Avropa Salih Müslimi niyə təhvil vermir? - Hüseynbala Səlimov yazır

Hamının nəzər-diqqəti Türkiyənin Afrində keçirdiyi anti-terror əməlliyatlarında ikən kürd separatizmi kontekstində daha bir hadisə də baş verdi ki, istər-istəməz siyasi təhlilçilərin diqqətini qısa müddətə olsa da, Afrin olaylarından ayırıb Türkiyə-Avropa münasibətlərinə yönəltdi.

Söhbət, PYD lideri Salih Müslimin bir neçə gün öncə Çexiyada saxlanılmasından gedir. Ankara dərhal onun Türkiyəyə ekstradisiya olunması ilə bağlı müraciət etdi. Amma məhkəmə Ankaranın tələbini yerinə yetirmədi və Salih Müslimi sərbəst buraxdı.

Bir neçə gün sonra Salih Müslimin sorağı artıq Almaniyadan gəldi. Türkiyə hökuməti bu dəfə də Almaniyaya müraciət etdiyini açıqlasa da, xarci siyasət idarəsinin yüksək çinli məmurları Müslimin ekstradisiya olunacağına ümid bəsləmədiklərini bildirdilər...

Bəlkə də yetərincə uğurlu Afrin əməliyyatları fonunda bu məsələyə xüsusi diqqət ayırmağa heç dəyməzdi. Amma burada həm separatizmə, həm də terrorçu təşkilatlara adekvat hüquqi münasibət məsələsi var ki, bu, Dağlıq Qarabağ kimi problem yaşayan və erməni terroru ilə üz-üzə dayanan bir ölkə kimi bizim üçün də maraqlıdır.

Son vaxtlarda ispan Kataloniyasında, eləcə də kürdlərin İraqda keçirdikləri referenduma münasibət belə təəssürat yaratdı ki, dünyada, xüsusən də Avropada separatizmi daha real qiymətləndirməyə başlayıblar.

Məsələ bundadır ki, “soyuq müharibə”dən sonra elə Avropanın özündə belə, sərhədlərin xeyli dərəcədə dəyişməsinə baxmayaraq, beynəlxalq hüquq da, qloballaşma fəlsəfəsi də daha çox, dövlətlərin ərazi bütövlüyünün tərəfindədir, nəinki “xalqların öz müqəddəratını təyinetməsi” prinsipinin.

Hələ Kataloniya hadisələri, eləcə də İraq kürdlərinin referendumu zamanı yazmışdıq ki, etnik separatizm həmişə olmasa da, bəzən böyük dövlətlər arasındakı gərgin geosiyasi ziddiyyətlər ucbatından dəstək tapa bilir. Ona görə də “Böyük dövlətlər separatizmə dəstək verir” kimi fikirlərdə bir az yanlışlıq olsa da, “Separatizm bəzən dəstək tapır” kimi iddialar heç də tamam əsassız görünmür.

Elə Salih Müslim məsələsinə də bu aspektdən yanaşmaq lazımdır. Avropa ilə Türkiyə arasında yetərincə soyuq münasibətlər yaranıb. Halbuki Türkiyə bu bölgənin dövlətlərilə eyni təhlükəsizlik çətirini bölüşür və NATO-nun aparıcı üzvlərindən biri olaraq qalır.

Özü də burada müəyyən “mövsümi” çalarlar olsa da, hər halda, bu, bir hakimiyyətlə bağlı məsələ də deyil. Vaxtında R. Ərdoğan hakimiyyəti də Türkiyənin Avropa Birliyinə qəbul olunması üçün çox çalışdı, amma bu səylər Avropada necə qarşılandı - düşünürük ki, bunları sadalamağa daha ehtiyac yoxdur.

Bəs niyə belə olur? Sadəcə, qəbul etmək lazımdır ki, Türkiyənin hətta NATO-nun üzvü olması da elə birinci “soyuq müharibə”nin hədiyyəsidir. Bəlkə bu məsələ indi gündəmə gəlsəydi, o, Avropa Birliyinə üzvlük kimi həll olunardı - Ankaranı on illərlə NATO-nun astanasında saxlayardılar.

Amma yada salaq ki, AB ilə bağlı da birinci “soyuq müharibə” zamanı ciddi şans yaranmışdı və Türkiyəyə avrointeqrasiya prosesinin öncüllərindən biri olmaq təklif edilmişdi. Çox təəssüf ki, o vaxtkı türk hökuməti bu təklifi yetərincə dəyərləndirə bilməmişdi və elə ona görə də tarixi bir şans əldən buraxılmışdı. Sonrakı vaxtlarda isə Avropa yeri gəldi-gəlmədi, Türkiyəsiz də keçinə biləcəyinə işarə etməkdən usanmadı.

Hazırda isə bir daha deyirik ki, münasibətlər gərgin olaraq qalır və elə olaylar baş verir ki, onları nəinki birqiymətli Aristotel, heç Lütfi Zadənin qeyri-səlis məntiqilə də anlamaq olmur.

Məsələn, NATO-nun öz hərbi təlimlərində hədəfləri M.K.Atatürkün və yaxud prezident R.T.Ərdoğnın adı ilə adlandırmasını necə başa düşəsən?

Düzdür, NATO-nun Baş katibi sonradan buna görə bir neçə dəfə üzr istədi və baş vermiş hadisənin bir yanlışlıq olduğunu bildirdi. Amma yanlışlıqlar təkrarlananda onlar artıq təsadüf kimi deyil, qanunauyğunluq kimi çözülür. Özü də münasibətlərdəki problemlər təkcə belə yanlışlıqlar ucbatındanmı yaranır?

Təəssüf ki, yox. Baxın, həmin NATO ölkələri Türkiyəyə hava hücümundan müdafiə sistemlərini satmır, Ankara da durub bunları Rusiyadan alanda ABŞ onu sanksiyalar tətbiq edəcəyi ilə hədələyir. Avropa isə NATO-nun qaydalarını pozmaqda ittiham edir və ortadakı soyuqluğun guya belə addımlardan yarandığnı bəyan edirlər.

Halbuki məsələ heç də belə deyil.

Yenə də Salih Müslim söhbətinə qayıdaq. Ortada etinik separatizm məsələsi də var, terrorizm də. Amma cinayətkar azad-xürrəm Avropada gəzir. Niyə? Sadə səbəbdən: həm ABŞ-a, həm də Avropaya Türkiyəyə qarşı “dəyənək” lazımdır, elə ona görə də onlar kürd terrorçularına toxunmurlar.

Bəli, bunun başqa adı yoxdur. Amma siyasətdə bir çox amillər son nəticədə gəlib bumeranqa çevrilir. Türkiyəni də əbədi olaraq Avropanın kandarında saxlamaq, hətta NATO-dan uzaqlaşdırmaq da olar. Amma bunun nəticəsi nə olacaqdır? Nəinki Türkiyədə, hətta bütün müsəlman dünyasında dini radikalların mövqeyi güclənəcək. Bəlkə həmin radikal cərəyanlar Qərb dünyasının böyük hərbi xərclərini əsaslandırmaq üçün hətta Qərb cəmiyyətlərinin “birliyini” və “bütövlüyünü” (S.Hantinqtonun dediyi “düşmən obrazı”!) saxlamaq üçün elə həqiqətən də zəruridir?

Amma odla oynamağın başqa tərəfi də var: bir də gördün ki, od əlini yandırdı...