“Onu partiyada saxlamaq üçün partiyaya salıb, qapını bağlayacam?”

Parlamentarilərin bir müddət əvvəl Milli Məclisdə "Siyasi partiyalar haqqında" qanunda səs verdikləri əlavə və dəyişikliklər müxalifət liderləri tərəfindən birmənalı qarşılanmır. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu AzNews.az-a deyib ki, bu qanun çox gülməlidir. Ona görə ki, orada yazılır ki, vətəndaşları zorla, güclə partiyalarda saxlayırlar.

"Politoloji baxımdan məcburən məcburetmə imkanları yalnız hakimiyyətə xas imkandır. Axı mənim əlimdə hansı resurslar var ki, mən bunu edim? Mən vətəndaşı işdən qovacağammı, əməkhaqqını, pensiyasını kəsəcəyəmmi ki, onu məcbur partiyada saxlayım?" - deyən S.Cəlaloğlu bildirib ki, vətəndaş gəlib öz ərizəsini verib hansısa partiyaya qəbul olunacaq və bir şifahi bəyanatla da təşkilatdan gedəcək: "Belə çıxır ki, mən onu partiyada saxlamaq üçün partiyanın qərargahına salıb qapını bağlayacam? Bizim partiyanın nizamnaməsinə görə vətəndaşın yazılı və şifahi bəyanatı onun partiyadan çıxmasına əsas verir".

Müxalifət partiyasına bunun heç bir aidiyyəti olmadığını vurğulayan
S.Cəlaloğlunun sözlərinə görə, müxalifət partiyasının hansısa məmurun qarşısında şərt imkanı da yoxdur: "Axı müxalifətin məmurları, dövlət büdcəsindən maaş alan insanları zorla "işdən qovaram", "maaşını kəsərəm" və digər məcburetmə vasitələri də yoxdur ki, onları öz təşkilatlarında saxlasınlar".

Gültəkin Qəhrəmanlı
AzNews.az