“Rusiya rəhbərliyi başa düşməlidir ki, separatizmə rəvac vermək bumeranq effekti yaradır” “Rusiya rəhbərliyi başa düşməlidir ki, separatizmə rəvac vermək bumeranq effekti yaradır”

YAP Rusiya rəhbərliyinə xəbərdarlıq etdi - EKSKLÜZİV

“Rusiya rəhbərliyi başa düşməlidir ki, separatizmə rəvac vermək bumeranq effekti yaradır”



Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin Azərbaycanın şimal rayonlarına səfəri zamanı bir qrup separatçılarla görüşməsi məsələsinə münasibət bildirib.

YAP-çı millət vəkili AzNews.az-a açıqlamasında deyib ki, səfir V.Doroxinin separatçılarla görüşməsi onun diplomatik fəaliyyətindən kənar hərəkətdir.
Onun fikrincə, Rusiya səfiri Azərbaycanın bütün rayonlarına gedə bilər, amma məxsusi olaraq separatizmə meyilli hərəkətlər edən şəxslərlə görüşməsi və yaxud da buna rəvac verən addımlar atması yolverilməzdir: "Biz bunu qətiyyətlə pisləyirik. Hesab edirəm ki, hazırda Rusiya rəhbərliyində olan şəxslər, xüsusilə də Rusiyanın Azərbaycandakı səfiri başa düşməlidir ki, hər hansı separatizmə rəvac vermək bumeranq effekti yaradır. Çünki, Rusiyanın özü çoxmillətli dövlətdir və bu dövlətin milli subyektləri mövcuddur. Həmin milli subyektlərdə də Rusiya Federasiyasının mərkəzi hakimiyyətindən narazı qüvvələr var. Ona görə də Rusiya Azərbaycanda və digər ölkələrdə separatizmə rəvac vermək istəsə, ilk növbədə öz keçdiyi tarixi yola, özünün dövlət idarə quruluşuna və milli tərkibinə nəzər salmalıdır. Hesab edirəm ki, Rusiya səfiri bu cür hərəkətlərə yol verməməlidir. Biz bu cür hərəkətləri məqbul saymırıq. Hesab edirik ki, səfir V.Doroxin gələcəkdə bu və ya digər bölgələrə səfəri zamanı diqqətli olmalıdır".

Xatırladaq ki, noyabrın 13-də Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin 12 nəfərlik nümayəndə heyəti ilə şimal rayonlarına səfər edib və burada separatçı "Sadval" qruplaşmasının təmsilçiləri ilə görüşüb.

Rusiya səfirinin Azərbaycanın qərb bölgəsində milliyyətçi və separatçılığa meylli şəxslərlə görüşü və digər faktlar bir daha təsdiq edir ki, rəsmi Moskva Azərbaycanda yeni etnik münaqişə ocaqları yaratmaq üçün əməli fəaliyyətə keçib.

Vasif Həsənli

AzNews.az