Qabil Hüseyinli: “ATƏT-in Minsk Qrupu özünü tükətmiş qurumdur” Qabil Hüseyinli: “ATƏT-in Minsk Qrupu özünü tükətmiş qurumdur”

«Qarabağa Roza Lüksemburq təklifi tətbiq edilir» - MÜSAHİBƏ

Qabil Hüseyinli: “ATƏT-in Minsk Qrupu özünü tükətmiş qurumdur”



Azərbaycanla Ermənistan arasında işğal probleminin 20 ildir "çözümünü" tapa bilməyən ATƏT-in Minsk Qrupu həmsədrləri yenidən regiona təşrif buyurublar. Bu illərdə danışıqlar masasına çıxarılan, irəli sürülən "həll" təkliflərinin adları da bir-birinə qarışıb. Bu qarışıqlığa baş vuranda hərdən adamın gözünə beynəlxalq yanlışlıqlar da tuş gəlir. Məsələn, ATƏT-in Minsk Qrupu ortaya çıxarılandan vasitəçilərin əldə bayraq etdikləri "xalqların öz müqəddəratını təyinetmə hüququ"na BMT-nin proqram xarakterli sənədlərində rast gəlinmir. Hazırda danışıqlar masasına çıxarılan və "Yenilənmiş Madrid prinsipləri" adlanan sənəddə də israrla bu məqamın üzərində dayanılır. İddia olunur ki, ərazi bütövlüyünün təmini ilə "xalqların öz müqəddəratını təyinetmə" məsələsi ziddiyyət təşkil etmir.
Xatırladaq ki, ATƏT-in Minsk Qrupu BMT-nin göstərişinə əsasən formalaşdırılıb. Belə olan halda vasitəçi dövlətlər hansı səbəbdən BMT sənədlərində yer almayan ifadəni, özü də hansısa dövlətin ərazisinin mənimsənilməsinə əsas yaradan prinsipi müzakirəyə çıxarır? Bəs işğala məruz qalan dövlət olaraq Azərbaycan niyə və nə üçün belə bir son dərəcə zəruri olan məqama göz yumaraq, müzakirəsində iştirak edir? Danışıqlar başlanan ilkin dövrlərdə dövlət müşaviri postunu tutan Qabil Hüseyinli AzNews.az-ın bununla bağlı suallarını cavablandırıb.

- "Xalqların öz müqəddəratını təyinetmə" məsələsinə BMT-nin proqram xarakterli sənədlərində rast gəlinmir. BMT-nin göstərişinə əsasən formalaşdırılan ATƏT-in Minsk Qrupu niyə belə yanlışlığa yol verir və hansı səbəbdən rəsmi Bakı bununla razılaşır?

- Bu, bir tərəfdən bilməməzlikdən irəli gəlirsə, digər tərəfdən də Rusiyanın təzyiqləri nəticəsində meydana çıxır. İlk dəfə "xalqların öz müqəddəratını təyinetmə hüququ"nu beynəlxalq hüququn bir norması kimi çərçivə sazişinə daxil edəndə onu hazırlayan da Rusiyanın birinci həmsədri Vladimir Kazimirov olub. Bu gün ATƏT-in Dağlıq Qarabağ probleminin həllinə dair təqdim olunan sənədlərin böyük əksəriyyəti Kazimirov və onun komandasının, bütövlükdə Rusiyanın əlinin altından çıxıb. Açığı, ilk vaxtlar biz özümüzə onunla təsəlli verirdik ki, "xalqların öz müqəddəratını təyinetmə hüququ" XIX əsrdə Roza Lüksemburq tərəfindən irəli sürülüb və bu hər şeydən əvvəl imperiya əsarəti altında yaşayan xalqların öz müqəddəratını təyin etməsinə aiddir. Yəni bu ideya ilk dəfə demokratların və kommunistlərin irəli sürdüyü və imperializmin müstəmləkə sisteminə qarşı yönəlmiş, onu laxlatmağa xidmət edən tezislərdən biri olub. Təəssüflər olsun ki, o, sonradan beynəlxalq hüququn bir norması kimi də qəbul olundu. Amma 1975-ci ildə Helsinkidə soyuq müharibəni yumşaltmaq, kapitalizm və sosializm sistemləri arasındakı münasibətləri müəyyən bir pozitiv məcraya salmaq məqsədilə "Helsinki yekun aktı" imzalandı. Həmin sənəddə elan edildi ki, "xalqların öz müqəddəratını təyinetmə hüququ" artıq köhnəlib və tarixin müasir reallıqlarını özündə əks etdirmir. Bundan sonra ən öndə gələn prinsip ərazi bütövlüyü olmalıdır. II Dünya Müharibəsindən sonra formalaşmış sərhədlərin pozulmaması məsələsi beynəlxalq hüququn baş normasına çevrilməliydi.

- Bəs niyə çevrilmədi?

- Təəssüflər olsun ki, sonradan elə bu qanunu yazanların özləri dəfələrlə bunu çeynədilər, ərazi toxunulmazlığı prinsipini pozdular. Sovet İttifaqının dağılması bu məsələlərdə bir nüans idisə, sonradan Kosova və ona bənzər başqa xırda dövlətlərin yaranmasına razılıq verilməsi də bu prinsipin daha kobud şəkildə pozulmasına gətirib çıxardı.

- Maraqlıdır, Azərbaycan niyə bununla razılaşır?

- Əlbəttə ki, Azərbaycan beynəlxalq hüququn bu iki prinsipi arasındakı məsələlərə diqqət verməli idi. "Madrid prinsipləri"ndə də, onun yeniləşmiş variantında da bu əksini tapıb. Gərək rəsmi Bakı bu iki prinsipin o sənədlərə salınmasına icazə verməyəydi, razı olmayaydı. O zaman amerikalı həmsədr Metyu Brayza deyirdi ki, biz bu iki prinsipi "mutasiya" edəcəyik. Yəni calaq edib bu iki prinsipdən hər iki tərəfi razı salan təklif irəli sürəcəklər. Şübhəsiz ki, bu boş-boş fikirlər idi və biz də ona cavab verirdik. Çünki bu prinsipləri calaq etmək mümkün deyil və ya o, ya da bu prinsip əsas götürülməlidir. BMT-də ərazi bütövlüyü və dövlətin bu quruma hansı ərazilərlə daxil olduğu həmişə qanuni ərazilər kimi tanınması məsələsi əsas prinsiplərindən biridir. Çox təəssüf ki, sonradan ATƏT özündən yenidən köhnəlib tamamilə mahiyyətini itirmiş müqəddəratı təyinetmə prinsipini Rusiyanın köməyilə gündəmə gətirdi.

- Dediniz ki, bu bir tərəfdən də bilməməzlikdən irəli gəlib. Axı dövlət probleminin həllini hansısa quruma həvalə edir. O zaman hökumətin beynəlxalq hüquqda əksini tapan məqamlardan məlumatı olmalıydı...

- Minsk prosesi 1993-cü ildən başlayıb. Yeni başlananda da müstəqilliyinə qədəm qoyan gənc ölkə kimi Azərbaycanın daxilində ciddi problemlər vardı. Nazirliklər, digər dövlət qurumları yerlərində oturuşmamışdı. Həmin dövrdə dövlətçiliyimizin möhkəmlənməməsindən istifadə edən Kazimirov çoxlu xəyanətlər edirdi. O, Bişkek protokoluna da Dağlıq Qarabağdakı qondarma qurumun adını salmışdı. Rusiya bütün vasitə və imkanlarla "Dağlıq Qarabağ"ın legitimliyinin tanınması üçün səy göstərirdi.

- Bəs digər həmsədrlər niyə buna imkan yaradırdı?

- Fransa üçün bu çox uyğun və əlverişlidir. Ona görə ki, Fransa da ermənipərəstdir. Amerika üçünsə problemin necə həll edilməsinin bir o qədər də əhəmiyyəti yox idi. Düzdür, son nəticədə digər iki həmsədrin dediklərini deyirdi, amma bəzən görürdün ki, fərqli fikirlər də səsləndirirdi. İndiyə qədər də ABŞ Azərbaycanın ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir. Baxmayaraq ki, Fransa və Rusiya bəzən fərqli mövqe nümayiş etdirirlər. Bir sözlə, bütün bunlar onu göstərir ki, ATƏT-in Minsk Qrupu özünü tükətmiş qurumdur.

- Görünən odur ki, həmsədr ölkə kimi ABŞ digər vasitəçilərin gəldiyi rəylə kifayətlənir...

- Xeyir. Sadəcə olaraq ABŞ bu problemin həllini Rusiyanın ixtiyarına buraxmışdı və ümid edirdi ki, Rusiya ermənilərə olan təsirindən istifadə edərək məsələni ədalətli şəkildə çözməyə çalışacaq. Bir də nəzərə alaq ki, böyük dövlətlərin bir üzdə, bir də arxada olan sifətləri var. Onlar bütün məsələlərdə özlərinin dövlət maraqlarını, strateji maraqlarını həmişə güdürlər. Eyni zamanda da aralarında gizli sövdələşmələrə gedirlər. Tutaq ki, Cənubi Qafqazla qoy Rusiya məşğul olsun. Biz isə ərəb ölkələri ilə məşğul olaq. Belə bir bölgünün olması da istisna deyil. Rusiyanın bundan istifadə edərək həmin prinsipləri ATƏT-ə qəbul etdirdiyini cəsarətlə söyləmək mümkündür. Bax belə bir dolaşıq mənzərəni yaradıblar. Bizsə bu düyünləri açmaq üçün kifayət qədər üsullara əl ata, tərəfdar toplaya bilmirik. Məhz ona görə problemin həll danışıqları ATƏT-in nəzarətindən çıxararaq, BMT müstəvisinə gətirilsin. Azərbaycanda bu mövqeyin tərəfdarları çoxdur. Ona görə də gec-tez bu fikrə qayıtmalı olacağıq.

Gültəkin Qəhrəmanlı
AzNews.az