Mübariz Qurbanlı “Facebook”dakı qrupları hədələdi

"Onlar “Facebook”dakı təhqirlərə görə cəzalana bilərlər”






"Azərbaycan Respublikasında mövcud olan qanunlar ayrı-ayrı yerlərdə konstitusion quruluşu dəyişməyə çağırış edilməsini yasaqlayır". Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.

O, bildirib ki, bununla bağlı müvafiq cəzalar da var: "Ölkədə konstitusion rejimi, dövlət idarə quruluşunu dəyişməyə yönəlik çağırışlar qanuna zidd əməl sayılır. Hansısa bölgənin adı ilə sosial şəbəkələrdə qrupların yaradılması və yerli icra hakimiyyətlərini devirməyə çağırışların edilməsi qanunsuzdur. Görünür, bu çağırışları edən gənclər və ya şəxslər bu qanundan xəbərsizdirlər. Hərçənd ki, bu məsələnin üzərinə gedilmir. Heç mən də bunun tərəfdarı deyiləm. Amma eyni zamanda, sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin təhqir olunması prosesi baş alıb, gedir. Bununla bağlı da qanunlar var. Görünür, onları tədbiq etmək lazım gələcək. Onlar bilməlidirlər ki, "Facebook"dakı təhqirlərə görə cəzalana bilərlər. Cəzasızlıq mühitində onlar həm təhqirlərin, həm də yalan məlumatların sərhədlərini aşırlar".

Millət vəkili bölgələrdə baş vermiş hadisələrin də qabarıq şəkildə təqdim edilməsindən narazı olduğunu deyib: "Bəzi bölgələrimizdə baş vermiş hadisələr məhəlli xarakterlidir və o hadisələrin səbəbləri də, nəticələri də, onlarla bağlı qəbul olunmuş qərarlar da hər kəsə bəllidir. İsmayıllıda baş verən hadisənin səbəbləri hər kəsə aydın oldu. Şəxsən mən özüm də İsmayıllıda oldum, əhali ilə görüşdüm. Bu hadisə hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu məsələ ilə bağlı məlumat da yayıb. Neftçalada hansısa vətəndaşın avtomobili texniki nasazlıqdan alışıb, yanır, amma bunu dərhal başqa cür yozurlar. Füzulidə hansısa şikayətlə bağlı hadisə olur, onu da şişirtmək istəyirlər. Hamı görür ki, kiçik hadisələri müxalifətin radikal qanadı şişirtməklə, ümumiləşdirməklə Azərbaycanda vəziyyətin inqilab səviyyəsinə çatdığı haqqında yanlış təsəvvür yaratmaq istəyir. Ancaq buna nail ola bilməyəcəklər, ola da bilməzlər. Mən də sosial şəbəkələrdə müxtəlif qrupların yaratdığı səhifələrdə gedən diskusiyalara baxıram. Bu müzakirələrdə də çox sayda insanın iştirak etdiyini söyləmək yanlış olardı. Adından da göründüyü kimi, bu, bir qrupdur və orada müəyyən qruplardaki insanlar iştirak edirlər. Müxtəlif çağırışlar edirlər, haradasa böyük bir hadisənin olması ilə bağlı yanlış məlumatlar yayırlar. Araşdırılanda görünür ki, yalan məlumatlardır. Burada məqsəd aydındır. Radikal müxalifət seçkilərdə xalqın dəstəyini ala bilməyəcəyi üçün indidən aranı qarışdırmaq, ölkə əhalisini yanlış istiqamətə yönəltmək iddiasındadır".

AzNews.az