“Prezident bəyan etdi ki, heç bir halda güzəştə getməyəcəyik”

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın prinsipial mövqe tutduğunu bir daha bəyan etdi.

Dövlət başçısı qeyd etdi ki, bu mövqe ədalətli və beynəlxalq hüquqa əsaslanan, eləcə də daha çox beynəlxalq dəstək qazanan mövqedir.

2017-ci ili Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində uğurlu il adlandıran Prezident, separatçı rejim tərəfindən keçirilmiş qanunsuz “referendum”un dünya ictimaiyyəti tərəfindən tanınmaması, eləcə də ilin sonunda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Zirvəsində qəbul edilmiş Bəyannamədə də “Şərq tərəfdaşlığı”na üzv olan ölkələrin ərazi bütövlüyünün, suverenliyinin Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənməsinə diqqət çəkib.

Eyni zamanda, Azərbaycanın hərbi gücünün və ordusunun maddi-texniki bazasının möhkəmləndiyini bəyan edən dövlət başçısı, bu il də ordu quruculuğu istiqamətində bir sıra işlərin aparılacağını söyləyib.

Dövlət başçısının çıxışını şərh edən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri - icmanın rəhbəri Bayram Səfərov AzNews.az-a açıqlamasında deyib ki, bütün dünya Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul edir, xalqımız da möhtərəm Prezidenti dəstəkləyir.

"Bütün Azərbaycan vətəndaşları, ölkədə yaşayan azsaylı xalqlar dövlət başçısının apardığı uğurlu siyasəti dəstəkləyir, bu məsələdə xalq Prezidentlə həmrəydir. Təbii ki, Dağlıq Qarabağın, işğal altında olan bütün ərazilərin düşmən tapdağından azad olunması prosesinin cənab Prezident tərəfindən sülh yolu ilə aparılması sevindiricidir. Bu ili doğma torpaqlarımıza qayıdış ili kimi arzu edirəm və inanıram ki, yaxın vaxtlarda dövlət başçısının apardığı uğurlu siyasət nəticəsində bu, baş tutacaq", - deyə icma rəhbəri vurğulayıb.

"Dağlıq Qarabağ problemi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaqdır. 2018-ci ildə danışıqlar və Azərbaycanın xarici siyasəti bu istiqamətdə olacaqdır". Bunu isə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu AzNews.az-a açıqlamasında deyib.

"2017-ci ili xarakterizə edərkən belə demək olar ki, bu il Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan tərəfindən prinsipial cəhdlərlə müşayiət edildi. Ötən il intensiv danışıqlar ili kimi qeyd edilməlidir. 2016-c ilin aprel hadisələrindən sonra ermənilər danışıqlar masasına əyləşməkdən imtina edirdilər, Azərbaycana müxtəlif mərkəzlərdən təzyiq olunurdu. Bütün bunlara baxmayaraq, diplomatiyamızın, ilk növbədə dövlət başçısının prinsipial mövqeyi erməniləri danışıqlar masasına gətirməyə məcbur etdi. 2017-ci ilin uğuru bundan ibarətdir. Əminik ki, 2018-ci ildə də bu əsasda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqlar davam etdiriləcək və münaqişənin həllində addımlar atılacaq. Cənab Prezident müşavirədə bir daha qeyd etdi ki, Azərbaycanın mövqeyi qətiyyətlidir, heç bir halda güzəştə getməyəcək", - millət vəkili əlavə edib.

"Keçən il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar böyük bir nəticə verməsə də, ancaq heç bir dövlət Qarabağı müstəqil subyekt kimi tanımadı. Hətta Ermənistanın ən böyük müttəfiqi Rusiya da bu addımı atmaqdan çəkinib. Əksinə, bir sıra beynəlxalq strukturlar və dövlətlər bu işğalı pisləyib. O cümlədən, keçən il keçirilən “referendumu” da pisləyiblər. Bu da Azərbaycanın maraqlarına cavab verən bir məqamdır", - bu fikirləri AzNews.az-a politoloq Fikrət Sadıqov açıqlayıb.

Politoloq deyib ki, “Şərq tərəfdaşlığı”na daxil olan ölkələr tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması da ölkəmizin uğurudur.

"Ermənistanı daha təcrid bir vəziyyətə salmalıyıq. Artıq Ermənistan belə bir vəziyyətdədir ki, heç bir layihədə iştirak etmir. Türkiyə ilə münasibətləri yoxdur, sərhədlər bağlıdır, Azərbaycanla münaqişə vəziyyətindədir. Əgər onlar nəyəsə nail olmaq istəyirlərsə, inkişaf prosesinə başlamaq istəyirlərsə, bundan nəticə çıxarmalıdırlar. Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi prosesi başlamalıdır", - ekspert belə şərh edir.

Politoloqun fikrincə, 2018-ci ildə həm hərbi, həm də diplomatik sahədə daha qabaqlayıcı addımlar atılmalıdır.

Tural Səftərov

AzNews.az