“AMİP partiya olaraq seçkilərə qatılacaq” “AMİP partiya olaraq seçkilərə qatılacaq”

Etibar Məmmədov seçkilərə təkbaşına gedəcək

“AMİP partiya olaraq seçkilərə qatılacaq”




"Biz hakimiyyəti dəyişməyin yolunu seçkilərdə görürük. Ona görə də partiyamız birmənalı şəkildə seçkilərə qatılacaq". Bu sözləri AzNews.az-a açıqlamasında Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə deyib.

Seçkilərlə bağlı partiyanın yekun qərarı martın birinci ongünlüyündə bəlli olacağını deyən partiya sədri qeyd edib ki, həmin vaxt partiyanın Məşvərət Şurasının iclası keçiriləcək: "Həmin iclasda qurultayın keçirilməsi haqqında qərar veriləcək. Partiyanın seçkilərdə iştirakını qurultay müəyyənləşdirir. Biz əvvəlcədən bəyan etmişik ki, ölkədəki müxalifət partiyalarının inteqrasiyasına çalışırıq. Məqsədimiz odur ki, Azərbaycan müxalifəti seçkilərdə vahid mövqedən, platformadan çıxış etsin. Hazırki durumda gündəmdə olan budur. Çünki bu praktika Gürcüstanda, Ukraynada özünü doğrultdu. Ona görə də fəaliyyətimizi daha çox bu istiqamətə yönəldirik".

Y.Bağırzadə vurğulayıb ki, müxalifət seçkilərdə vahid platformadan çıxış etməsə, AMİP partiya olaraq seçkilərə qatılacaq: "Seçkilərə qədər müxalifətin birlik formatı müəyyənləşməsə, AMİP seçkilərə təkbaşına gedəcək. Bu da bir başa olaraq partiyanın nizamnaməsində göstərildiyi kimi keçiriləcək qurultaydan asılıdır"

İlkin
AzNews.az