“Bu mövzuda yazılara mənim tərəfimdən heç bir cavab verilməyəcək” “Bu mövzuda yazılara mənim tərəfimdən heç bir cavab verilməyəcək”

Melkonyanın başını kəsən döyüşçü bəyanat verdi

“Bu mövzuda yazılara mənim tərəfimdən heç bir cavab verilməyəcək”



Birinci qrup Qarabağ müharibəsi əlili, "Azərbaycan Bayrağı" ordenli İbad Hüseynov bəyanatla çıxış edib. Keçmiş döyüşçü bəyanatında erməni terrorçusu Monte Melkonyanın kim tərəfindən öldürülməsi ilə bağlı müzakirələrə son qoyulmasına çağırıb.

İ.Hüseynov son vaxtlar bəzi mətbu orqanlarda müxtəlif məqsədlərə xidmət edən, əsassız və heç bir məntiqə uyğun olmayan yazılara etiraz edərək bu cür yazıların çaşqınlıq yaratmaq məqsədi daşıdığını bildirib: "Mən Qarabağda döyüşmüş, torpaqlarımızın müdafiəsi uğrunda canından və qanından keçmiş bütün soydaşlarımızla hər zaman fəxr etmişəm və hesab edirəm ki, onların hər biri ayrı-ayrılıqda qəhrəmandırlar. Bütün şəhidlərimizin müqəddəs ruhları qarşısında dərin ehtiramla baş əyirəm və hesab edirəm ki, torpaqlarımızı müdafiə etmək, vahid düşmənə qarşı vuruşmaq, eyni məqsəd uğrunda mübarizə aparmaq ilk növbədə bizim kişilik və vətəndaşlıq borcumuzdur. Hər zaman bu istiqamətdə kiminsə fəaliyyətinin həddindən artıq şişirdilməsinin və ya kimlərinsə layiq olduğu dəyər və qiymətinin üzərinə kölgə salınıb şübhə altına alınmasının qəti əleyhinə olmuşam".

İ.Hüseynov terrorçu Monte Melkonyanın məhv edilməsi ilə bağlı irəli sürülən iddiaların tamamilə yersiz olduğunu bildirərək bunu "erməni dəyirmanına su tökənmə" kimi qiymətləndirib: "Müxtəlif maraqlara xidmət edən bəzi üzdəniraqlar, hətta mənim adımdan istifadə edərək bu mübahisənin dərinləşməsi üçün yazılı və elektron informasiya vasitələrində yazılar yerləşdirməklə bu cür, ucuz olduğu qədər də təhlükəli mübahisənin qızışdırılmasına rəvac verirlər. Çünki, burada əsas və gizli məqsəd Azərbaycan əsgərinin qəhrəmanlığını, onun hər şeydən yüksəkdə dayanan ləyaqətinin şübhə altına alınmasından, böyüməkdə olan gənc nəsildə yanlış fikirlərin formalaşdırılmasından ibarətdir".

Qarşıda daha vacib işlərin olduğu bir zamanda İ.Hüseynov bu mövzuya birdəfəlik son qoyulması tərəfdarı olduğunu vurğulayıb: "Bu mövzuda dərc olunacaq yazılara mənim tərəfimdən heç bir cavab və açıqlama verilməyəcək. Qarabağ müharibəsi veteranlarından, keçmiş döyüş yoldaşlarımdan, eyni zamanda ətrafımda olan insanlardan xahiş edirəm əsas məqsədi yanlış fikir formalaşdırmaqla Qarabağ müharibəsi iştirakçıları arasında parçalanmaya və cəmiyyətdə ciddi qarşıdurmaya səbəb olan bu tip yazılara hər hansı şəkildə münasibət bildirməsinlər".

Elnarə Əlosmanqızı
AzNews.az