Müxalilət İsmayıllı olaylarına görə hakimiyyəti ittiham etdi

AXCP və Müsavat liderləri hadisəyə qiymət verdilər





İsmayıllıda baş verən xalq etirazına AXCP sədri Əli Kərimlidən reaksiya gəlib. Belə ki, Əli Kərimli hadisələr pik həddinə çatanda – qəzəblənmiş əhali icra başçısının evini və maşınlarını yandırandan və rayona daxili qoşunların cəlb olunduğu haqda xəbərlərdən sonra Facebook səhifəsində bunları yazıb: "Cəzasızlıq, ədalət məhkəməsinin olmaması, hakimiyyətlərin harınlığı xalqın nə vaxtsa öz məhkəməsini qurması ilə nəticələnir. İsmayıllıda olduğu kimi. Deyirdik axı, bu xalqın dözümlü olmasından sui-istifadə etməyin, əxlaqsızlığı ölkə boyu yaymayın. Fironluq etməyin. Eşitmədiniz...
İndi də xalqın üstünə öz oğullarını - əsgərləri göndərirsiniz. Növbəti səhvinizi edirsiniz. Elə bilirsiniz ki, hər yerdə güc tətbiqi sizin batan rejiminizi xilas edəcək? Hər bir icra hakimiyyəti başçısının, oliqarxın evi qarşısında hərbi hissə yerləşdirəcəksiniz? Boğaza yığılmış xalqı dinləmək, azğınlaşmış məmurları cəzalandırmaq lazımdır".

Müsavat Partiyasının başqanı İsa Qəmbər İsmayıllıda baş verən hadisələri musavat.com-a şərh edib. O, deyib ki, narahatedici məlumatları diqqətlə izləyir: " Bu gün İP-in toplantısında da dedik ki, bu korrupsioner rejimin xalqa etdiyi zülüm haradasa bir gün partlamalıdır, bu cür yarıtmaz idarəetməyə etirazlar ən müxtəlif formada təzahür edəcək. Hakimiyyət bütün bunlardan dərs almalı və xalqa qarşı repressiyalar haqqında deyil, xalqın haqlı tələblərini, istəklərini həyata keçirmək, o istqamətdə iş görmək haqqında fikirləşməlidir".