə də ümid edirəm ki, N.Dostəliyevanın Milli televiziya və Radio Şurasına müraciəti cavabsız qalmayacaq".


Qeyd edək ki, Xalq artisti N.Dostəliyeva noyabrın 6-da AzNews.az-a açıqlamasında ANS kanalından başqa bütün televiziyaların ona qadağa qoyduğunu bildirib.

Bahar RÜSTƏMLİ
AzNews.az