“Metsamor region üçün böyük təhlükədir” - Əliyevin sammitdəki çıxışının tam mətni + Video

“Biz azərbaycanlılar qaçqınlığın və məcburi köçkünlüyün nə demək olduğunu çox yaxşı bilirik”.


AzNews.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev İstanbulda keçirilən Dünya Humanitar Sammitindəki çıxışı zamanı deyib. Ölkə başçısı 20 ildən çoxdur ki, bir milyondan artıq azərbaycanlının Ermənistanın hərbi təcavüzündən və işğalından əziyyət çəkdiyini bildirib: "Bu təcavüz nəticəsində bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilib.

Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı törədib. 1992-ci ildə Ermənistanın törətdiyi Xocalı soyqırımı ondan artıq ölkə tərəfindən soyqırımı kimi tanınıb. Xocalı soyqırımı nəticəsində 613 mülki şəxs qəddarcasına qətlə yetirilib. Onların arasında 106 qadın, 63 uşaq, 70 yaşlı insan olub. Mindən artıq adam itkin düşüb. Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirir".

Dövlət başçısı aprel döyüşlərindən də danışıb: "2016-cı ilin aprelində Ermənistan dinc Azərbaycan vətəndaşlarına qarşı yeni hücum həyata keçirdi. Bu hücum nəticəsində bizim əsgər və zabitlərimiz, o cümlədən 6 mülki şəxs qətlə yetirilib, 30-dan artıq mülki şəxs yaralanıb. Bizim kəndlərimizin atəşə tutulması nəticəsində 500-dən artıq evə ziyan dəyib, 100-dən çox ev tamamilə dağıdılıb və yandırılıb. Ermənistan ordusu mülki şəxslərə qarşı qadağan olunmuş kimyəvi silahdan, xüsusilə ağ fosfor bombalarından istifadə edib".

İlham Əliyev bildirib ki, Ermənistan tərəfindən törədilən bütün müharibə cinayətləri sənədlərlə sübuta yetirilib və beynəlxalq müşahidəçilərə təqdim olunub: "Mülki əhalimizi qorumaq üçün Azərbaycan Ordusu uğurlu əks-hücum həyata keçirdi və yalnız bundan sonra təcavüzkar dayandırıldı. Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə məhəl qoymur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayonu işğal olunub. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, hətta bir neçə saat ərzində icra edilir. Bizə gəldikdə isə onlar 20 ildən çoxdur kağız üzərində qalır. Bu, Azərbaycana qarşı ikili standartlar siyasətidir. Ermənistan bu qətnamələrə əməl etməli və ya bu ölkəyə qarşı sanksiya tətbiq olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir".

Prezident İlham Əliyev Metsamor Atom Stansiyasının təhlükəsindən bəhs edib: "Bütün region üçün başqa bir təhlükə mənbəyi Ermənistandakı istismar müddəti başa çatmış Metsamor Atom Elektrik Stansiyasıdır. Ermənistanın radioaktiv tullantılardan qanunsuz istifadə etməsinə dair məlumatlar var. Sabiq baş nazir, parlament üzvü və digər Ermənistan rəsmiləri bu ilin aprelində Ermənistanın "çirkli bomba" adlandırılan nüvə silahına malik olduğunu bəyan ediblər. Bu bəyanat müvafiq beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Ermənistanın nüvə təhdidi və şantajına son qoyulmalıdır. Azərbaycan səbəbkarı Ermənistan olan humanitar fəlakətin fəsadlarının öhdəsindən gəlmək üçün əlindən gələni edir".

İlham Əliyevin sözlərinə görə, bizim qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün 6 milyard dollardan artıq vəsait sərf olunub: "Qaçqın və məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi 75 faizdən 12 faizə endirilib. Ümumilikdə, son 12 ildə Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə enib. Azərbaycan oxşar problemlərdən əziyyət çəkən ölkələrə yardım edir və edəcək. Biz BMT-nin Ebola virusu ilə mübarizə və bərpa tədbirlərinə maddi yardım ayırmışıq. Biz əhalinin qabaqcadan xəbərdarlıq sistemi və fəlakət riski ilə bağlı informasiyaya çıxışını təmin etmək üçün müvafiq təsisatlar və maraqlı tərəflər arasında əməkdaşlığın təbliğinə sadiqik".