“Cənub qaz dəhlizi” regionun ən böyük qaz ixracı layihəsidir - Tahir Mirkişili

“Şahdəniz”dən hasil olunan qazın həcmi, o cümlədən bu yatağın özü dünyada ən böyük qaz ehtiyatlarına sahib olan yataqlardan biridir. Bu baxımdan, Xəzərin qaz ehtiyatlarının Avropaya çatdırılması həm region, həm də Azərbaycan üçün iqtisadi və geosiyasi maraq daşısa da, Avropa İttifaqının özü üçün enerji təhlükəsizliyinin təmin edilməsində həyati əhəmiyyət kəsb edir.

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bu günlərdə rəsmi açılışı baş tutan "Cənub qaz dəhlizi" layihəsini şərh edərkən dedi.

Onun sözlərinə görə, məhz Avropanın cənub və cənub-şərq hissəsindəki ölkələrinə Azərbaycan qazını çatdırmağı nəzərdə tutan "Cənub qaz dəhlizi" layihəsi bu ölkələrin qazla təmin olunmasında mühüm bir əhəmiyyət kəsb edəcəkdir:

“Şahdəniz-2” layihəsi, eyni zamanda Azərbaycan və Gürcüstan ərazisindən keçən Cənubi Qafqaz boru kəməri layihəsi tam icra olunmuş vəziyyətdədir. TANAP layihəsinin də bu günlərdə işə düşəcəyi ilə bağlı məlumatlar verilib. O cümlədən, qısa müddətdən sonra TAP layihəsinin işə düşməsi ilə mavi yanacağın 2020-ci ildə artıq Avropa bazarlarına çatdırılması nəzərdə tutulur. Layihə elə planlaşdırılıb ki, sonradan onun ixrac həcmini iki dəfəyə yaxın artırmaq mümkündür”.

Deputat qeyd etdi ki, layihənin illik ixrac həcmi 30 milyard kubmetrə çatdırılacaqdır. Eyni zamanda, "Cənub qaz dəhlizi" vasitəsilə ilkin olaraq, 16 milyard kubmetrdən çox qazın ixrac olunması nəzərdə tutulur. Avropa İttifaqının cənub və cənub-şərq ölkələrinin illik tələbatı hazırda 30 milyard kubmetrə yaxındır. Qeyd edilən ölkələr üzrə 2025-ci ildə tələbatın 44 milyard, 2030-cu ildə isə 50 milyard kubmetr olacağı planlaşdırılır ki, bu da əslində Azərbaycan qazı üçün iqtisadi cəhətdən böyük bazarın açılması deməkdir:

"Düşünürəm ki, "Cənub qaz dəhlizi" layihəsinin açılışı həm Azərbaycanın nüfuzunun, iqtisadi imkanlarının, həm dövlət başçısının siyasi nüfuzunun, həm də Azərbaycan-Avropa İttifaqı və qonşu ölkələr arasında yüksək əməkdaşlığın bariz nümunəsidir.

Elgün Mənsimov
AzNews.az