Azərbaycandan PKK ilə mübarizəyə dəstək təklifi

Millət vəkili: «Türk əsgəri də Qarabağda döyüşə bilər» Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Türkiyə mətbuatında olduqca maraqlı təkliflə çıxış edib. Millət vəkili bildirib ki, Azərbaycan əsgəri də Turk ordusu ilə birgə PKK terror təşkilatına qarşı mübarizə aparmalıdır.



AzNews.az-ın Türkiyənin "Haberturk" xəbər portalına istinadən verdiyi məlumata görə, Fərəc Quliyev Türkiyə-Azərbaycan və hətta bütün türk dünyası arasındakı əlaqələrin iqtisadi və mədəni sahədən, siyasi və əsgəri sahəyə keçməsinin zamanı olduğunu deyib: "Azərbaycan və Türk əsgərləri dünyanın bir çox ölkəsində sülməramlı olaraq vəzifə yerinə yetirir. Biz niyə ortaq bir əsgəri birlik yarıdıb PKK-ya qarşı birgə mübarizə aparmırıq? Türk ordusunun bu mübarizəni təkbaşına aparması üçün təbii ki, gücü var. Lakin Azərbaycanın da iştirakı mübarzəni gücləndirəcək".

Millət vəkili daha sonra həmin əsgəri birliyin Azərbaycanın işğaldakı torpaqlarının azad olunmasında iştarak etməsinin vacib olduğunu deyib: "Türk əsgəri də Qarabağda döyüşə bilər".

Fərəc Quliyev deyib ki, Azərbaycan, Türkiyə və digər Türk Respublikaları ilə birlikdə ortaq bir "Avrasiya bloku" yarada bilər: "Kimsədən çəkinmədən, bütün sahələri də əhatə edəcək bir şəkildə möhkəm əsgəri birlik yaradılmalıdır. Artıq bunun zamanıdır".

Ədil Hüseynli
AzNews.az