Misirdəki həmvətənlərimiz “Qafqaz üçlüyü” filmini qətiyyətlə pisləyirlər

Ssenari müəllifi Rüstəm İbrahimbəyov olan “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqının qorxaq, qəddar obrazda, ermənilərin isə sülhsevər və cəsarətli kimi təqdim olunması yolverilməzdir və heç bir sağlam məntiqə sığmır. Misirdə yaşayan həmvətənlərimiz bunu qətiyyətlə pisləyir.

Bu fikirləri AzNews.az-a açıqlamasında ölkəmizin Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, Qahirə Universitetinin müəllimi, tədqiqatçı alim Seymur Nəsirov deyib söyləyib.

Onun sözlərinə görə, İbrahimbəyovun antimilli və iftira ilə dolu bu filmi hər bir azərbaycanlıya və Azərbaycana ağır mənəvi zərbədir. Ölkəmiz Ermənistanın Azərbaycana qarşı aqressiv siyasətini dünyaya sübut etdiyi bir vaxtda tarixi faktların, mövcud reallıqların saxtalaşdırıldığı, qərəzli və yalan məlumatların yer aldığı bu filmin çəkilməsi çox acınacaqlıdır. Dağlıq Qarabağda baş verən hadisələr, torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğal olunması, Xocalı soyqırımı, şəhidlərimiz hər bir vətəndaşımızın qəlbində bir yaradır. Bu reallığı təhrif etmək və ictimaiyyətin fikrini yanlış səmtə yönəltmək ancaq və ancaq pislənilə bilər:

"Rüstəm İbrahimbəyovun öz xalqına qarşı bu xəyanətkar davranışı bütün dünyada azərbaycanlıları ən neqativ fonda təqdim etmək üçün yeni əsas yaradır. Azərbaycanlı tərəfindən “etiraf” olunan bu “həqiqətlər” dünya erməniliyi üçün əsl hədiyyədir. Torpaqlarının 20 faizi işğal altında olan, həmin ərazilərdə bütün milli-mədəni irsi dağıdılmış, on minlərlə azərbaycanlının həlak olduğu, uşaqlarının, qadınlarının, qocalarının qəddarcasına, işgəncə ilə qətlə yetirildiyi bir xalqın nümayəndəsinin bu “etirafları” milli xəyanətin, insan mənəviyyatının deqradasiyası və alçalmasının, öz milli köklərinə, xalqına nifrətin bariz nümunəsidir. Peşəsindən, cəmiyyətdəki sosial statusundan asılı olmayaraq ümummilli məsələlərdə hər kəs vətəndaşlıq mövqeyi nümayiş etdirməli, dövlətçiliyi və milli maraqları hər şeydən üstün tutmalıdır. Belə məsələlərdə vahid mövqedən çıxış etmək və xalqımıza düşmən kəsilən ünsürlərə tutarlı cavab vermək çox vacibdir.