“Bu iqtidarda elə şarlatanlar var ki...” – Müsahibə

“Mövcud hakimiyyət xəyanətkarlardan, çörəyi dizi üstdə olanlardan heç zaman sığortalanmayıb”


Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin AzNews.az-a müsahibəsi

- Elşən müəllim, yəqin razılaşarsınız ki, bu gün Azərbaycan siyasi mühitində qeyri-adi bir canlanma müşahidə olunur. Sanki proseslər, hadisələr üst-üstə gəlir, media mövzu qıtlığı yaşamır, daxili siyasətdəki ehtiraslar daha qabarıq formada, daha dinamik şəkildə irəliləyir. Nə baş verir əslində?

- Baş verən xüsusi, əlahiddə hadisə yoxdur . Sadəcə qarşıdan seçki gəlir və belə bir məqamda siyasi ehtirasların qabarmasını, hətta qarşılıqlı münasibətlərin bəlli müstəvidən çıxaraq aqressiv həddə qədər yüksəlməsini belə, düşünürəm ki, normal qarşılamaq lazımdır. Dünyanın hər yerində belədir. Seçki - liderlik arzusunda olanlar, eyni zamanda hakimiyyətə gəlmə təşəbbüsünü öz üzərində daşıyanlar üçün qanun və müvafiq zaman aralığının tanıdığı yeganə şansdır, fürsətdir. Hərçənd bəzi qüvvələr zaman-zaman bu fəlsəfənin, bu qanunauyğunluğun alternativ variantını sınaqdan keçirmək haqda da az düşünmürlər...

- Atmaca, yenədəmi müxalifət tərəfədir ?

- Xeyr. Əvvəla bu atmaca yox, reallıqdır. İkincisi, qeyd etdiyim alternativ haqda düşünənlər bir tək radikal müxalifət deyil, eyni zamanda Azərbaycanı qarışdırmaq arzusu ilə alışıb-yanan fərqli qüvvələrdir.

- Təxminən, Eynulla Fətullayevin "2 milyonluq facebook inqilabi" iddiasına bənzər bir şey?

- Eynən! Bu haqda bir dəfə danışmışam, yenidən təkrarlayıram: Milli Demokratiya İnstitutunun ümumən sərgilədiyi fəaliyyət, eyni zamanda təşkilatın Azərbaycandakı təmsilçisi Aleks Qruqoryevin verdiyi rabitəsiz, bir-birinə zidd açıqlamalar kifayətdir ki, hansısa şübhələrə və ehtimallara yol açılsın. Ayrıca, Eynulla Fətullayev illərdir bunların öz içində olan adamdır və Aleks qarışıq bir çoxlarının bir az loru desək, cikini də bilir, bikini də. Elə sadaladığım bu səbəblərə görə Eynulla Fətullayevin verdiyi açıqlamaların, üzərinə israrla getdiyi mövzunun ciddi müzakirə olunması tərəfdarlarından biri də mənəm. Çünki burada söhbət, bir tək hansısa siyasi və ya beynəlxalq xarakterli skandalın məğzindən deyil, bütünlükdə dövlətçiliyə qarşı yönələn addımdan, o addımın təftişindən gedir. Və sırf Eynulla bəyin kontekstində maraqlı olan görüntü həm də bilirsinizmi nədir? Bir zamanlar Fətullayev haqlı-haqsız, yeri gəldi-gəlmədi bu iqtidarın böyrünə döşüyəndə müxalif mətbuat onu az qala kral, azadlıq carçısı elan etmişdi. İndi isə o siyasi proseslərdə neytral mövqe tutduğuna və müxalifətin maraqlarına xidmət etmədiyinə görə artıq "persona non qrata" elan olunub. Bu təxminən, Turqut Ər presidentinə bənzəyir. O da, Əkrəm Əylisli haqda ədalətli fikirlər söylərkən eyni təpki ilə üzləşmişdi.

- Xarici ölkələrin diplomatik korpusun müxalifətlə keçirdikləri mütəmadi görüşlər haqqda nə deyə bilərsiniz? Ələlxüsus da, ABŞ səfirinin müxalifətçi gənclərlə bağlı son açıqlamasına münasibətiniz maraqlıdır...

- Qeyd olunan görüşlərlə bağlı iqtidar mənsublarının ən sərt şəkildə təpkisi haqda çox güman, məlumatlısınız. Və yerindəcə vurğulamağı özümə borc bilirəm ki, bu təpkinin səbəbi keçirilən görüşlər deyil, həmin görüşlərin məxfi və separat xarakteridir. Çünki diplomatik korpusun təyinatında ölkənin daxili işlərinə qarışmaq, bu sahədə məxsusi fikir bildirmək, mövqe ortaya qoymaq, ən nəhayət cəmiyyətə və dövlətə bəlli olmayan gizlin müzakirələr aparmaq kimi element yoxdur.
ABŞ səfirinin son açıqlamasına gəlincə-çox güman, həbs olunan müxalifətçi gənclərin etirafları ilə bağlı məqamı nəzərdə tutursunuz - bu məsələdə səfirin birmənalı şəkildə ortaya ədalətli mövqe qoymadığı qənaətindəyəm. Çünki onun vermiş olduğu açıqlamada nə özünün iddia etdiyi beynəlxalq standartlar, nə də ortalıqda hansısa hüquqi prosedurun pozulması ilə bağlı ciddi arqumentlər yoxdur. Və ya, kimsə hansısa etirafı təzyiq faktorunun nəticəsi kimi görürsə, digərləri bunu istintaqın ilk mərhələdən daha şəffaf formada start götürməsi kimi dəyərləndirir. Ayrıca, ortada təqsirsizlik prizumpsiyasının pozulması faktı da yoxdur. Hələ qarşıda aparılması gərəkən növbəti istintaq hərəkətləri və məhkəmənin verəcəyi qərar var. Odur ki, kimsənin tələsmədiyi halda, ABŞ səfirinin bu qədər qəfil tələskənliyni anlamaqda çətinlik çəkirəm.

- Siz həm də öz düşərgənizdən olan insanları ara-sıra ən sərt şəkildə tənqidə məruz qoyanlardan birisniz. Bu, konkret kimlərəsə ünvanlanan mesajdır, yoxsa nə?

- Mənim siyasi xəttim bəllidir. Açıq bir formada, nala-mıxa vurmadan bir ideyaya qulluq edirəm. Prezidentimin müdafiəçisiyəm. Həyatımda bu günə qədər baş verən və bundan sonra da baş verəcək bütün məhrumiyyətləri, çətinlikləri gözə alaraq, hesablayaraq girmişəm bu yola. Və düşünürəm ki, hətta məni sevməyənlər, bəyənməyənlər belə bu dediyimə əsla şübhə etməz. Amma...bilirsiniz hərdən insanın elə öz ətrafındaca, öz həndəvərindəcə qarşılaşdığı amansız mənzərələr, kuryozlar olur. Baxırsan, eyni düşərgədə olduğun biri özünün də mənsub olduğu həmin düşərgənin kökünü, sütununu, dirəyini ağacdələn kimi didir, bu iqtidara qarşı aqressiyanın, nifrətin, qəzəbin artması üçün sanki əlindən gələni əsirgəmir. Beləsinə nə deyəsən? Ya da belə olan halda necə sakit davranasan? Cənab Prezident məlum müşavirədə də bu məsələ ilə bağlı ən sərt iradlarını bildirdi, eyni zamanda harın və qudurğan məmurlardan ən qısa zamanda özlərini yığışdırmağı tələb etdi. Və əgər xatırlayırsınızsa, həmin çıxış bircə saatın içində ölkədə ciddi rezonans yarada bildi. Səbəb bilirsinizmi nə idi? Səbəb o idi ki, cənab Prezidentin öz dilindən səsləndirdiyi fikirlər çox insanın ürəyindən xəbər vermşdi. Ölkə vətəndaşı bu ifadələrin fonunda öz mənəvi rahatlığını tapmışdı. Ayrıca, unutmamaq gərəkdir ki, mövcud hakimiyyət xəyanətkarlardan, çörəyi dizi üstdə olanlardan heç bir zaman sığortalanmayıb. Bu təcrübəni biz 2003-dən, 2005-dən üzü bu yana bir çox mərhələlərdə yaşamışıq. Bu iqtidarın hesabına adam olub ortaya çıxanlar anidən özlərini elə aparıblar, kürəkdən elə zərbələr endiriblər ki, siyasət bir yana qalsın, bunu nə insanlıq, nə mənəviyyat nə də heç bir məfhumun adına yazmaq mümkün olmayıb. Bəzənsə ümumən bu naqis hərəkətlərə ad qoymağın mümkünsüzlüyünü dərk edib, yerimizdəcə donub qalmışıq. Və onlar bu gün də var. Nə təəssüf, nə yazıq ki, var! Düzdür, həmin qrupun böyük əksəriyyəti və onların havadarları 2005-də ifşa olundu, törətdikləri cinayətə müvafiq cəza çəkməyə məhkum edildi. Amma yenə də, hər şeyə rəğmən prosesin yekunlaşdığını düşünmək, hər şeyin elə o xəyanətkarların ifşası ilə sona yetdiyini zənn etmək ən azından sadəlövhlük olardı məncə. Niyə? Çünki, baş verən hadisələrdən özü üçün dərs götürmək bəzi insanların istedadının tam fövqündədir. Bu iqtidarda elə şarlatanlar var ki, onlar heç bir zaman düzəlməyəcək. Bəli, məhz şarlatan! Mən onların adını belə qoymuşam və düşünürəm ki, hakimiyyət komandasında təmsil oluna-oluna Prezidentin yürütdüyü siyasətə əngəl yaratmağın, ümumi işin ziddinə getməyin bir başqa adı yoxdur.

- Amma nəzərə alın ki, haqqında danışdığınız komandanı gizlin deyil, elə açıq şəkildə tərk edənlərə də münasibət birmənalı deyil...

- Əgər verdiyiniz sualla "Ziyalılar Forumu"nda cəmləşən insanlara eyham vurursunuzsa, o zaman bilin ki, bu məsələdə sizinlə qətiyyən razı deyiləm. Səbəb də sadədir: Həmin şəxslərin çoxu nəinki ictimai-siyasi fəaliyyətini, bütünlükdə həyatlarını möcvud iqtidara borclu olan biriləridir. Və o düşərgənin təmsilçiləri bu gün irəli sürdükləri ideyalarla, saxta həqiqətlərlə əslində sahib olduqları keçmişi, dünəni inkar edirlər. Ən böyük porodoks da budur!

- Yəni düşünürsünüz ki, həmin toplum iqtidar cəbhəsindəki mövqeyini itirdiyinə görəmi əks qütbə keçib?

- Mövqe anlayışı bu insanların adı ətrafında sanbalsız görünür... Mənfəət deyək, daha doğru olsun.

Aysel
AzNews.az