Vitse-spiker: “Müxalifətlə razılaşmaq mümkündür” – Müsahibə

“Azərbaycanda eksperiment nəyə lazımdır ki, yalnız ona görə ki, kimlərsə prezident olmaq istəyir?”



"Müharibə vəziyyətində olan ölkədə ailələr orduya getməmək imkanı olan oğlanları seçirlər"


Milli Məclisin vitse-spiekeri Bahar Muradova AzNews.az-ın suallarını cavablandırıb.

- YAP funksionerləri ötən ilin son aylarında 2013-cü il prezident seçkisində İlham Əliyevin real namizəd olacağını bəyan etdilər. Prezidentin özü isə hələ ki, konkret mövqeyini bildirmədiyindən bunu hakim partiyanın təşəbbüsü kimi qəbul etmək olarmı?

-Bu, hakim partiya üzvlərinin, bütün təşkilatlarının və bütövlükdə Heydər Əliyev siyasətini dəstəkləyən qurumların, təşkilatların, vətəndaşların mütləq əksəriyyətinin mövqeyidir. Biz qarşıdakı 5 ildə də bu siyasəti uğurla həyata keçirən ilham Əliyevin dövləti idarə etməsini istəyirik və Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan müəyyən işlərin də məhz onun tərəfindən davam etdirilməsinin tərəfdarıyıq. Bu, bizim istəyimizdir, zamanında da partiyanın müvafiq qərarıyla özünün rəsmi təsdiqini tapacaq. O ki, qaldı bizim namizədimizin bu məsələyə münasibətinə, hər halda o özü bu məsələyə nə zaman münasibət bildirəcəyini hər kəsdən yaxşı bilir. Hesab edirəm ki, indidən buna o qədər də ehtiyac yoxdur. Bəlkə kimlərəsə Azərbaycandakı ictimai-siyasi təşkilatlar içərisindən öz rəqiblərinin kim olduğunu müəyyən etmək, yaxud da namizədliklərinə reaksiyanı öyrənmək üçün namizədliklərini indidən bəyan edirlər. Bu o demək deyil ki, seçkidə iştirak edəcək hər kəs bunu indidən bəyan etməlidir və rəsmən namizəd kimi iştirak edəcəyini təsdiqləməlidir. Bizim hər zaman özümüzə məxsus taktikamız olub və hər zaman ona sadiqliyimizi nümayiş etdiririk.

- Hakim partiya seçkiyə alternativ xatirinə alternativlərlə gedir, yoxsa özünün gücünə bərabər alternativ güc görür?

- Hər kəs ilk növbədə özünün bu mübarizəyə nə qədər hazır olduğunu, haqqı çatdığını, imkanının, sosial bazasının, maddi resurslarının cavab verdiyini müəyyən edir. Amma bu prosesdə kim onun qarşısına çıxacaq, kim özünü alternativ görəcək bu, hər kəsin öz işidir. Biz alternativ axtarışına çıxmırıq, biz ilk növbədə qarşımıza hədəf qoyuruq. Ölkəni qarşıdakı beş ildə idarə etmək hədəfini. Bu vəzifəni yerinə yetirəcək namizəd müəyyənləşdiririk. Həm bu namizədi müəyyənləşdirən siyasi partiya, həm də bu qərara razılıq verən namizəd ilk növbədə prosesə necə hazırlaşmaq, onu necə həyata keçirmək və sonda üzərinə götürdüyü öhdəliklərə, verdiyi vədlərə əməl etmək barədə düşünür. Hesab edirəm ki, real olan da budur və biz enerjimizi, gücümüzü qalib gəlmək üçün imkanların genişləndirilməsinə yönəltməyə çalışırıq. Azərbaycanda bu günə qədərki mövcud ictimai-siyasi mühit və oradakı iddialı şəxslər, iddialı siyasi dairələr hər kəsə bəllidir. Yeni, kimlərsə ola bilərsə biz onun üzərində də baş sındırmağa çalışmırıq.

- Deməli, real alternativ güc görülür...

- İstənilən halda bu yarışdır və bu yarışda təbiidir ki, hamı eyni namizədi, eyni mənada, eyni qaydada dəstəkləmir. Digər namizədlər də var və onlar alternativ kimi meydana çıxacaqlar. Amma mən onların alternativ güc ortaya qoyacaqlarına inanmıram. Bu gün və yəqin ki, yaxın gələcəkdə də belə olacaq, onların hamısının birlikdə bizim namizədimizə alternativ olacağını düşünmürəm. İnamım onadır ki, bunlar alternativ olaraq nə qədər çox ortaya çıxsalar, bir o qədər bizim qələbəmizi təmin edəcəklər.

-Amerika və Fransada keçirilən son seçkilərə bənzər, çox az səs fərqi ilə rəqibinə qalib gələcək seçkini Azərbaycanda nə zaman görmək mümkün olacaq?

- Bilirsiniz, onlar tamamilə fərqli mühitlərdir, fərqli ictimai-siyasi sistemdir, fərqli qanunlar, fərqli qaydalar mövcuddur. Azərbaycanda hələlik belə bir mühit yoxdur. Yəni partiyaların təmərküzləşməsi, ideyalar ətrafında birləşməsi, siyasi meyllərin məhz bu ideyalara uyğun formalaşması mühiti olmadığından bizdə həmin vəziyyətin yaranmasını yaxın zamanlarda gözləmək də sadəlövhlükdür. Amma buna baxmayaraq, düşünürəm ki, Azərbaycanda da bu proseslər getməlidir və artıq buna başlanılmalıdır. Yalnız onda biz dediyiniz ölkələrdəki kimi iki-üç partiya arasında gedəcək mübarizədən və elektoratın da buna uyğun bölünməsindən danışa bilərik.

- Hansısa qüvvə hakimiyyətə gəlmək, bir başqası isə əldə etdiyi hakimiyyəti qorumaq istəyir. Bu mənada doğrudanmı, hakim partiya rəqiblərinə qarşı hansısa problem yaratmır?

- Biz heç bir maneə yaratmaqla məşğul olmuruq, biz yalnız qarşımızda olan maneələri aradan qaldırmaqla məşğul oluruq və sonda da qələbə bizim olur. Hər kəs də bunu etməlidir. İqtidarda olmaq həm də ittiham obyekti olmaq deməkdir. Kimin nəyə gücü çatmırsa, hansısa hədəfinə çata bilmirsə, iqtidarı günahlandırır ki, o əlində olan bütün resurslardan istifadə edib buna nail oldu. Bu, bir qaydadır, təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə də belədir. Əlində administrativ resurslar olan elə ölkələr var ki, onlar həmin vasitələrdən istifadə etdikdə belə hakimiyyətlərini qoruyub, saxlaya bilmirlər. Deməli, əsas olan əldə resursların cəmlənməsi və ya ondan istifadə deyil. Əsas səbəb seçicilərin, elektoratın münasibəti, mövqeyidir.

- Neçə illik təcrübəyə əsaslanaraq, seçicilərin mövqeyində nəsə dəyişiklik görürsünüz?

- Azərbaycan seçiciləri 5-10 il əvvəl olduğu kimi məhz bu siyasətin, bu mövqenin olmasında maraqlıdır. Onların içərisində bu və ya digər məsələlərdən narazı olanlar da var. Hansı ki, həmin narazıları müxalifət yanlış olaraq özünün elektoratı hesab edir. Kimsə, nədənsə narazıdırsa, bu o demək deyil ki, onlar müxalifətin elektoratıdır. Əgər hakimiyyətdə olan, özü də çox qısa zamanda Azərbaycanı uğurdan-uğura aparan, çox böyük inkişafa gətirib çıxaran və hakimiyyətdə qalmaq şansını artıran işlər görən iqtidarın məmurunun bu və ya digər fəaliyyətindən narazılıq varsa, onda həmin narazı insanlar bu müxalifətin hansı işindən razı olmalıdır?

- Siz özünüz də narazı elektoratın varlığını etiraf edirsiniz...


- Əlbəttə ki, var və bunu heç kəs də inkar etmir. Kimsə təqaüdə göndərilib, kiminsə maaşı aşağıdır, kimsə vaxtında sağlamlığını qorumaq üçün yardımını ala bilməyib, kimsə məhkəmədə hansısa işini uduzub... Amma bu o demək deyil ki, həmin insanlar Azərbaycanda hakimiyyətin dəyişməsini və yaxud da bu siyasətin dəyişməsini istəyən insanlar kateqoriyasına aiddir. Ola bilər ki, bu narazı insanlar müxalifətin keçirdiyi bəzi tədbirlərdə iştirak edib, onun şüarlarını "bəli, sən düz deyirsən" deyə alqışlasın. Amma əminəm ki, seçici elektoratının əksəriyyəti Azərbaycanın ümumi maraqları baxımından namizədləri dəyərləndirir. Seçki məntəqəsinə gələndə də bir tərəfdə uzun müddət ərzində Azərbaycanı irəliyə aparmağın konkret nümunəsini, konkret şəxsi, onun əməllərini, digər tərəfdə isə neçə illik danışıqdan o yana getməyənləri görür.

- Hakimiyyətdə olmadıqları halda "danışan tərəf " dediklərinizdən çox şeylərin gözlənilməsi nə dərəcədə doğrudur?

- Əvvəla bu insanlar hakimiyyətdə olublar.

- Bir illik hakimiyyətdən çox şeylər ummaq nə dərəcədə doğrudur?


- Bilirsiniz bir partiya, bir düşərgə daxilində problemlərini həll etmək iqtidarında olmayan və hətta ölüm ya qalım kimi qəbul etdikləri liderlik məsələsində bir-birinə güzəştə getməyi bacarmayanları istənilən seçici obyektiv dəyərləndirir. Seçici, vətəndaş görür ki, bu neçə illərdə həmin partiyalar nə sayını artırıb, nə siyasəti, nə lideri, nə taktikası dəyişib. Dünya, insanların şüuru, geyim tərzi, hər şey dəyişir, amma bunlar dəyişmir. Azərbaycanda eksperiment nəyə lazımdır ki, yalnız ona görə ki, kimlərsə prezident olmaq istəyir? Dəyişiklik hissi insanların həyatında olmalıdır və bu hiss insanların həyatında reallaşanda qəbul olunur.

- Sizcə seçki ilində iqtidarla müxalifət münasibətlərində hiss olunan gərginliyin aradan qaldırılması baxımdan normal dialoq baş tutacaqmı?

- Axı siz absurd bir şeyi təklif edirsiniz, çox absurd bir şeydi.

- Nədir absurd olan?

- İqtidarda və müxalifətdə olan qüvvələr var, ortada da konkret hədəf durur: seçilmək və yenidən seçilmək. Belə olan halda vahid mövqeyə gəlinməsi nə deməkdir? Biz hamımız yığılıb namizədmizi irəli sürməliyik, yaxud da bir masa arxasında üz-üzə oturub bazarlıq nəticəsində Azərbaycandakı "siyasi hakimiyyət piroqunu" qabaqcadan bölüşməliyikmi? Bəs qanunlar, bəs seçki qanunvericiliyi, bəs Azərbaycan vətəndaşlarının mövqeyi harda qalır? Sualın mahiyyətində bu dayanırsa, biz buna getməyəcəyik. Çox təəssüf ki, elə mahiyyətdə də bu dayanır. YAP da daxil olmaqla seçkiyə qoşulan bütün partiyalar qanun çərçivəsində fəaliyyət göstərməli və bu prosesi icra edənlər də qanunlara riayət etməlidir. Əgər hansısa etik razılaşmadan, bir-birinə qarşı "qara piar"dan istifadə etməkdən, bir-birini gözdən salacaq kampaniyadan söhbət gedirsə, bəli belə bir centelmen razılaşması ola bilər.

- Hətta hakimiyyəti müdafiə edənlərin belə inqilab ola biləcəyini istisna etmədiyi halda iqtidar-müxalifət münasibətlərindəki düşmənçilik atmosferini aradan qaldırılması daha yaxşı olmazdımı?


- Bir qrup adam çox istərdi ki, Azərbaycanda inqilab olsun. Çünki onlar qanunlara riayət etmək yolu ilə vəziyyəti dəyişmək iqtidarında olmadıqlarını bilirlər. Ona görə də ya zəlzələdən, ya vəlvələdən qarışıqlıq düşməsini istəyirlər. Onlar belə hesab edirlər ki, qarışıqlıq yaranarsa prosesdən onlara da pay düşə bilər. Amma unudulur ki, bu, elə bir prosesdir ki, o, ölkənin içərisindən təkan almalıdır. Daxildə inqilab mühiti yoxdursa, mütləq əksəriyyət müxalifətin deyil, hakimiyyətin tərəfindədirsə, onda heç nə dəyişməyəcək.

- Hesab edirsiniz ki, ölkədə insanların sosial-iqtisadi durumu yüksək səviyyədədir?

- Azərbaycanda bir çox faktorlar baxımdan daha çox narazı olanlar ev-eşiyindən, yurd-yuvasından didərgin düşmüş qaçqın və məcburi köçkünlərdir. Bu insanlar çox ağır vəziyyətdədirlər, baxmayaraq ki, hakimiyyət müəyyən qədər vəziyyəti yaxşılaşdırmağa nail olub, amma hələ ki, hamının problemi aradan qaldırılmayıb. Gedin o insanlardan soruşun, görün onlar Azərbaycanda inqilabın olmasını, hakimiyyətin dəyişməsini, müxalif liderlərin seçilməsini istəyirlər?

- İmkanlı azərbaycanlıların Moskvada yaratdıqları ittifaqı iqtidarın bu qədər narahatlıqla qarşılaması nəylə bağlıdır?

- Baş verənlərdən hakimiyyətin narahat olması barədə fikirlər iqtidardan qaynaqlanmır. Bunu efirə buraxan və onun ətrafında məsələləri şişirdən qeyri-hakimiyyət dairələridir. Hakimiyyət komandasında təmsil olunan şəxs kimi çox istərdim ki, Rusiya kimi böyük bir ölkədə həm azərbaycanlıları bir araya gətirmək və həm də Azərbaycanın hədəflərinə yardım baxımdan vahid əlaqələndirmə, koordinasiya mərkəzi olsun. Belə bir mərkəz var və bu günə kimi uğurla fəaliyyətini davam etdirir. Bu mərkəzin işini gücləndirmək daha məqsədəuyğun olardı, nəinki, başqa bir qurum yaratmaq, onun ətrafında bu qədər ajiotaja səbəb olmaq. Hesab edirəm ki, onlar bu addımı atanda belə nəticələnəcəyini düşünməyiblər. Yaxşı düşündükləri bir iş, yumşaq desək, müsbət nəticəni verməyib. Bunu heç kim hakimiyyət mövqeyi kimi qələmə verməsin, bu, mənim şəxsi mövqeyimdir. Hesab edirəm ki, onların bu yanlışlığı aradan qaldırmaq üçün vaxtları və imkankarı var. Biz nəinki, Rusiyada, ABŞ-da, eləcə də digər böyük ölkələrdə ən müxtəlif təşkilatların vahid bir mövqedə olmalarını, işlərini koordinasiya etmələrini istəyirik. Amma hansısa başqa bir təşkilat yaradıb mövcud olanların işini gözdən salacaq fikirləri yaymaq ümumi işimizin xeyrinə deyil.

- Əgər iddia olunduğu kimi bu qurum şəxsi təşəbbüsün deyil, Rusiyanın maraqlarının ifadəçisi olaraq ortaya çıxırsa, o zaman Azərbaycanın Rusiyaya normal münasibəti fonunda Kreml daha nə istəyir?

- Bu sualı həmin o dairələrə versəniz daha düzgün olar. Mən konkret deyə bilmərəm ki, Rusiya bizdən nə istəyir. Ona görə ki, bu və digər səviyyələrdə həm öz fəaliyyətim, həm də ölkəmizin rəsmi qurumlarının qarşılıqlı təmaslarındakı münasibətlər bizi qane edir və bunu rəsmi səviyyədə prezidentlərimiz də dəfələrlə vurğulayıblar, həll oluna bilməyən məsələnin olmadığını bəyan ediblər. Bunun özü çox böyük məsələdir və ona görə də rəsmi mövqelərə üstünlük verilməsinin tərəfdarıyam. Rusiya vətəndaşı olan və bu ölkənin müxtəlif sahələrində yaxından iştirak edənlər hansısa təşkilat da yarada bilərlər, biz bunu heç kəsə qadağan da etməmişik. Əgər bu iştirak bir vətəndaş kimi öz ölkəsində müəyyən problemlərin aradan qaldırılmasına xidmət edirsə və Azərbaycanla münasibətlərə yardım göstərirsə, biz bunu alqışlayırıq. Yox əgər bu, hansısa şəxsi maraqların həyata keçirilməsinə yönəlirsə, biz buna mənfi münasibətimizi bildiririk.

- Ermənistanın arxasında Rusiyanın dayandığını nəzərə alanda rəsmi Bakının müharibə bəyanatları da birmənalı qarşılanmır...

- Biz imkanlarımızı dəyərləndirərək çıxışlar edirik. Söhbət işğal olunmuş ərazilərimizdə bütövlükdə Azərbaycan vətəndaşlarının pozulmuş hüquqlarının bərpasından gedir. Zorla Qarabağı Azərbaycandan qoparmağa çalışan qüvvələr də bunu bir daha düşünsünlər. Rusiya faktoruna gəlincə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi Ermənistana dəstəyin verilməsi barədə öhdəlik əgər Ermənistan ərazisinə qarşı hər hansı təhlükə olarsa, yerinə yetirilə bilər. Bunun bəyan edilməsinin Azərbaycanın həm əraziləri, həm də vətəndaşlarının pozulmuş hüquqlarının bərpası ilə əlaqədar atılacaq addımların heç bir əlaqəsi yoxdur. Rusiya öz ərazisində anti-terror əməliyyatı keçirdiyi kimi, Azərbaycanın da belə bir hüququ var və ondan istifadəyə görə Rusiya tərəfindən hücuma məruz qala biləcəyimiz qəribə görünür. Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirərkən sərhədlərimizdən kənarda kimsə bizə hücum edərsə, ona veriləcək cavabımız da var.

- Qarşıya qoyulan məqsədə aparan yol ordudan keçir. Azərbaycan ordusunda niyə neqativ hallar baş verir, niyə bu məsələ həllini tapmır?

- Ola bilər ki, nizamnamənin tələbləri baxımından müəyyən problemlər olsun. Bunu ayrı-ayrı vəzifə səlahiyyətli şəxslərin ya səhlənkarlığı, ya diqqətsizliyi, yaxud da vəzifəyə uyğunsuzluğu ilə əlaqələndirə bilərəm. Digər tərəfdən də hərbi xidmətə göndərilən gənclərin səviyyəsi də nəzərə alınmalıdır. Mən başqalarından fərqli olaraq 500 metrlik məsafədə yerləşən ən ucqar nöqtələrdə yerləşən səngərlərə qədər gedirəm. Həmin görüşlərdə də ən müxtəlif vəzifəli hərbçilərlə söhbətlərdə bütün bu məsələlərdən narahat olduqlarının, problemlərin aradan qaldırılması üçün cəmiyyətdən dəstək gözlədiklərinin şahidi oluram. Amma onların cəmiyyətdən gözlədikləri bu dəstək yoxdur. Gəlin, biz bu məsələnin üzərində baş sındıraq və ilk növbədə övladlarımıza vətəni qorumaq borcunu layiqincə təlqin edə bilək. Hərbi xidmətin "kişilik məktəbi" olduğunu övladlarımıza anlatmalıyıq ki, ondan sonra da onların uğur qazanacağına əmin olaq. Gərək Azərbaycanda hərbi təlim keçməyənlərə qız verməsinlər. Amma təəssüflər olsun ki, müharibə vəziyyətində olan ölkədə ailələr orduya getməmək imkanı olan oğlanları seçirlər.

- Bəlkə ordudakı problemlər belə bir vəziyyətin yaranmasına səbəb olub?

- Xeyr, bunu təkcə ordu ilə bağlamaq düzgün deyil. Azərbaycan ordusu müharibə şəraitində, səngərdə yaranıb formalaşıb. Bizimkilər düşmənlə, ölümlə real təhlükə ilə üz-üzə hərbi təlim keçirlər. Bunun özünün bütövlükdə hərbi kontingentdə doğurduğu çoxsaylı psixoloji problemlər, yaratdığı gərginliklər var. Əldə silah səngərdə dayanmaq asan məsələ deyil. Hər kəsin də sadaladığım məqamlara dözümlülük göstərdiyini düşünmək mümkün deyil.

- Necə düşünürsünüz: orduya ictimai nəzarəti gücləndirməklə problemlərin qarşısını almaq olmazmı?

- Ordunu ittiham etməzdən əvvəl onun problemləri ilə maraqlanmaq, ünsiyyətdə olmaq, yanında olmaq lazımdır. Hər kəs anlamalıdır ki, oğlunun xidmət etdiyi ordunun nüfuzunu qorumaq öz oğlunun nüfuzunu qorumaq deməkdir. İnsanlar müəyyən prosedur qaydalara riayət etməklə, hərbi hissələrə getməli, hər şeyi gözləri ilə görməli, əsgərlərin psixoloji durumları ilə maraqlanmalı, hətta böyük problemləri müvafiq qurumlara rəsmi şəkildə çatdırmalıdır. İctimai nəzarəti həyata keçirməyə xidmət edən addımların atılmasına ehtiyac var və bu cəmiyyətlə ordunun birliyini möhkəmləndirməyə kömək edər.

- Büdcədən hərbi sahəyə ayrılan vəsaitin onların həyatında təsiri necə, hiss olunurmu?

- Füzulidən Tərtərə qədər demək olar bütün səngərlərdə olmuşam. 5-10 il əvvəlki vəziyyətlə bugünkü arasında çox böyük fərq var və ən ucqar postda belə əsgərin yuyunması, isti yeməklə, rahat yataqla, istilik, işıq sistemi ilə təminatı həllini tapıb.

Gültəkin Qəhrəmanlı
AzNews.az