Samir Şərifov baş nazir olacağı xəbərindən danışdı

Maliyyə naziri Samir Şərifovun baş nazir postuna gətiriləcəyi barədə vaxtaşırı məlumatlar yayılır. Nazirin qərbyönümlü məmur olduğu, bu mənada onun ciddi dəstək aldığı da yayılan məlumatlar sırasındadır. Hesab olunur ki, baş naziri Artur Rəsizadə istefa verəndən sonra bu vəzifəyə S.Şərifov təyin olunacaq.

S.Şərifov "Yeni Müsavat"ın əməkdaşının bununla bağlı eksklüziv sualını aşağıdakı kimi cavablandırdı: "Vallah, mən heç vaxt şayiələrə şərh verməmişəm. Bu gün də həmin məsələlərdən bəhs edən şayiələrə şərh vermək niyyətində deyiləm. İndi kimin ağlına nə gəlir, nəsə deyirsə, bu barədə bir söz deyə bilmərəm".

S.Şərifov dövlət büdcəsinin xərcləri sırasında "və sair" adı ilə nəzərdə tutulan xərclərə də aydınlıq gətirib. Deyib ki, hökumət bu xərclərin də miqdarını azaltmağa çalışıb: "500 milyon manat sovet dövründən qalma əmanətlərin qaytarılması ilə bağlı olan məbləğdir. 1 milyard 172 milyon manat isə xüsusi müdafiə sahəsində işlərin həyata keçirilməsi ilə bağlıdır. Fövqəladə halların aradan qaldırılması ilə bağlı 145 milyon manatdan söhbət gedir. Yəni burada gizli, nəsə açıqlanmayan xərclər yoxdur. Sənədlər açıq şəkildə bizim internet səhifəsində yerləşdirilib. İstənilən şəxs maraqlana bilər".

AzNews.az