- Köhnə - Siyasət
- 8 İyun 2018 16:34
- 7 855
Paşinyan: köhnə cinayətkar xuntanın saqqallı yeni üzü...
Nikol Paşinyanın "üçüncü tərəf"lə bağlı iddiaları Dağlıq Qarabağ üzərində aparılan danışıqların ruhuna uyğun deyil və mövcud reallığı əks etdirmir.
Ermənistanın yeni baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri S.Lavrovla görüşündə bildirib ki, hüquqi və mənəvi baxımdan onun Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdur. Əsas arqument kimi o, “DQR”in parlamenti, prezidenti və hökuməti olan müstəqil ölkə” olduğunu, onun baş nazir seçilməsində Dağlıq Qarabağ ermənilərinin iştirak etmədiyi barədə fikirlər səsləndirib. Paşinyan deyir ki, Dağlıq Qarabağdan çıxan azərbaycanlılar Azərbaycan vətəndaşlığını qəbul ediblər, Azərbaycan Prezidentinin seçilməsində iştirak edirlər və buna görə də Azərbaycanın dövlət başçısı onların adından danışa bilər.
Paşinyan bildirib ki, Azərbaycanla danışıqları davam etdirə bilər, ancaq bunun üçün əldə olunmuş razılaşmalara riayət etmək lazımdır. Paşinyan iddia edir ki, Azərbaycan tərəfinin vəziyyəti gərginləşdirmək cəhdinə Ermənistan ölümcül zərbə ilə cavab verəcək...
Bəli, Paşinyan da özündən əvvəlki sələfləri kimi sərsəmləyir. Amma dövlət idarəçiliyində təcrübəsiz və yarıtmaz olduğunu özü də təsdiqləyir. Bu, ermənilərin öz seçimidir, rəhbərliyə istər Sarkisyanı, istər Paşinyanı gətirsinlər. Yəni onların daxili işinə qarışmırıq. Lakin söhbət əzəli Azərbaycan ərazisi olan Dağlıq Qarabağdan gedirsə, bu, artıq Ermənistanın deyil, Azərbaycanın daxili işidir. Odur ki, Paşinyandan fərqli olaraq bizim, yəni Azərbaycan tərəfinin Dağlıq Qarabağ üzərində həm mənəvi, həm də hüquqi haqqı var. Ona görə də bu saqqallı adama qondarma iddialarına qarşılıq bizim də deyəcəklərimiz var:
Nəyə görə Dağlıq Qarabağda Ermənistanın hərbi hissələri yerləşir, Ermənistan vətəndaşları orada hərbi xidmət keçir, Dağlıq Qarabağ faktiki olaraq Ermənistan ordusu tərəfindən qorunur; “DQR”-in büdcəsinin formalaşmasında, təchizatında Ermənistan niyə iştirak edir; Əgər həqiqətən də “DQR” “müstəqil subyektdirsə”, onda Ermənistan qoşunlarını oradan çıxarsın, Azərbaycanın Dağlıq Qarabağla təmaslarına mane olmasın. Məhz bundan sonra Azərbaycan qondarma “DQR”lə hər hansı danışıqlar apara və problemi həll edə bilər. Neçə ki işğal faktı ortadadır və bu faktorun arxasında duran Ermənistan dövlətidir, Azərbaycan yalnız onunla danışıqlar apara bilər;
Paşinyan həmçinin Dağlıq Qarabağdan qovulan azərbaycanlıların Azərbaycan vətəndaşı olması faktını xüsusi qabardır. Bu adam dərk eləmir ki, Dağlıq Qarabağ dünya birliyi tərəfindən tanınan Azərbaycan ərazisidir və millətindən, dinindən asılı olmayaraq, orada yaşayan insanlar da təbii ki, Azərbaycan vətəndaşlarıdır.
25 ildir öz yurd-yuvalarından didərgin düşən bu insanlar harada və hansı statusda yaşamalıydılar? Paşinyan bu insanların hansı proseslərin qurbanı olduğunu bilmirmi? Belə olan təqdirdə Paşinyan hansı razılaşmalardan danışır?
Ermənistan mediası və ekspertləri hesab edirlər ki, bu günə kimi bu ölkə aprel hadisələrinin şokunu yaşayır. Aprel hadisələri aydın göstərdi ki, məhz Azərbaycan tərəfi ölümcül zərbə vurmaq iqtidarında və gücündədir.
Açıq-aydın görünür ki, N.Paşinyan danışıqlar formatını dəyişdirmək və Ermənistana sərf edən formada danışıqlara getmək niyyətindədir. Paşinyanın çıxışları və iddiaları göstərir ki, onun sülh haqqında dedikləri səmimi deyil və beynəlxalq auditoriyaya hesablanıb. Paşinyan danışıqlar prosesinin real vəziyyəti haqqında tam məlumatlı deyil. Onun verdiyi bəyanatlar inqilab dalğasında hakimiyyətə gəlmiş birinin daxili auditoriyanın qarşısında simasını itirməmək məqsədi daşıyır. Eləcə də Paşinyanın ölkə daxilində qanunçuluğu bərpa edəcəyi, “sehrli çubuqla” hər şeyi öz yoluna qoyacağı barədə iddiaları onun dövlət idarəçiliyində hələ çox təcrübəsiz olduğunun göstəricisidir.
Eyni zamanda bu iddialar Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı formalaşmış formata, ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyinə hörmətsizliyidir.
Reallıq isə budur: Sarkisyan-Koçaryan cütlüyündən ibarət 1-ci quldur rejim illərdir ki, müxtəlif bəhanələrlə münaqişənin həllini yubatmağa, danışıqlar formatını dəyişməyə çalışdı. O quldur rejimdən danışırıq ki, təkcə Azərbaycan xalqına qarşı deyil, erməni xalqına qarşı da çoxsaylı cinayətlər törədib. 2008-ci il martın 1-də Ermənistanda seçki saxtakarlığına qarşı əhalinin dinc etiraz aksiyasının dağıdılması, insanların gülləbaran edilməsi və nəticdə 10 nəfərin qətlə yetirilməsi bilavasitə R.Koçaryanın öz xalqına qarşı cinayətidir.
Koçaryan-Sarkisyan cütlüyü bu illər ərzində Ermənistanda qanunsuzluğun hökm sürməsi, insan haqlarının kobud şəkildə pozulması, iqtisadiyyatın hakim Qarabağ klanı tərəfindən mənimsənilməsi, Ermənistanda sosial və iqtisadi durumun acınacaqlı vəziyyətə düşməsi, insnların bu ölkədən baş götürüb getməsinə görə birbaşa məsuliyyət daşıyır.
Həmçinin, Katolikos ll Qaregin 2008-ci il martın 1-də dinc etiraz aksiyasının gülləbaran edilməsində birbaşa məsuliyyət daşıyır. O, Ermənistanın o vaxtkı hakimiyyətinə belə cinayətkar addım atmaq üçün öz razılığını və xeyr-duasını verib. Katolikos erməni xalqının bəlalarında heç də Sarkisyan və Koçaryandan az cavabdeh deyil. İşğalçılıq ideologiyasının, qondarma soyqırımı iddialarının əsas ilhamvericilərindən biri də məhz oldur.
Budur, indi də bir balaca elitar siması ilə fərqlənən Paşinyan, xələfi olduğu həmin cinayətkar rejimin ənənəsini davam etdirmək eşqindədir. Məqsəd Dağlıq Qarabağla bağlı danışıqları, razılığı maksimum yubatmaq, bununla status-kvonu saxlamaqdır. Lakin Ermənistan bunu da nəzərə almalıdır ki, Azərbaycan artıq heç bir güzəştə getməyəcək. İşğalçı və təcavüzkar ölkə olan Ermənistanla 25 ildən artıq danışıqların aparılması Azərbaycanın ən böyük güzəştidir...
Elgün Mənsimov
AzNews.az