Abbas Abbasov yenidən fəallaşır

2012-ci ilin ortalarından başlayaraq Rusiya-Azərbaycan münasibətlərinin gərginləşdiyi bütün kritik situasiyalarda bir nəfərin – Baş nazirin sabiq müavini Abbas Abbasovun adı qabarıq şəkilidə üzə çıxır.




Sanki, cəmiyyətə təsiretmə imkanına sahib hansısa gizli bir ələ lazım olub ki, sabiq baş nazir müavininin adı mövcud hakimiyyətə ən real alternativlərdən biri kimi təqdim edilsin. Abbas Abbasovun keçdiyi yol və malik olduğu əlaqələr də bu imicin möhkəmlənməsində az rol oynamayıb – o, siyasətdə və dövlət idarəçiliyində kifayət qədər bişmiş, Azərbaycanın daxilində və xaricində olduqca geniş biznes-siyasi əlaqələrə və yetərincə maddi kapitala sahib nüfuzlu, təcrübəli şəxsdir. Təkcə 2012-ci ilin sonlarında – 2013-cü ilin prezident seçkiləri öncəsi yaradılan "Milyarderlər İttifaqı"ndakı (Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı) fəaliyyəti ilə Abbas Abbasov sübut edə bildi ki, o, istənilən zaman Putin Rusiyasının əlində Azərbaycan hakimiyyətinə qarşı ciddi bir silaha çevrilə bilər…

Budur, Prezidentin ABŞ səfərindən sonra Azərbaycanın Qərblə yaxınlaşma meyli azacıq nəzərə çarpan kimi, son günlər Abbas Abbasovun adı yenidən ölkə siyasətinə transfer edilməkdədir… Və yenə də hakimiyyətə əsas iddiaçı qismində.

Belə ki, "Azpolitika.info"ya Rusiyada yaşayan çox nüfuzlu soydaşlarımızdan birinin verdiyi məlumata görə, son günlər Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət Rusiyadakı azərbaycanlı diaspora arasında da ciddi fəallıq və ikitirəlik yaradıb. Daha çox sabiq baş nazir müavininə yaxın şəxslər azərbaycanlılar arasında fəal təbliğat apararaq, bu vəziyyətin Rusiyanın bölgədə nüfuzunun artmasına gətirib çıxaracağından, ötən ilin yayında buraxılmış "Milyarderlər İttifaqı"nın fəaliyyətinin yenidən bərpasına zərurətin olduğundan və hətta Abbas Abbasovun baş nazir gətirilə biləcəyindən danışmağa başlayıblar…



İşin daha maraqlı tərəfi isə odur ki, Abbas Abbasovun təkcə Rusiyada deyil, son vaxtlar Azərbaycanın daxilində də təşkilatlanmaya cəhd göstərdiyi iddia edilir. Məlumata görə, Abbas Abbasova bu işdə əlaltdan dəstək verənlər sırasında yaxın qohumu olan ortağı – 2010-2015-ci illərdə 77 saylı Astara seçki dairəsindən deputat olmuş və son seçkilərdə adı YAP-ın siyahısından çıxarılmış sabiq deputat, "Diplomat-1" şirkətinin rəhbəri Aslan Cəfərov da var…

Qeyd edək ki, Aslan Cəfərov uzun illər ölkəyə gətirilən uşaq qidalarının və bezlərinin monopolisti olmaqdan əlavə, həm də Abbas Abbasovun biznes ortağı – onun Azərbaycandakı bütün açıq-gizli obyektlərinin əsas idarəedicisi.

Iddia olunur ki, Abbas Abbasovun Aslan Cəfərova olan bu etimadı onun hansısa xüsusi qabiliyyətə malik olmasından deyil, çox yaxın qohumluq əlaqələrindən qaynaqlanır. Belə ki, məlumata görə, Abbas Abbasovun kiçik oğlu Vüsal Abbasov Aslan Cəfərovun bacısı Samirə xanımın qızı ilə ailə həyatı qurub. Gənclərin toy mərasimi isə 2009-cu ilin oktyabrında "Buta" sarayında çox dəbdəbəli şəkildə həyata keçirilib… O vaxt mətbuat Abbas Abbasovun kiminlə qohum olduğunu araşdırmaq istəsə də, yalnız o deyilmişdi ki, Abbas Abbasov oğluna mərhum dostu Hacı Vaqifin nəvəsini alıb…

Maraqlıdır ki, Abbas Abbasov kimi nəhənglə qohumluqdan sonra Aslan Cəfərovun da "ulduzu" parlamış və bu biznesmen 2010-cu ildə – 37 yaşında 77 saylı Astara seçki dairəsindən deputat da seçdirilmişdi.

Hazırda Aslan Cəfərovun biznes fəaliyyətini daha da genişləndirdiyi və tez-tez Moskvaya – Abbas Abbasovla görüşə gedib-gəldiyi xüsusi vurğulanır.