İran hətta adi hallarda da daim siyasi təhlilçilərin diqqətində olsa da, nüvə razılaşmasının ABŞ tərəfindən birtərəfli qaydada pozulmasından sonra bu ölkəyə maraq bir az da artıb. İran hətta adi hallarda da daim siyasi təhlilçilərin diqqətində olsa da, nüvə razılaşmasının ABŞ tərəfindən birtərəfli qaydada pozulmasından sonra bu ölkəyə maraq bir az da artıb.

İran 6 avqust xəttini adladı, qarşıdan isə...

İran hətta adi hallarda da daim siyasi təhlilçilərin diqqətində olsa da, nüvə razılaşmasının ABŞ tərəfindən birtərəfli qaydada pozulmasından sonra bu ölkəyə maraq bir az da artıb.

Bu diqqətin pik nöqtəsi elə bu günlərə təsadüf etdi. Belə ki, avqustun 6-da sanksiyaların birinci mərhələsi işə düşdü.

Düzdür, digər saziş iştirakçısı olan ölkələr, o cümlədən də Avropa dövlətləri hələki ABŞ-ın sanksiya siyasətinə dəstək vermir və onu nüvə razılaşmasına əməl etməyə çağırırlar.

Çox maraqlıdır ki, son bir neçə gündə elə ABŞ prezindentinin özünün də İran prezidentilə görüşə hazır olması haqqında xəbərlər gündəmdən düşmür, amma bununla belə Yeni Dünya sanksiyaları davam etdirməkdə və genişləndirməkdə israrlı görünür.

Həlledici mərhələ isə noyabrın 4-dən başlayacaq, həmin vaxtdan başlayaraq Tehranın neft ixracına da sanksiyalar şamil ediləcək və artıq İran rəsmiləri bununla bağlı təhdidiedici bəyanatlar verməkdə davam edir, İranın neft ixracına qadağalar tətbiq ediləcəyi təqdirdə regionun heç bir dövlətinin Hörmüz boğazından neft ixrac etməyəcəyilə hədələyir və ABŞ-ı bundan çəkindirməyə çalışırlar.

Üstəlik, bəzi təhlilçilər İran-ABŞ müstəvisində hətta hərbi əməliyyatların da baş verəcəyini istisna etmirlər. Bu konteksdə region dövlətlərindən ən çox fəallıq edən İsraildir. Elə avqustun 6-da sanksiya rejiminin birinci mərhəsləsinin başlanmasını da alqışlayan ilk növbədə baş nazir B.Netanyuhu oldu. Amma region dövlətləri, eləcə də Avropa ölkələri belə perspektivi hələki ciddiyə almırlar.

Əlbəttə ki, İranın ABŞ-la yaşadığı qarşıdurma region üçün, o cümlədən də Azərbaycançün müəyyən təhdidlər yaradır. Bu təhdidlər isə həm İran, həm də ABŞ tərəfindən gələ bilər.

ABŞ məsələsi belədir ki, Birləşmiş Ştatlar təkcə İranla iş görən şirkətləri deyil, ölkələri də bundan çəkindirməyə və sözün əsl mənasında anti- İran koalisiyası formalaşdırmağa dəvət edirlər.

İrana gəldikdəsə, teokratik rejim geosiyasi hədəflərini o qədər tez-tez dəyişir ki, onun dostluğu ilə düşmənçiliyindən baş açmaq olmur. İrəvanı necə var, eləcə də qəbul edən İran Bakıya fərqli meyarlardan yanaşır, bir tərəfdən özünün siyasi modelini buralara da proyeksiya etməyə, digər tərəfdən isə Bakının xarici siyasət prioritetlərini özünə sərf edəcək bir istiqamətdə yönəltməyə çalışır. Xüsusən də İsraillə və ABŞ-la Bakının apardığı siyasət Tehranı qəti qane etmir, halbuki Bakı nəinki sözdə, hətta əməldə bir neçə dəfə təsdiq edib ki, onun bu iki ölkə ilə əməkdaşlığı heç bir halda Tehrana qarşı yönəlməyib və bundan sonra da yönəlməyəcək...

Buna əmin olmaq üçün rəsmi Tehranın daim imkanı və vaxtı olub. Amma bununla belə cənub qonşumuzun siyasətində qeyri-səmimi notlar bir an belə kəsilməyibdi, sanki ABŞ-ı Cənubi Qafqaza gətirən bütün yol, iriz Bakıdan keçir. Halbuki heç də belə deyil. Məsələn, indi Vaşinqtonla Astana arasında intensiv proses gedir və hərbi logistika məqsədləri üçün Qazaxıstanın imkanlarından istifadə etmək nəzərdə tutlur.

Təbii, belə bir tranzit dəhlizi yaransa Bakı da onun bir həlqəsi olacaq, çünki bunun Azərbaycan üçün, xüsusən də Bakı-Tiflis–Qars dəmiryolu xətti üçün ciddi iqtisadi dividendləri ola bilər. Belə halda Azərbaycan nə etməlidir? Bu cür sərfəli əməkdaşlıqdan imtina etməlidirmi?..

Məlum olduğu kimi, ABŞ-la Türkiyə arasında da müəyyən soyuqluq yaranıb. Üstəlik, Ankaranın Qüdslə də bağlı müəyyən problemləri var. Di gəl ki, Ankara bircə dəfə belə olsun, Bakının ABŞ və İsraillə bağlı əlaqələrini yönəltməyə çalışmayıb. Eyni dözümü Tehran nümayiş etdirə bilməzmi? Heç olmasa, nəzərə almaq bu qədər çətindirmi ki, ABŞ-la çox kiçik soyuqluq Azərbaycandan daha güclü və böyük olan Tükiyənin maliyyə sistemini bircə günün içində qarışdırdı? Aydın deyilmi ki, gənc və kiçik Azərbaycan ABŞ-ın “qara dəftər”inə düşərsə, bundan qat – qat ağır və ciddi problemlər yaşaya bilər, çünki Azərbaycanın iqtisadi və ya təhlükəsizlik parametrləri Türkiyəninkindən qat-qat zəifdir.

Ona görə də açıq deyirik ki, Tehran ətrafında yaranmış vəziyyət bizi təlaşlandırır. O mənada ki, İranın təhdidlərinin bir ünvanı da Azərbaycan ola bilər. Bu səbəbdən də tədbirli və diqqətli olmalıyıq. Hətta istisna deyil ki, Tehran bu xüsusdakı ilk cəhdini artıq edib – bəli, söhbət Gəncə hadisələrindən gedir. Əlbəttə ki, apriori olaraq nəsə demək hələ tezdir və yalnız ciddi hüquqi araşdırmalardan sonra nəyisə yəqinliklə demək olar. Amma həmin hadisələrin iştirakçılarının bəzisinin trayektoriyası İranın müəyyən ünvanlarından keçir. Bir daha deyirik ki, bunlar müvafiq orqanların və onların təmsilçilərinin cəmiyyətə çatdırdığı ilkin təxminlərdir, daha dəqiq sözü yalnız və yalnız ciddi təhqiqatlardan sonra demək olar. Amma məsəl var, deyirlər ki, ilan vuran ala çatıdan qorxar...

Qərəz, düşünüləsi, daşınalası məqamlar çoxdur. Di gəl ki, biz bu sətirləri yazarkən iki xəbər gəldi.

Ən birincisi, deyildi ki, AB rəsmisi İttifaq ölkələrinin ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayacağını bildirib.

İkincisi, xəbər verildi ki, D.Tramp qərarını ləngitməyi düşünür, belə ki, sanksiyaları noyabrın 4-dən tətbiq etmək nəzərdə tutulur.

Nə demək olar? Hər bir halda, təskinlikverici xəbərlərdir, çünki regiondakı gərginlik heç kimin, xüsusən də region dövlətlərinin özlərinin maraqlarına cavab vermir. Necə deyər, sülhün alternativi olmur...

Hüseynbala Səlimov