“Paşinyan orijinal təxribatlar hazırlayıb” - Politoloq

Ermənistanın yeni baş naziri N.Paşinyan Aİ rəsmiləri ilə görüşdə Dağlıq Qarabağa hücumu bütün regionda çiçəklənən demokratiyaya hücum kimi təqdim etdi.

Guya Ermənistandakı “məxməri inqilab” Azərbaycanı qorxudub. Bununla demokratiya adından Aİ-ni şantaja çəkdi. Aİ rəsmilərinin davranışı N.Paşinyanın şantajının effekt yaratmadığını göstərdi. F.Moqerinin N.Paşinyanla görüşdən dərhal sonra yaydığı bəyanat bunun ən bariz nümunəsidir. F.Moqerini Dağlıq Qarabağ danışıqlarını dolğun məzmunda və heç bir şərt qoymadan davam etdirməyə çağırdı. Bu bütün Qərb dünyasının N.Paşinyana cavabı kimi dəyərləndirilə bilər. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi F.Moqerinin barmağı dünya siyasətinin nəbzinin üstündədir.

Özünün etirafına görə N.Paşinyanın demokratiyası cəmi 3 aylıqdır. Belə demokratiyanın hansısa dövlətə təhlükə yaratması və ya Ermənistanda bərqərar olması yalnız N.Paşinyanın fantaziyasının məhsuludur. Belə görünür, Ermənistanda da heç kim onun 3 aylıq demokratiyasına inanmır.

N.Paşinyanın Dağlıq Qarabağ danışıqları üçün daha bir orijinal təxribatı oğlunun Dağlıq Qarabağda hərbi xidməti üzərində qurulub. Ermənistan qanunlarına görə N.Paşinyanın oğlu ən azı 4 il bundan qabaq hərbi xidmətdə olmalı idi. 18 yaşına çatmış Ermənistan vətəndaşı hətta ali məktəbə daxil olsa da belə təhsilini dayandırıb, hərbi xidmətə getməlidir. N.Paşinyanın oğlu Baltikyanı dövlətlərin birində ali məktəbə daxil oldu. Ali məktəb dünya miqyasında TOP 10-luq da deyildi, eləcə də Aşot Paşinyan da xüsusi talantlılar cərgəsində deyildir. Aşot Paşinyan təhsilini yarımçıq dayandırıb, hərbi xidmətə getmədi. Bununla da Ermənistan qanunlarını pozdu. S.Sərkisyan deputat N.Paşinyanın demaqoqluğunun qorxusundan bu məsələni qaldırmadı.

Hər halda 4 il bundan qabaq Aşot Paşinyan hərbi xidmətə dəqiq Dağlıq Qarabağa getməyəcəkdi.
Yeni baş nazir N.Paşinyan oğlunu Dağlıq Qarabağa hərbi xidmətə göndərməklə beynəlxalq hüquq normalarını pozdu. Çünki N.Paşinyanın beynəlxalq hüquq normalarına münasibətinin necəliyindən asılı olmayaraq Dağlıq Qarabağ de-yure Azərbaycan ərazisidir. BMT 1992-ci ildə keçmiş SSRİ respublikalarını üzv qəbul edərkən Uti possidetis prinsipindən istifadə etdi. O zaman aktiv jurnalistika ilə məşğul olan tələbə N.Paşinyan bu məsələyə etiraz etmədi.

N.Paşinyanın oğlunun Dağlıq Qarabağda hərbi xidmətdə olması:

ı. Azərbaycan rəhbərliyinin onunla görüşünü qəlizləşdirir. N.Paşinyan və onun ətrafı bunu Dağlıq Qarabağın qeyri-Azərbaycan ərazisi kimi legitimləşdirilməsi istiqamətində addım kimi təqdim edəcəklər. Guya Azərbaycan rəhbərliyi oğlu Dağlıq Qarabağda hərbi xidmətdə olan Ermənistan rəhbəri ilə görüşüblər. Həqiqətən tənzimlənmənin tarixində ilk dəfədir belə hal yaranır. L.Ter-Petrosyanın övladlarının davranışı barədə təfsilatlı məlumat yoxdur. R.Köçəryan Ermənistan prezidenti olduqdan sonra oğlanları hətta Dağlıq Qarabağa nadir hallarda gedirdi. S.Sərkisyanın oğlu olmayıb.

ıı. N.Paşinyan və onun ətrafı beynəlxalq aləmdə Aşot Paşinyanın Dağlıq Qarabağda hərbi xidmətdə olmasına “Azərbaycan rəhbərliyinin dözümlü münasibət nümayiş etdirməsini” təbliğat elementinə çevirib ATƏT MQ-yə və digər dövlət başçılarına təqdim edəcəklər.

ııı. N.Paşinyan oğlunun Dağlıq Qarabağda hərbi xidmət keçməsini özünün danışıqlar prosesində birbaşa iştirakı ilə konkret əlaqələndirə biləcək. Danışıqların gedişində kimsə ona ön xətdə atışmanın başladığı xəbərini verə bilər. İsterika sahəsində böyük təcrübəsi olan N.Paşinyan danışıqlar stolu arxasında müxtəlif dəliliklər edə bilər.

Dağlıq Qarabağ danışıqlarında Ermənistan tərəfinin orijinal yayınma variantları olub. İndi həbsdə olan R.Köçəryan danışıqlardan bir dəfə tualetə getmək adı ilə qaçıb. Başqa bir vaxtda isə hansısa qohumunun ölüm xəbərindən istifadə edib son anda danışıqları yarımçıq kəsib. S.Sərkisyanın da belə variantları olub.

N.Paşinyan isə 3 aylıq demokratiyasını və Ermənistan qanunları ilə hərbi xidmətdən yayınmış oğlunu Dağlıq Qarabağa hərbi xidmətə göndərməklə Dağlıq Qarabağ üzrə dinc danışıqlardan yayınmaq üçün orijinal təxribat metodları hazırlamaq üçün istifadə edir.

Bəlkə də N.Paşinyan Dağlıq Qarabağ danışıqlarına hazır deyil. Bu halda ən yaxşı variant danışıqların Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarına həvalə edilməsidir. İl yarımdan sonra N.Paşinyanın oğlunun hərbi xidməti başa çatacaq, demokratiyasının təxminən 2 yaşı olacaq. Hakimiyyətdə qalsa, danışıqları özü davam etdirər.

Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq