“Bir liderin real təhlükədən narahat olmaması çox ciddi məsələdir” “Bir liderin real təhlükədən narahat olmaması çox ciddi məsələdir”

Sərdar Cəlaloğlu İsa Qəmbərə cavab verdi

“Bir liderin real təhlükədən narahat olmaması çox ciddi məsələdir”



Müsavat Partiyasının başqanı İsa Qəmbər "Yeni Müsavat" qəzetinə müsahibəsində deyib ki, "Milyarderlər İttifaqı" yaranan gündən heç bir addım atmayıb: "Biz Müsavat Partiyası olaraq maraqlı idik ki, ölkə gündəminin əsas məsələsi mövcud qeyri-legitim parlamentin buraxılması və azad, ədalətli seçkilərlə yeni bir parlamentin seçilməsi olsun.

Amma prezident seçkiləri yaxınlaşmağa başladı, bütün diqqət ora yönəldi və artıq bütün hadisələrə o kontekstdən baxılır. Ona görə də mən inanıram ki, RATİ, ya "Milyarderlər ittifaqı" deyirsiniz - bu ittifaq tutaq ki, 2012-ci ilin payız aylarında yox, 2011-də, 2010-cu ildə meydana gəlsəydi, ona başqa cür baxılacaqdı. İndi isə sırf prezident seçkiləri ilə bağlı bir hadisədir və o cür də qiymətləndirilir. Nə olsun ki, Rusiyada zəngin insanlar yığışıb bir təşkilat qurublar və deyiblər ki, biz Rusiyada yaşayan azərbaycanlıların maraqlarını təmsil edəcəyik və yaranan gündən sonra da heç bir addım atmayıblar; faktiki olaraq, özləri də dəfələrlə etiraf ediblər ki, biz təşkilatı yaratmaqdan başqa heç bir addım atmamışıq. Bakının rəsmi və qeyri-rəsmi mənfi münasibət bildirməsindən sonra Azərbaycan hakimiyyətinə də dayandıqlarını etiraf ediblər. Dayanıblar, gözləyirlər ki, bu işlərin axırı nə olacaq. Yəni adi bir təşkilatın yaranması prezident seçkisi ili olduğu üçün Azərbaycan cəmiyyətini çox ciddi maraqlandırıb".

İsa Qəmbərin müsahibəsinə cavab olaraq Sərdar Cəlaloğlu AzNews.az-a deyib ki, bu təşkilat Rusiyanın dəstəyi ilə yaranıb: "Azərbaycanla bağlı bəyanatların verilməsini Rusiyanın Azərbaycanın daxili işlərinə müdaxiləsi kimi qiymətləndirirəm. Bu təşkilat Rusiyanın Azərbaycana təsir mexanizmlərindən biridir. Bu qurumun yaradılması qarşıdan gələn prezident seçkilərinə hesablanıb. Rusiya çalışır ki, Azərbaycanda baş verən dəyişiklikləri nəzarətdə saxlasın və onun maraqlarına xidmət etsin. Həmin qurum Rusiyada yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etsəydilər, 20 il öncə yaranardı. Seçkilər ərəfəsində belə təşkilatın yaranması göstərir ki, Rusiya qarşıdan gələn seçkilərdə bu və ya digər şəkildə iştirak etməyə çalışır. Liderlərin çıxış etməsi ən böyük qüsurdur. Politologiya elmi sübut edir ki, sosial təhlükələr ictimaiyyətin gözündə 10 dəfə böyüdülməlidir. Əgər bir lider böyük təhlükələri kiçildilmiş şəkildə təqdim edirsə, bu düzgün deyil".

Partiya sədri qeyd edib ki, adıçəkilən qurumla əməkdaşlıq təklif edilərsə, imtina ediləcək.

İlkin
AzNews.az