Zəfər Quliyev: “Ermənistan-İran məsələsinə ABŞ açıq şəkildə qarışmır” Zəfər Quliyev: “Ermənistan-İran məsələsinə ABŞ açıq şəkildə qarışmır”

Qərb Ermənistanı Rusiya və İrandan “almağa çalışır”

Zəfər Quliyev: “Ermənistan-İran məsələsinə ABŞ açıq şəkildə qarışmır”




Ermənistan prezidenti Serj Sarkisyan deyib ki, ölkəsi İranla əməkdaşlığı yüksək qiymətləndirir və iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır. Bundan sonra da İranla əməkdaşlığı inkişaf etdirməkdə davam edəcəklərini vurğulayan erməni dövlət başçısı onu da əlavə edib ki, hansısa təzyiq onları bu yoldan çəkindirə bilməz:

"Tehranla əlaqələrimizin məhdudlaşdırılması üçün ABŞ və Qərbin İrəvana təzyiq göstərməsinə baxmayaraq, biz əməkdaşlığımızı inkişaf etdirmək niyyətindəyik. Ölkələrimiz arasında enerji, ticarət və iqtisadi sahələr üzrə müqavilələr imzalanıb. Mən bu anlaşmaların həyata keçirilməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm".

İşğalçı dövlət kimi Ermənistanın hansısa təzyiqlə üzləşmədiyini nəzərə alsaq, onda İranla əməkdaşlıqda rəsmi İrəvana qarşı belə bir addım başadüşülən deyil. Politoloq Zəfər Quliyev AzNews.az-az məsələni şərh edərkən deyib ki, Ermənistanın İranla münasibətləri kəsməsi Amerikanın tam geosiyasi maraqlarına uyğundur. Yaxud da mövcud əməkdaşlığın tədricən azaldılması istəyi təkcə İranla bağlı deyil, həm də Amerikanın regionda geosiyasi maraqlarının təmininə də xidmət edir:

"Aydındır ki, ABŞ-ın maraqları kontekstindən çıxış etsək, hətta Ağ Ev-in Ermənistanın Rusiya ilə əməkdaşlığı get-gedə azaltmasının, qərbyönümlü siyasət yolu seçməsinin tərəfdarı olduğunu görərik. Istəyirlər ki, Ermənistan bir çox prinsipial məsələlərdə Gürcüstan və son illərdə Azərbaycanın getdiyi Qərbyönümlü yolu tutsun. Ermənistan-Rusiya məsələsində Vaşinqtonun birbaşa açıq şəkildə İrəvana təsir göstərə bilmədiyi bəllidir. Bu da ilk növbədə onunla bağlıdır ki, Rusiyanın dünya siyasətindəki çəkisi yüksəkdir. Hər halda ABŞ-Rusiya münasibətlərə gərgin olsa da bu konfrantasion münasibət deyil, hər iki ölkə bir çox məsələlərdə əməkdaşlıq edir.

Buna görə də Ermənistan-İran məsələsində ABŞ açıq şəkildə qarışmır. Lakin Ermənistan-İran münasibətlərinə alternativ əməkdaşlıq variantlar təklifində maraqlıdırlar".

Z.Quliyev qeyd edib ki, 2009-cu ildə Türkiyə-Ermənistan münasibətləri, sərhədlərinin açılması təklifi elə-belə ortaya çıxmamışdı və bu, alternativ variantlardan biri sayıla bilərdi: "Qərb çox istəyirdi ki, Türkiyə vasitəsilə Ermənistanın xarici siyasətində dəyişiklik etməyə nail olsunlar və beləliklə də bu ölkəni Rusiya ilə İranın təsirindən çıxarmaq mümkün olsun. Əgər 2009-cu ildə başlanan və Surixdə imzalanan protokollar həllini tapsaydı, Ermənistan tamamilə başqa bir xətti tutardı. Beıə olan halda Cənubi Qafqaz regionu birbaşa Amerikanın təsirinə keçərdi. Lakin o zaman bu alınmadı və burada ilk növbədə İranın, Rusiyanın müdaxiləsi mühüm rol oynadı. Hazırda Ermənistanda prezident seçkilərinə hazırlıq prosesi yekunlaşır və bir-neçə gündən sonra seçki keçiriləcəyini nəzərə alsaq, onda yeni prezidentin bu tipli mesajları nəzərə almasını düşünmək olar".

Gültəkin
AzNews.az