Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi “Azərbaycanın işğal olunan ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər”ə dair hesabat verib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi “Azərbaycanın işğal olunan ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər”ə dair hesabat verib.

İşğal olunan ərazilərimizdə qeyri-qanuni fəaliyyətlərə dair - Təhlil

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi “Azərbaycanın işğal olunan ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər”ə dair hesabat verib.


AzNews.az xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi martın 2-də "Azərbaycanın işğal olunan ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər" adlı hesabat təqdim edib. Hesabatda əks olunan məlumat daha çox erməni açıq mənbələrindən toplanılaraq işğal olunan ərazilərdə beynəlxalq hüquqa tam məhəl qoyulmadan məskunlaşmanın həyata keçirilməsi, mülkiyyət, təbii və digər sərvətlərin vəhşicəsinə istismarı, talan edilməsi və qeyri-qanuni ticarəti daxil olmaqla, davamlı fəaliyyəti sübut edən kifayət qədər təsdiqedici dəlillər təmin edir. Dəlillər göstərir ki, Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin işğal olunan hissəsi boyunca təbii sərvətlərin qeyri-qanuni daşınması həyata keçirilir və Azərbaycanın işğal olunan ərazilərində qanunsuz istehsal olunan məhsulların, eləcə də minerallar və digər sərvətlərin həmin ərazilərdən beynəlxalq bazarlara daşınması üçün Ermənistan nəqliyyat məntəqəsi rolunu oynayır.

Münaqişənin ən tez bir zamanda siyasi həllinə yönələn hazırkı səylərə rəğmən, Ermənistanın həyata keçirdiyi siyasət və təcrübə onun açıq-aşkar Azərbaycan ərazilərinin işğalının möhkəmləndirilməsi və hərbi qüvvələr tərəfindən işğal edilən və kütləvi şəkildə etnik təmizləmə aparılan həmin ərazilərin ilhaqının təmin edilməsi niyyətini sübut edir. Ermənistan tərəfinin bu hərəkətlərinə qarşı adekvat beynəlxalq reaksiyanın olmaması yalnız onun cəzasızlıq və özbaşınalıq hisslərinin artmasına yardım edir.

Bu baxımdan, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti Ermənistanı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə tam riayət etməyə, dərhal həm erməni, həm də xarici vətəndaşların işğal olunan ərazilərə köçürülməsini dayandırmaq və ləğv etməyə, dərhal Azərbaycanın işğal olunan ərazilərində iqtisadi və ticarət fəaliyyətini dayandırmaq və gələcəkdə də belə fəaliyyətlərdən çəkinməyə, həmin ərazilərdəki arxeoloji, mədəni və dini abidələr də daxil olmaqla, mədəni irs nümunələri və müqəddəs yerlərin dağıdılması və talan edilməsini dayandırmağa məcbur etməyə çağırır.

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin bütün üzvlərini Azərbaycanın Dağlıq-Qarabağ regionu və digər işğal olunan ərazilərində hər hansı bir qeyri-qanuni fəaliyyətin həyata keçirilməsi və onda iştirak da daxil olmaqla, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə öz ərazilərində hər hansı fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilən fəaliyyətin milli qanunvericilik imkanları da nəzərə alınmaqla, qarşısını alacaq effektiv tədbirlər görməyə çağırır.

Ermənistanın Azərbaycanın işğal olunan ərazilərinin ilhaq edilməsinə cəhd göstərən siyasəti uğursuzluğa məhkumdur. Münaqişənin davamlı və uzunmüddətli həllinə nail olmaq üçün yeganə yol BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələrində tələb edildiyi kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunan ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasının təmin olunmasıdır.

Azərbaycan Respublikası öz suverenliyi və ərazi bütövlüyünün xüsusilə işğal olunan ərazilərində hər hansı bir yol və vasitə ilə qeyri-qanuni fəaliyyətin həyata keçirilməsi və ya onda iştirak da daxil olmaqla, pozulmasına imkan verməyəcək. Beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü, eləcə də vətəndaşlarının hüquqları və qanuni maraqlarını qorumaq üçün Azərbaycanın işğal olunan ərazilərində qanunsuz fəaliyyətlərlə bağlı özünün milli hüquq sistemi və qeyri-qanuni fəaliyyətə cəlb olunan üçüncü ölkənin yerli məhkəmələri vasitəsilə fərdlər və şirkətləri təqib etmək məcburiyyətində qalması kimi hər hansı bir fəaliyyətin nəticələrinin məsuliyyəti bütünlüklə Ermənistan Respublikasının və qeyri-qanuni fəaliyyətə cəlb olunan fiziki və hüquqi şəxslər, şirkətlər və qurumların üzərinə düşəcək.