“Tacikistan prezidentinin Bakıya səfəri islam həmrəyliyini gücləndirəcək” - Deputat Azər Badamov

“Tacikistanla Azərbaycan arasındakı dostluq və əməkdaşlıq əlaqələri çox yüksək səviyyədədir. Bu proses özünü Tacikistan prezidenti Emoməli Rəhmanın Azərbaycana səfərində bir daha göstərdi”.

Bunları AzNews.az saytına Tacikistan prezidenti Emoməli Rəhmanın səfəri ilə bağlı danışan Azərbaycan Milli Məclisin Regional Siyasəti Komitəsinin üzvü Azər Badamov deyib.

O, bildirib ki, hər iki ölkənin tarixlərində bənzərliklər olub və Azərbaycanda olduğu kimi Tacikistanın da müstəqilliyinin ilk illəri keşməkeşli keçib:

“Bu gün Tacikistan artıq inkişaf etməkdə olan ölkələrdən biridir. Səfər çərçivəsində çoxlu sayda əməkdaşlıq haqqında sənədlər imzalanacağı gözlənilir. Düşünürəm ki, cənab Rəhmanın bu səfəri Azərbaycan-Tacikistan əlaqələrində yeni səhifə açacaqdır.”

A. Badamov həmçinin səfərin islam həmrəyliyi baxımından müsbət təsirinin olacağını vurğulayıb:

“Biz İslam dinli ölkələrik. Tacikistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”.

A. Badamov iki ölkə arasında iqtisadi əməkdaşlıq imkanlarının genişlənəcəyini, sənədlər,layihələr imzalanacağını və qarşılıqlı investisiya qoyuluşlarının həyata keçiriləcəyini də qeyd edib.

Pərvanə AĞAZADƏ
AzNews.az