İrandan Azərbaycan sərhədçilərinə qarsı ŞOK ittiham

“Əgər məsələ hədə-qorxu gəlməkdirsə, İranın hərbi qüdrəti daha böyükdür”



İran parlamentinin üzvü, Biləsuvar və Parsabadın parlamentdəki nümayəndəsi Höccətülislam Həbib Brumənd Azərbaycan sərhədçilərinə qarşı iddia ilə çıxış edib. Millət vəkili Azərbaycan sərhədçilərini sərhəd məntəqəsində təmizlik aparan və sərhəd divarlarında restavrasiya işləri həyata keçirən iranlı işçilərə silah tuşlamaqda və onları hədələməkdə günahlandırıb.

İran mətbuatına müsahibəsində bunu "xoş hərəkət" hesab etməyən deputat "Azərbaycan bu kimi təhrikedici hərəkətlər yerinə, yaxşı olar ermənilərin işğalında olan ərazilərin azadlığı üçün səylər həyata keçirsin. Əgər məsələ hədə-qorxu gəlməkdirsə, İranın hərbi qüdrəti daha böyükdür və dünyanın ən böyük hərbi qüdrətləri qarşısında duracaq qədər güclüdür" deyə vurğulayıb.

Millət vəkili Azərbaycan tərəfinin ləğv etdiyi sərhəd anlaşmasına da münasibət bildirib:

"Tehran Azərbaycan Respublikasının sərhəd anlaşmasını ləğv etməsi kimi yanlış hərəkətinə oxşar formada cavab vermək niyyətində deyil".
Höccətülislam hər gün 2 mindən çox Azərbaycan vətəndaşının gündəlik tələbat mallarına olan ehtiyaclarını təmin etmək və tibbi xidmət üçün İrana səfər etdiklərini vurğulayıb:

"Bunları nəzərə alaraq Biləsuvardakı otellərdən birini xəstəxanaya çevirmək istəyirik ki, müalicə üçün müraciət edən azərbaycanlıların xərcləri daha da azalmış olsun".
Brumənd həmçinin Azərbaycanı "müsəlmanların ən böyük düşmənləri olan ABŞ və İsrail rejimi ilə dostluq etməkdə" də günahlandırıb.

Alpər
AzNews.az