Söyün Sadıqov ermənilərlə bəyanat imzaladı

Noyabrın 23-də Moskvada "Rusiya Erməniləri İttifaqı" Ümumrusiya İctimai Təşkilatının prezidenti Ara Abramyan və "AzərRos" Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyatının prezidenti Söyün Sadıqov arasında görüş keçirilib. AzNews.az-ın "Rusiya Erməniləri İttifaqının" informasiya portalına istinadən verdiyi xəbərə görə, danışıqların və geniş görüşün nəticəsi olaraq birgə bəyanat imzalanıb.

Bəyanatda qeyd olunur ki, ermənilər və azərbaycanlılar əsrlər boyu çiyin-ciyinə yaşayıb işləyiblər: "Bizim respublikalar arasında isə bir zamanlar dostluq münasibətləri olub. Çox təəssüf ki, iki onillikdən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki dövlətin münasibətlərində təzadlar yaranıb. Bu hal bizim tarixi vətənimizlə yanaşı regionun təhlükəsizliyi məsələsində də özünü büruzə verir".

Daha sonra bəyanatda qeyd olunur ki, xalqlar arasındakı münaqişə yalnız sülh yolu ilə öz həllini tapmalıdır.

Ara Abramyanın və Söyün Sadıqovun birgə imzaladıqları bəyanatda hətta müəyyən təkliflər də var. Təklif olunur ki, "Rusiya Erməniləri İttifaqı" ilə "AzərRos" bazasında yuxarıda qeyd olunan məsələlərin müsbət yöndə həll olunması üçün birgə İşçi Qrupu yaradılsın və hər ay Moskvada idman, təhsil və mədəniyyət sahəsində ictimai səmərəli tədbirlər təşkil olunsun.

Eyni zamanda təklif edilir ki, Soçidə Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinə müraciət əsasında iştirakçı tərəflərdən 50 nəfər olmaqla (hər ölkədən) Azərbaycan-Ermənistan mədəniyyət dialoqu təşkil olunsun.

Bəyanatın sonunda bildirilir ki, Rusiyada yaşayan erməni və azərbaycanlılar dostluq və qonşuluq münasibətlərinin bərpası istiqamətində səylərini əsirgəməsinlər.

İnci
AzNews.az