“Məruzəçinin hazırladığı hesabatın siyasi sifariş olduğu şübhə doğurmur” “Məruzəçinin hazırladığı hesabatın siyasi sifariş olduğu şübhə doğurmur”

Fuad Ələsgərov Ştrasseri günahlandırdı

“Məruzəçinin hazırladığı hesabatın siyasi sifariş olduğu şübhə doğurmur”




"Cənab Ştrasser məruzəçi kimi fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycana qarşı qərəzli mövqe, qeyri-peşəkarlıq nümayiş etdirib, dialoqdan qaçıb və konfrontasiya xətti yeridib. Bu cür münasibətin təbii nəticəsi absurd və hər cür tənqidə davamsız olan "hesabat"ən assambleya tərəfindən rədd edilməsi oldu". Bu sözləri APA-ya müsahibəsində Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

F. Ələsgərov bildirib ki, K. Ştrasserin bu hesabatı hazırlayarkən hansı materiallara əsaslandığı bəlli deyil: "Məruzəçi hesabatda göstərir ki, müxtəlif işlərlə bağlı qeyri-hökumət təşkilatlarından çoxlu sayda şərhlər, əlavə detallar, dəqiqləşdirmələr alıb. Şübhələnirəm ki, söhbət 2-3 yerli QHT-dən gedir. Bu informasiyaların nədən ibarət olduğu da bilinmir. Lakin hesabatın müxtəlif hissələrini müvafiq məhkəmə hökmləri ilə müqayisə edərkən məlum olur ki, bir çox halda bu informasiyalar qəsdən təhrif olunub. Məruzəçinin öz hesabatına daxil etdiyi şəxslərdən bir qismi heç məhkum olunmayıb, bəzi şəxsləri isə nəinki təcridxanalar və ya penitensiar müəssisələrdə, hətta Azərbaycanda belə tapmaq mümkün olmayıb, belə insanlar ümumiyyətlə, yoxdur".

F. Ələsgərov qeyd edib ki, hesabata bəzi "köhnə işlər"in daxil edilməsi absurdluğun zirvəsidir: "Belə işlərin sayı 20-dən çoxdur. On il əvvəl bu işlər müstəqil ekspertlər tərəfindən nəzərdən keçirilib. Ştrasser bir tərəfdən ekspertlərlə razılaşır ki, həmin şəxslər siyasi məhbus deyil. Onların hamısı "qeyri-siyasi" və zorakı cinayətlərə görə məhkum olunub. Ekspertlərin rəyi əsasında bu işlər illər öncə qapadılıb. Lakin buna baxmayaraq, məruzəçi həmin şəxsləri "siyasi məhbus olduğu ehtimal edilənlərin ümumi siyahısı"na daxil edib və israr edib ki, həmin şəxslər ya azad olunmalı, ya da onların işinə yenidən baxılmalıdır".

F. Ələsgərovun fikrincə, K. Ştrasserin hesabatının siyasi sifariş olduğu şübhə doğurmur. Onun sözlərinə görə, hesabatın Hüquqi məsələlər və insan haqları Komitəsində hazırlanmasına baxmayaraq, bu sənədin hüquq və məntiqlə əlaqəsi yoxdur: "Kristofer Ştrasser Azərbaycana qərəzli münasibətini dəfələrlə nümayiş etdirib. Onun Avropa Şurası Parlament Assambleyasının məruzəçisi statusu ilə bir araya sığmayan müsahibə və açıqlamalarını xatırlatmaq kifayətdir. Avropadakı müəyyən dairələrin, xüsusən Almaniyanın hesabata səs vermələri üçün AŞPA rəhbərliyi və üzvlərinə göstərdiyi təzyiq də bu hesabatın siyasi məqsədli olduğunu ortaya qoyur. Faktiki olaraq, məruzəçinin bütün işi və hazırladığı hesabat bizim ölkəmizə qarşı siyasi təzyiqin elementlərindən biriydi. AŞPA-nın iclasından sonra məruzəçi öz iflasını "insan haqları və Parlament Assambleyası üçün qara gün" adlandırıb. Əslində Avropa Şurasının insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyəti baxımından hər hansı dəyəri olmayan bu sərsəm sənədin qəbulu təşkilatın reputasiyasına sağalmaz zərbə vurardı və doğrudan da təşkilat üçün qara gün olardı. Hesabatın 40-dən artıq səs fərqi ilə rədd edilməsi göstərir ki, AŞPA-nın əksər üzvləri bunu çox gözəl anlayırdılar".

AzNews.az