- Köhnə - Siyasət
- 27 İyun 2018 12:53
- 4 411
Türkiyə KİV-ləri Bakıda keçirilən təntənəli hərbi paraddan yazır - Fotolar

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad qardaş Türkiyənin kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, xarici ölkələrin respublikamızdakı səfirlərinin, hərbi attaşelərinin, beynəlxalq təşkilatların əməkdaşlarının, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərlərinin, müharibə veteranlarının və paytaxt ictimaiyyətinin nümayəndələrinin hərbi parada baxmasının da əks olunduğu informasiyalarda günbəgün qüdrətlənən Azərbaycan Silahlı Qüvvələrinin hərtərəfli inkişaf edərək qüdrətli orduya çevrilməsinə diqqət çəkilib.
Qardaş ölkənin geniş tərkibli heyətlə paradda iştirakı, o cümlədən Türkiyə istehsalı olan hərbi texnika və məhsulların Ordumuzun təchizatına daxil edilməsi və s. maraqlı məqamlar informasiyalarda xüsusi vurğulanıb.
Anadolu agentliyinin hərbi paraddan yaydığı 45 fotoşəkil Silahlı Qüvvələrimizin qüdrətini, Ordumuzun hərbi hazırlığını və yüksək təchizatını dolğun əks etdirir. Agentliyin 22 foto ilə təqdim etdiyi ikinci fotosessiya isə “Türk Ulduzları” və “Solo Türk” aviasiya qrupları Bakı səmasında” sərlövhəsi ilə oxucuların diqqətinə çatdırılıb. Bu fotosessiyalar onlarla nüfuzlu xəbər portalında da yayımlanıb.
Türkiyənin nüfuzlu “Milliyyət” “Axsam”, “Star”, “Yeni Şəfəq”, “Sabah” və digər qəzetlərində də Azadlıq meydanındakı hərbi parad barədə geniş informasiyalar dərc edilib. Yazılarda Azərbaycan Ordusunun qüdrətlənməsi qardaş ölkələrimizin və xalqlarımızın qürur mənbəyi kimi təqdim olunub.
Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən hərbi parad Türkiyənin televiziya kanallarında da geniş işıqlandırılıb.
AzNews.az







