Filosof A.Zinovyevin sayəsində “homo soveticus” deyimi xeyli məşhurlaşandan sonra dünyanın aparıcı politoloqları, sosioloqları və kulturoloqları bu ifadəyə daha ciddi yanaşmağa başladılar. Filosof A.Zinovyevin sayəsində “homo soveticus” deyimi xeyli məşhurlaşandan sonra dünyanın aparıcı politoloqları, sosioloqları və kulturoloqları bu ifadəyə daha ciddi yanaşmağa başladılar.

Siyasətdə mənəvi meyarlar olmurmu?

Filosof A.Zinovyevin sayəsində “homo soveticus” deyimi xeyli məşhurlaşandan sonra dünyanın aparıcı politoloqları, sosioloqları və kulturoloqları bu ifadəyə daha ciddi yanaşmağa başladılar.

Hətta sovet sosioloqu Y.Levada əməkdaşları ilə birlikdə “homo soveticus”un sosial-psixoloji cizgilərini müəyyən etməyə girişdi.

Həmin cizgilərdən biri bizim daha çox yadımızda qalıbdır: “orta statistik” sovet adamı bütün qərarları, hətta ən mənəviyyatsız tapşırıqları belə, can-başla yetirməyə hazır olur...

Amma ən maraqlısı bu da deyil. Sovetlərin vaxtında sevilməyən sözlərdən biri də “relyativizm” sözü idi, çünki onu daim əxlaqi relyativizm kimi başa düşürdülər. Ziddiyyət də elə bunda idi – sovetlərin dövründə ən müqəddəs meyarlar belə, ayaqlar altına atılmış və yuxarıda dediyimiz kimi, ən mənəviyyatsız qərarları belə, can-başla yerinə yetirməyə hazır olan sovet adamı yetişdirilmişdi.

Bəs onda klassik əxlaqı və bəşəriyyətin min illər ərzində dəyər verdiyi müqəddəs meyarları belə heç sayan sovetlər, niyə əxlaqi relyativizmdən bu qədər ehtiyat edirdilər? İlk baxışda ziddiyyətli görünsə də burada heç bir ziddiyyət yoxdur: sovet rejimi öz prinsiplərini, bir növ anti-əxlaqı az qala yeni əxlaq, yeni mənəvi prinsiplər səviyyəsinə qaldırmışdı...

Bütün bunları nədən deyirik?

Bu günlərdə belə məlumat yayıldı ki, ABŞ-da separatçı cani Bako Saakyanla Konqresdə “görüş” təyin edilən bir vaxtda bir qrup mühacir azərbaycanlı da bizim səfirliyimizin önündə aksiya keçirmək qərarına gəlib. Bəli, səhv eşitmədiniz, məhz bir qrup azərbaycanlı!

Bu xəbərin nə dərəcədə doğru olub-olmadığını bilmirik, amma hətta bunsuz da bizim bəzi mühacir azərbaycanlıların dilindən bəzən elə bəyanatlar, fikirlər və çağırışlar səslənir ki, adamın beynindən yalnız bircə sual keçir: əcaba, siyasətdə mənəvi prinsiplər və meyarlar olmurmu? Özünü “müxalifət”çi adlandıran adamın həqiqətənmi vətəni olmur?

Doğrudanmı müxalifətçiliyin elə həqiqətən də bircə prinsipi var: hakimiyyət üçün pis olan hər şey müxalifət ünün məqbuldur! Bilirsiniz, ağıllı adamlar deyirlər ki, hər ideya ifrat dərəcədə ekstrapolyasiya ediləndə son nəticədə gəlib absurda çatır. Bəziləri bunu heç cür qəbul etmir və hətta özlərini praqmatik “siyasətçi” hesab edirlər. Amma gəl ki, bütün siyasi prinsiplər kimi praqmatizm də müəyyən həddə qədər - əxlaqi relyativizmə çevrilənədək məqbuldur...

Bu, məsələnin bir tərəfidir. Bundan başqa, hər birimiz hansısa bir məmurdan, hətta bütövlükdə ölkəmizdəki siyasi sistemdən incik ola bilərik və müəyyən məhrumiyyətlər yaşadığımız üçün hətta ölkəni tərk edərək siyasi mühacir də ola bilərik. Amma hətta belə vəziyyət də bizi tamamilə əxlaqi öhdəliklərdən və prinsiplərdən azad etmir.

Bizim azərbaycanlıların bir məsəli var: molladan inciyib məscidi daş-qalaq etmirlər. Ayrı-ayrı məmurlar da, hətta siyasi sistem də dövlətin tək bir atributudur, hətta ötücü atributudur.

Ölkədəki siyasi sistemin islahı, dəyişməsi və ya mütərəqqiləşməsi uğrunda çarpışmaq hər bir vətəndaşın özəl haqqıdır. Amma necə deyərlər, qaş qayıran yerdə vurub gözü çıxarmaq olmaz axı! Dövlət də, millət də müqəddəs məfhumlardandır.

Bəlkə də postmodern əxlaqa görə insan milliyətini seçməkdə də azaddır. Amma bizə elə gəlir, hər bir adam valideynlərini seçmədiyi kimi, xalqını da, millətini də seçmir. Bu mənada bizə həmişə yəhudilərin prinsipi maraqlı görünüb: onlar özünə yəhudi deyən hər adamı yəhudi kimi qəbul etməzlər, bunun üçün müəyyən testlərdən və imtahanlardan keçmək lazımdır. Bəli, mən də durub özümə fransız deyə bilərəm, amma bununla fransız olacağammı? Fransızlar məni əsl fransız kimi qəbul edəcəklərmi?

Ona görə də unutmayaq ki, biz azərbaycanlıyıq və hər şeydən imtina edə bilsək də azərbaycanlı olmaqdan imtina edə bilmərik.

Amma görünür, imtina edənlər, “milli libaslar”ını dəyişmək istəyənlər də var. Belələri üçün Azərbaycan səfirliyi qarşısında askiya keçirmək də, “Azərbaycanı Suriyaya çevirmək lazımdı!” kimi şüarlar səsləndirmək də adi bir işdir.

Halbuki heç olmasa, bunu nəzərə ala bilərdilər ki, bir məsələdə - Qarabağ məsələsində müxalifətçilik olmur. Qəbul edə bilərdilər ki, hamı üçün müqəddəs olan milli dəyərlər və meyarlar da var.

Amma yox, bunu qəbul etməyənlər də var. Elə əvvəldə “homo soveticus” deyimini də təsadüfən xatırlamadıq. Dedik ki, “homo soveticus” üçün hətta ən mənəviyyatsız tapşırıqları yerinə yetirmək adi şeydir...

Sosioloq Y.Levada yazırdı ki, “homo soveticus” sovetlərin süqutundan sonra tamam yox olmadı, qeybə çəkilmədi, belələri post-sovet məkanında hələ də qalıb. Görünür, həqiqətən də belədir. Elə insanlar var ki, istənilən tapşırığı yerinə yetirməyə hazırdırlar, yetər ki, buna görə pul versinlər, qrant ayırsınlar və yaxud da başqa vəd versinlər...

Hüseynbala Səlimov
AzNews.az