- Köhnə - Siyasət
- 30 May 2018 10:32
- 8 978
“26 Azərbaycan Müstəqilliyinin Memarları abidəsi ucaldılsın” - Fazil Mustafadan təklif
Milli Məclisin deputatı Fazil Mustafa həmkarı Qüdrət Həsənquliyevin təklifinə dəstək verib.
AzNews.az xəbər verir ki, deputat Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında "İstiqlal bəyannaməsi"nə səs vermiş tarixi şəxsiyyətlərin doğulduğu bölgələrdə xatirə abidəsinin qoyulması təklifini doğru hesab edir:
“Doğru bir təklifdir, gerçəkləşsə yaxşı olardı. Bununla belə, düşünürəm ki, başqa bir ideya barədə düşünmək də maraqlı olardı. Bakının indiki "Sahil Bağı" adlanan yerində Azərbaycan xalqının soyqırımını gerçəkləşdirmiş məşhur 26 Bakı Komissarının şərəfinə ucadılmış "26-lar" abidə kompleksi var idi. Sonradan buradakı kompleks haqlı olaraq ortadan qaldırılsa da, indiyədək bu bağın adı keçmiş alışqanlığa uyğun olaraq “26-lar” bağı kimi tanınmaqdadır. Bizim Müstəqil Cümhuriyyət ideyası Bakı Kommunasının Sovet Azərbaycanı ideyasına qalib gəldiyinə görə, bu qələbənin simvolik təsvirini də məhz “26-lar” bağı üzərindən etmək mümkündür. Tarixi sənədlərdən bizə bəllidir ki, 27 may 1918-ci ildə Tiflis şəhərində Şərqi və Cənubi-Şərqi Zaqafqaziyada Azərbaycanın Müstəqil Xalq Cümhuriyyəti kimi elanı barədə qərar qəbul edilən iclasda Zaqafqaziya Seyminə daxil olan türk-müsəlman millət vəkillərindən 26 səlahiyyətli təmsilçi iştirak etmişdir. Onlardan 24 nəfər cümhuriyyətin lehinə səs vermiş, iki nəfər-Sultan Məcid Qənizadə və Cəfər Axundov səsvermədə bitərəf qalmışlar. Həmin bitərəf qalanlar da prinsipcə müstəqilliyin lehinə olmuş, sadəcə zamanlama məsələsinə görə belə bir mövqe tutmuşdular. Maraqlıdır ki, Azərbaycanın müstəqilliyinə qarşı olanlar da, müstəqilliyə səs verənlər də 26 nəfər olmuşlar. Bu halda 26 Bakı Komissarının keçmiş abidəsinin yerində 26 Azərbaycan Müstəqilliyinin Memarları abidəsinin ucadılması barədə düşünmək olar”.
Qeyd edək ki, bir neçə gün öncə millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması barədə qərarın verilməsində iştirakı olan, yəni istiqlal bəyannaməsinə səs vermiş tarixi şəxsiyyətlərin doğulduğu bölgələrdə xatirə abidəsinin qoyulmasını təklif etmişdi.
Bahar RÜSTƏMLİ
AzNews.az