Tehran və Kremlin təhdidlərindən qurtulmağın yolu...


Elxan Şahinoğlu

Azərbaycanda prezident seçkisi yaxınlaşdıqca kənar təsir və təzyiqlərin mümkün ehtimalından da danışmaq məcburiyyətindəyik. İstənilən an istənilən təhlükəli ssenarilər işə düşə bilər. Azərbaycan çox kövrək bölgədə yerləşir və ölkəmizin Rusiya və İranla münasibətlərində yaşadığı gərginlik və suallar təhlükəsizliyimiz üçün ciddi təhdiddir.
Moskvanın və Tehranın əlində Azərbaycanı daxildən qarışdırmaq üçün imkanlarının olmadığını söyləmək çətindir. Elə götürək İrana müalicəyə gedən kasıb və orta təbəqədən olan insanlarımızı. İran bir gün yenidən viza tətbiq etməyə başlasa və sərhədini möhkəm qapatsa, elə tək bu amilin özü Azərbaycanda narazılığın artmasına səbəb olacaq. Misal üçün Tehranda keçən ayların birində sammit keçirilirdi və bir aylığa viza tətbiq etməyə başladılar. Bakıda və Naxçıvanda İranın konsulluq idarələri qarşısında böyük növbələr yaranmışdı. Yəni Azərbaycanda səhiyyə sistemindəki mövcud qüsurlar, keyfiyyətinin aşağı olması və korrupsiyanın varlığı bizi bu sahədə İrandan asılı vəziyyətə salıb. Bunun özü İranın Azərbaycana təhdid etmək imkanı deməkdir.

Və ya götürək cənub bölgələrimizi, oranın vətəndaşları gündəlik çörək pulu qazanmaq üçün hər gün İrana gedirlər. Bu da cənubdakı vətəndaşlarımızın İrandan asılılığını artırıb. Bu da mümkün təhdid elementidir. Və ya İranın dövlət televiziyalarının cənub bölgələrində yayınlanmasıni misal çəkə bilərik. Cənub rayonlarımızın sakinləri hər gün Azərbaycan əleyhinə yayınlanan proqramları seyr edir, İranın mövqeyi ilə tanış olurlar. Cənub bölgəsində və elə Bakının özündə İranın siyasətini dəstəkləyən və Tehrana rəğbət bəsləyən insanlar və qruplar az deyil. Bu da günümüz reallığıdır.

Təhdid imkanları baxımından Rusiya İrandan da irəlidədir. Bir gün Kreml miqrantlarla mübarizə adı altında Rusiyada çalışan azərbaycanlılara qapını göstərsə, bunun siyasi və iqtisadi zəmində hansı mənfi nəticələrə gətirib çıxaracağını proqnozlaşdırmaq çətin deyil. Ancaq Kreml bu alətsiz də Azərbaycana qarşı təzyiq alətlərini işə salıb. Birinci alət Dağlıq Qarabağdır. Kremlin təhriki ilə Ermənistan Xocalı hava limanını işə salsa, bölgədə qarışıqlıq yaranacaq, Azərbaycan adekvat addım atmaq məcburiyyətində qalacaq. Bu halda nə baş verəcək? Azərbaycan həm Ermənistan, həm də Rusiyanın hərb maşını ilə üzləşəcək və nəticədə Kreml Gürcüstanın Abxaziya və Cənubi Osetiyanın timsalında olduğu kimi Dağlıq Qarabağın da "müstəqlliyini" tanıya bilər. Atəşkəsin Tovuz və Qazax istiqamətlərindən mütəmadi pozulması halları məhz ona hesablanıb ki, Dağlıq Qarabağda mümkün savaşın sərhədin bu hissəsinə yayılması da təmin edilsin. Bu ssenari Ermənistanın maraqlarına uyğundur, çünki onda Rusiya da rəsmən müttəfiqini qorumaq bəhanəsiylə "işə" qarışacaq.

Rusiyanın əlindəki digər alət "5-cu kolonunu" hərəkətə gətirməkdir. "Milyarderlər klubu" timsalında bu kolonun bir hissəsi Moskvada formalaşdırılırsa, Azərbaycan hakimiyyəti içində də Moskvaya simpatiyası olanlar az deyil. Onlar İlham Əliyevin zəiflədiyini hiss edən kimi həmin "5-ci kolonla" ittifaq yaradacaqlar. Azərbaycanda prezident seçkisinə təxminən 7 ay vaxt qalıb və Kreml "İvanişvili layihəsini" Azərbaycanda gerçəkləşdirmək üçün götür-qoy edir. Ermənistan Rusiyanın vassalıdır, Moskva Gürcüstanı da tədricən toruna keçirməyə çalışır, Qafqazda bircə Azərbaycan qalıb ki, Kreml bu zəif həlqəni də ram etmək üzərində ciddi düşünür.

İran və Rusiyanın təhdidlərindən qurtulmağın yolu Azərbaycanda siyasi, iqtisadi, sosial və səhiyyə sahələrində islahatların dərinləşdirilməsindən, hakim komanda içində kadr dəyişikliklərindən keçir. Bu olmadıqca, İran və Rusiya kimi qonşularımızın təhdidlərindən qurtulmamız çətindir.