Almaniyalı nazir müavini Bakıya gəlir

Bu gün Almaniyanın Xarici İşlər nazirinin müavini, millət vəkili Kornelia Piperin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək. Bu barədə AzNews.az-a Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər zamanı nazir müavini Kornelia Piperi Almaniyanın İqtisadiyyat və Texnologiyalar Nazirliyinin şöbə müdiri Karl Ernst-Brauner, Alman Sənaye Ticarət Palatasının (DIHK) təmsilçisi Folker Trayer müşayət edəcək.

Səfər çərçivəsində almaniyalı nümayəndə heyəti Azərbaycanın İqtisadi İnkişaf naziri Şahin Mustafayevlə birgə Bakıda Alman-Azərbaycan Ticarət Palatasının təntənəli açılış mərasimində iştirak edəcəklər. Nazir müavini K.Piper Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov, Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev ilə də rəsmi görüşlər keçirəcək. Almaniyalı qonaq həmçinin, Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri ilə fikir mübadiləsi aparacaq.

Qeyd edək ki, Bakıda açılacaq Alman-Azərbaycan Ticarət Palatası MDB məkanında Moskvadan sonra ikinci Azərbaycanda fəaliyyət göstərəcək.

Vasif Həsənli
AzNews.az