“Siyəzən broyler” rəhbərliyi aksiyaçılarla görüşə getdi- Yenilənib

Aksiyaçılar magistral yolu bağlayacaq



"Siyəzən broyler"in rəhbərliyi əmək haqqının azlığından şikayətlənənlərin aksiya keçirdiyi əraziyə gedib. Bu barədə məlumat AzNews.az-a şirkətin Siyəzəndəki ofisindən verilib.

Qeyd edək ki, bundan əvvəl icra başçısı tərəfindən qəbul edilən aksiyaçılar şirkət rəhbərliyinin onların qarşısına çıxaraq əmək haqqının artırılması və etiraz edən əməkdaşların işdən çıxarılmaması barədə söz verməsini tələb edib.

Şirkətdən bildirilib ki, rəhbərlik işçilərlə görüşmək üçün aksiyanın keçirildiyi əraziyə gedib: "Hazırda burada ancaq bəzi şöbələrin əməkdaşları var. Digərləri həmişə olduğu kimi ərazilərə gedib. Rəhbərlik isə tam tərkibdə aksiya keçirən əməkdaşlarla görüşmək üçün gedib".

Şirkətdən aksiyaçıların 140-150 manat əmək haqqı almaları barədə iddiaların da doğru olmadığı vurğulanıb.

***

10:37
Hazırda "Siyəzən Broyler"də əmək haqqının azlığından şikayətlənən aksiyaçıların yolu bağlamasının qarşısını almaq üçün əraziyə avtobuslar gətirilib.

Aksiyaçıların AzNews.az-a verdiyi məlumata görə, heç kəs həbs edilmir: "Ancaq aksiyada iştirak edənlər avtobusa doldurularaq ərazidən uzaqlaşdırılır. Amma onlar yenidən qayıdıb gələrək tələblərini səsləndirirlər. Əsas tələb də broylerin sahibinin işçilərlə görüşərək onların tələblərini dinləməsidir".

Aksiyada indiyə qədər heç bir insident qeydə alınmasa da, əraziyə əlavə polis qüvvələri cəlb edilib. Ancaq onlar aksiyanın gedişini kənardan müşahidə etməklə kifayətlənir və hələlik müdaxilə etmirlər.

***
09: 30

Bu gün səhər saatlarında Siyəzəndə təxminən 700 nəfərin iştirakı ilə Rayon İcra hakimiyyətinin binası qarşısında aksiya keçirilib. AzNews.az-a daxil olan məlumata görə, aksiyaçıların nümayəndəsini Siyəzənin icra hakimiyyətinin başçısı Arif Qasımovqəbul edib.

Məlum olub ki, etirazçılar "Siyəzən Broyler"in əməkdaşlarıdır. Onlar əmək haqqlarının qaldırılmasını tələb ediblər. Bildiriblər ki, cəmi 140-150 manat əmək haqqı alırlar və bununla yaşamaq mümkün deyil. İcra başçısı məsələnin həlli ilə məşğul olacağını bildirərək aksiyaçılara dağılışmağı məsləhət görüb.

Ancaq aksiyaçılar icra hakimiyyətinin binası qarşısından uzaqlaşdıqdan qısa müddət sonra yenidən əraziyə qayıdıblar. Bu dəfə onlar şüarlar səsləndirərək "Siyəzən Broyer"in sahibinin onlarla görüşməsini və əmək haqqının artırılacağına, eləcə də narazı işçilərin işdən uzaqlaşdırılmayacağına dair söz verməsini istəyiblər.

Polis aksiyaya müdaxilə edərək etirazçıları icra hakimiyyətinin binası qarşısından uzaqlaşdırmağa çalışıb.

Aksiyaçıların Siyəzəndən keçən magistral yolu bağlayacağı bildirilir.

Azər
AzNews.az