Gürcü baş nazir çaşıb, yoxsa Moldovadan xəbərsizdir?

Bu günlərdə maraqlı, həm də narahatlıq yarada biləcək xəbər eşitdik. Özü də başqa yerdən yox, qonşu Gürcüstandan. Belə məlum oldu ki, baş nazir Georgiy Kvirikaşvili hökumətin iclasında maraqlı təklif verib. Deyibdir ki, Abxaziyanın və Cənubi Osetiyanın Avropa Birliyilə ticarətini asanlaşdıran tədbirlər görmək, həmin bölgələrin gənclərinin Qərbdə və Gürcüstanda təhsil almasına yardım etmək lazımdır...

Təhsil məsələsini bir az sonraya saxlayaq, əvvəlcə Avropa Birliyilə ticarət məsələsi ətrafında gəzişək. Amma irəlicədən onu qeyd edək ki, G.Kvirikaşvilinin təklifinin nə dərəcədə ciddiliyi və ya gerçəkləşməsilə bağlı detalların özü də ayrı söhbətin mövzusudur, çünki ən azı, Gürcüstan dövləti təkcə baş nazirdən ibarət deyil.
Fəqət Georgiy Kvirikaşvili cənablarının təklifi dərhal ermənilərin ürəyinə yağ kimi yayılıb və onlar durmadan Azərbaycanın da belə addım atmasının vacibliyini deyiblər.

Bu səbəbdən də məsələ adi bir söz oyunu deyil, onun ucundan tutub “inkişaf” etdirə də bilərlər. Xüsusən də nəzərə almaq lazımdır ki, artıq digər bir ölkənin – Moldovanın təcrübəsində belə şey var.

Əslində Moldova ilə bağlı məsələni çoxdan bilirdik. Hətta bir-iki dəfə işarə də etmişdik ki, Avropa Birliyilə danışıqlarda, təmaslarda bir qədər tədbirli və ehtiyatlı olmaq lazımdır.

Bəs Moldova ilə bağlı nə baş veribdir? Bəlli olduğu kimi, Kişinyov çoxdan Avropa Birliyilə assosiasiya sazişi imzalayıb. Amma gəl, bunun münaqişəli Dnestr bölgəsinə aidiyyatı yox idi, çünki Moldova bir dövlət olaraq ona nəzarət edə bilmir və bizim kimi gücü ona çatır ki, həmin bu Dnestr bölgəsini Ukraynanın köməyilə blokadada saxlayır.

Amma görün, bir Brüssel nə etdi? Hansısa yolla Dnestrə Avropa Birliyilə ticarət etmək üçün əlverişli – rüsumsuz rejim təmin etdi və nəticədə Assosiasiya sazişinə imza atan Moldova hansı ticari-iqtisadi preferensiyalar almışdısa, bunlar onun separatçı bölgəsinə – Dnestrə də verildi.

İndi Dnestrin ticarətinin 35 faizi Avropa Birliyilə bağlıdır. Beləcə, bir daha deyirik ki, Brüssel Dnestr üçün əlverişli – rüsumsuz ticarət dəhlizi yaratdı və nəticədə Rusiyadan ödənişsiz qaz alan separatçı bölgə ticari problemlərini də qaydaya sala bildi.

Bəs Moldovanın buna münasibəti necədir? Təəssüf ki, bu xüsusda heç nə deyə bilmirik. Bildiyimiz odur ki, Kişinyov bölgəni Ukraynın köməyilə blokadada saxlamaqda davam edir. Burada maraqlı detal var: Dnestr məhsullarını Moldova sertifikatı ilə ixrac edir...

Bəs Brüssel hərəkətini necə izah edir? Deyirlər ki, bununla guya Dnestryanı bölgəni Rusiyanın təsirindən və nəzarətindən çıxarmağa cəhd edirlər! Alınırmı? Hələ bunun əlaməti görünmür, Kişinyovla Tiraspolun qarşıdurması davam edir.

Təbii ki, ilk baxışda Brüsselin hərəkətində məntiq də tapmaq olar. Məgər demirikmi ki, bütün separatçı ocaqların arxasında Kreml dayanır və onlara dəstək verir? Deməli, bir çıxış yolu qalır: həmin bölgələri bircə-bircə Rusiyanın nəzarətindən çıxarmaq.

Bəli, quru, formal məntiq baxımından hər şey düz gəlir. Amma yalnız formal məntiq baxımından. Real olaraqsa bir az əvvəldə dediyimiz kimi, hər şey necə vardısa, elə də qalıb. Ola bilsin, bunun üçün də zaman tələb olunur – problem deyil, bunu da gözləyərik...

Qayıdaq Kvirikaşvili cənablarının məsələsinə. Bir şeyi demək olar ki, gürcü baş nazir çox tələsir. Hələ onu demirik ki, çox böyük bir səhv edir. Bəlkə də bu təklifilə siyasi centlmen kimi görünür. Amma o, gürcü cəmiyyətinin gözünə necə görünəcəyinin də fərqində olmalıdır.

Əgər bu gün Avropa ilə təmaslar və ya əlaqələr Dnestrin, Abxaziyanın və Cənubi Osetiyanın insanları, xüsusən də gəncləri üçün cəlbedici olsaydı, onlar daşı ətəklərindən töküb mərkəzi hakimiyyətlərlə əməkdaşlıq etməyə başlayardılar. Amma etmirlər, yapışıblar Rusiyanın yamaqlı və kirli çuxasının ətəyindən.

Gürcüstan da, Moldova da separatçı bölgələrə Rusiyanın verdiyindən qat-qat artıq status təklif edir. Amma yox, bu, onları qəti qane etmir, Gürcüstana və Moldovaya gələndə müstəqillik tələb edirlər, Kremldənsə bir şey umurlar: icazə ver, nökərin olaq...

Georgiy Kvirikaşvilinin öz Gürcüstanında ağlına çox şey gələ bilər. O ki qaldı bizim ermənilərə, biz öz ağlımızla və məntiqimizlə yaşayırıq və ermənilər üçün yalnız bircə dəhliz saxlamışıq: Azərbaycan dövlətini və onun qanunlarını tanımaq...

Hüseynbala Səlimov
AzNews.az