Azərbaycanın ABŞ-la yaxınlaşmasına Rusiya və Ermənistanın - Təpkisi

Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a yetərincə uğurlu səfərinə düşmən tərəfi və onun əsas havadarının reaksiyası özünü çox gözlətmədi. Cəbhə xəttində qeydə alınan və son dövrün ən böyük hərbi eskalasiyalardan biri ilk növbədə bu qənaəti yaradır.


Çünki ölkə başçısının səfəri və onun çərçivəsində Amerikanın ali rəsmi şəxsləri ilə keçirilən məhsuldar görüşlər əksər ekspertlər tərəfindən Azərbaycan-ABŞ münasibətləri tarixində mühüm mərhələ və ilıqlaşma kimi qiymətləndirilir.

Bundan əlavə, görüşlər zamanı həm dövlət katibi Con Kerri, həm də vitse-prezident Co Bayden səviyyəsində ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstəyin ifadə olunması, İlham Əliyevin habelə, Amerika siyasətinə ciddi təsiri olan yəhudi lobbisinin əsas fiqurları ilə bir araya gəlməsi, nəhayət, bütün bunların Ermənistan prezidenti Serj Sərkisyanın ABŞ səfərini tamamən və əzici şəkildə kölgədə qoyması fonunda baş verməsi düşmən tərəfi qıcıqlandırmaya bilməzdi.

Belə bir vəziyyətdə ən optimal çıxış yolu və daxili ictimai rəyi uğursuz səfərin nəticələrindən yayındırmağın yeganə sınanmış, "uğurlu" üsulu ənənəvi olaraq təmas xəttində gərginliyi artırmaq, Azərbaycana qarşı yeni təxribatlara əl atmaq olardı - hazırda biz o təxribatın nəticələrini müşahidə eləməkdəyik.

Üstəlik, budəfəki eskalasiyada Rusiyanın marağı əvvəlkilərdən daha çoxdur. Hər necə olsa da, rəsmi Bakının Vaşinqtonla yaxınlaşmasını şimal qonşumuz da bəlli səbəblərdən həzm edə bilmir.

Yeri gəlmişkən, prezidentlərin Vaşinqton görüşünün baş tutmamasında bu amilin də rolu olduğu istisna deyil. Maraqlıdır ki, məhz həmin mümkün görüş və Əliyevin Vaşinqton təmasları ərəfəsində Putinə yaxın "Valday" analitik qurumu Rusiya üçün 2016-cı il təhdidləri ilə bağlı yaydığı hesabatda Azərbaycanı "Gürcüstan ssenrasi" ilə hədələmişdi...

Bu dəfəki eskalasiya həmçinin, Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri ərəfəsində (7 aprel) Kremlin bir güc nümayişini xatırladır. Yəni Azərbaycana belə bir mesaj verilir ki, Qarabağ məsələsində Amerika yox, məhz Rusiya əsas və həlledici ölkə olaraq qalır...

Cəbhədəki son eskalasiyaya dəxli olan daha bir mühüm detalı qeyd etməliyik. Belə ki, cəmi bir gün öncə erməni mənbələrinin yazmışdı ki, Serj Sərkisyan Vaşinqtonda Co Baydenlə görüş zamanı təmas xəttində yeni monitorinq mexanizminin yaradılması (işğalçının özünü daha rahat və arxayın hiss eləməsi – Z.S.) üçün ABÇ-dan dəstək istəyib, bu yöndə bəzi ermənipərəst konqresmenlərin Obamaya müraciətini nümunə göstərib və Azərbaycanı hədələyərək bildirib ki, əks halda Ermənistan "Azərbaycana qarşı təkbaşına prevenetiv addımlar atacaq".

Bundan az öncə isə ATƏT seminarında Ermənistan müdafiə nazirinin müavini David Tonoyan işğalçı ölkənin "müdafiə hərbi doktrinasından preventiv çəkindirmə doktrinasına" keçdiyini bəyan eləmişdi. Təsadüfmü?

Musavat.com