İsa Qəmbər: “Müxalifət zəifdirsə, hakimiyyət niyə sərbəst toplaşmaq azadlığını təmin etmir?” İsa Qəmbər: “Müxalifət zəifdirsə, hakimiyyət niyə sərbəst toplaşmaq azadlığını təmin etmir?”

“Hamımız narahatıq ki, birdən qan tökülər...” – Müsahibə

İsa Qəmbər: “Müxalifət zəifdirsə, hakimiyyət niyə sərbəst toplaşmaq azadlığını təmin etmir?”



Müsavat Partiyasının başqanı İsa Qəmbər AzNews.az suallarını cavablandırıb.

- Mətbuata açıq olmaq baxımından İsa Qəmbər haqqında birmənalı fikir yoxdur. Çətin müsahib hesab olunursunuz. Bunun səbəbini nə ilə izah edərdiniz?

- Bunu yəqin ki, mənimlə söhbət edənlər, xüsusən də jurnalistlər dəyərləndirə bilərlər. Çalışıram ki, mediaya kifayət qədər açıq olum. Eyni zamanda jurnalistlərin suallarına da dəqiq və dolğun cavab verməyə çalışıram. Xüsusi olaraq cavabın uzun yaxud, qısa olmasına çalışmıram. Amma bu məndə nə dərəcədə alınır, bu artıq başqa məsələdir. Hər halda jurnalist əməyinə hörmət etmək lazımdır, çünki, bu çox əziyyətli və məsuliyyətli bir işdir.

- Jurnalistlər arasında seçim edirsinizmi? Yəni, kimə müsahibə vermək olar, kimə olmaz, deyə bir yanaşmanız var?

- Maraqlı sualdır. Sizin sualınız baxımından mənim üçün jurnalistlərin üç qrupda təsnifatını aparmaq olar. Birincisi, jurnalist olmayan, sadəcə məcburiyyət üzündən bu peşə ilə məşğul olan və bu peşədən başı çıxmayan məsuliyyətsiz, sözünə arxalanmaq mümkün olmayanlar var. Çalışıram ki, bunlarla mümkün qədər az təmasda olum. Təmasda oluramsa da çalışıram ki, o qədər korrekt cavablar verim ki, dediklərimdən sui-istifadə edə bilməsinlər. İkincilər normal jurnalistlərdir, peşəkardırlar, işlərinə, fəaliyyətlərinə məsuliyyətlə yanaşırlar, səninlə söhbət edəndə nəyi soruşmaq istədiklərini bilirlər və buna uyğun olaraq da korrekt davranırlar. Təbii ki, mənim həmin jurnalistlərə hörmətim var. Üçüncü qrup isə təcrübəyə əsaslanaraq etimad göstərdiyim jurnalistlərdir. Bilirəm ki, onlar öz fəaliyyət sahələrinə sadəcə peşə kimi baxmırlar, həm də cəmiyyətə xidmət kimi baxırlar, müsbət prosesləri, demokratik dəyişiklikləri sürətləndirmək maraqları var. Bunlara artıq mən sadəcə jurnalist kimi deyil, həm də vətəndaş mövqeyi olan tərəfdaş kimi baxıram.

- Qarşıdan gələn prezident seçkilərinə hazırlıqları necə dəyərləndirirsiniz?

- Bu il seçkilər var və biz hesab edirik ki, bu il seçkilərdə xalqın iradəsinin gerçəkləşməsi kifayət qədər realdır. Müsavat Partiyası olaraq biz daim növbəti seçkilərə hazırlıq vəziyyətindəyik. Belə ki, Müsavat Partiyasında xüsusi olaraq yaradılmış seçki departamenti var. Bu seçki departamenti də faktiki olaraq seçki qərargahını əvəz edən bir struktur kimi çalışır. Sadəcə olaraq, bilavasitə seçki mərhələsində seçki qərargahının işi genişlənir, amma digər dönəmlərdə seçki departamenti siyasi qüvvə, siyasi partiya hansı işləri görməlidirsə, həmin işlərlə məşğul olur. Bütövlükdə siyasi partiyanın, siyasətçinin işi elədir ki, daim öz hərəkətləri, öz qərarları, öz addımları ilə növbəti seçkilərə hazırlıq fəaliyyətində olmalıdır.

- Amma bu da reallıqdır ki, siyasi partiyaların fəaliyyəti cəmiyyətdə lazımi səviyyədə hiss olunmur. Bunun səbəbləri nədir?

- Mən o fikirdə deyiləm ki, hiss olunmur. Sadəcə Azərbaycanda media, elektron KİV-lər, televiziyalar kifayət qədər hakimiyyətin nəzarətində olduğundan ölkədəki siyasi qüvvələr nisbəti, müxtəlif siyasi qüvvələrin fəaliyyəti o qədər də aydın görünmür. Amma bizim bütün fəaliyyətimiz, cəmiyyəti, xalqı narahat edən mövzulardır. Biz hakimiyyətə gələndə o problemləri həll edəcəyimizə əminik, özümüzə, cəmiyyətimizin gücünə inanırıq. Bugünkü hakimiyyətin bu işləri görəcəyinə inanmasaq da, cəmiyyəti, xalqı narahat edən məsələləri də israrla səsləndiririk, bunların həll olunmasını hakimiyyətdən tələb edirik. İstər Qarabağ, istər sosial-iqtisadi məsələlər, istər haqq-ədalət məsələləri olsun - biz bütün məsələlərdə xalqın, cəmiyyətin mövqeyini ortaya qoyuruq. Eyni zamanda bəzən də hansısa təhlükəli proseslər cəmiyyətdə o qədər aydın görünməyəndə də, siyasi qüvvələr onu görməyi və həmin təhlükədən xalqı, cəmiyyəti xəbərdar etməyi bacarmalıdır. Biz bu missiyanı da həyata keçirməyə çalışırıq.

- Amma cəmiyyətdə kütləvi aktivlik də müşahidə olunmur. Bu süstlüyün səbəbini nədə axtarmaq lazımdır?

- Mən yenə də sizinlə razılaşa bilmirəm. Siz 5, 3, 2 il əvvəlki vəziyyətlə indiki vəziyyəti müqayisə edin. Cəmiyyətin fəallaşması göz qabağındadır. Bizim də fəallığımız artıb. Sadəcə olaraq, hakimiyyət ciddi-cəhdlə Müsavat və digər demokratik qüvvələrin fəallığından, xüsusən də bizim cəmiyyətlə, xalqla bütünləşməyimizdən çox narahat olduğu üçün bunun qarşısını almağa çalışır.
Digər bir tərəfdən də bizim bu tədbirlərimiz hakimiyyət mediasında, ümumiyyətlə işıqlandırılmır, əksər media strukturları isə bu məsələlərdə ehtiyatlı davranırlar.
Belə olan halda siyasi qüvvələrin, cəmiyyətin fəallığının yetərincə olmaması təəssüratının yaranması mümkündür.

- Belə bir fikir var ki, müxalifət regionlarda baş verən xırda sosial narazılıqları siyasiləşdirməklə ondan məqsədləri üçün istifadə etməyə cəhd edir...

- Quba, Binə, İsmayıllı və digər hadisələrin hansı biri siyasi deyil? Qubada dövlət başçısının təyin etdiyi icra başçısı camaatı təhqir etdi. Bu siyasi hadisədir, yoxsa məişət hadisəsi? Dövlət başçısı təyin etdiyi vəzifəli şəxslərə cavabdehdir, yoxsa yox? Binədə çox çətinliklə ailəsinə dolanışıq pulu qazanan kiçik ticarətçiləri, biznesmenləri "rüşvət presi" altında o qədər əzdilər ki, hətta onlar kimi siyasi, ictimai fəallıqdan uzaq olmağa çalışan insanlar da ayağa qalxaraq Prezident Administrasiyasına doğru dinc yürüş etmək qərarı verdilər. Həmin rüşvəti bu hakimiyyətin nəzarəti altında olan strukturlar yığmırmı, həmin insanları incidənlər bu hakimiyyətin təyin etdiyi məmurlar deyilmi? İsmayıllı hadisələrini götürək. Dövlət başçısı özü də hansısa formada reaksiya verməyə məcbur oldu ki, "harınlamış, qudurmuş məmurlar və övladları" var. Həmin məmurları müxalifətmi təyin edib həmin vəzifələrə?
Bunu edən hakimiyyətdir, deməli, bunu hakimiyyət edirsə, bu həm də siyasi hadisədir. Eləcə də orduda, hərbi hissələrdə, sərhəd xidmətində, silahlı qüvvələrin başqa hissələrində döyüş şəraitində deyil, dinc şəraitdə baş verən əsgər ölümlərini götürək. Bu, bir-iki hadisə olsa, onu təsadüf, məişət hadisəsi kimi qiymətləndirmək olar. Ancaq bu ardıcıl surətdə davam edirsə, az qala, hər gün biz bu cür ölüm xəbərləri alırıqsa, bu siyasi hadisələrə çevrilir, yoxsa yox? Orduda vəziyyətə kim nəzarət etməlidir? Müxalifətin imkanı varmı ki, orduda vəziyyətə nəzarət etsin, orduda qayda-qanun yaratsın? Bizə imkan versinlər, biz bütün silahlı qüvvələrdə qayda-qanunu bərpa edək və əsgər ölümləri ilə bağlı vəziyyəti də köklü şəkildə dəyişək. Bütün bu vəziyyəti yaradanlar da, onun nəticələrinə görə cəzalandırılmayan məmurlar da hakimiyyətin nəzarətindədir. Ona görə də bütün bu hadisələrin mahiyyəti siyasidir.

- Ölkə müxalifətin kifayət qədər zəif olması ilə bağlı cəmiyyətdə artıq oturuşmuş bir fikir var. Elə hakimiyyət də müxalifətin gücsüz olduğunu, xalqdan dəstək almadığını iddia edir...

- Əvvəla, müxalifətin gücü kifayət qədər aydın görünür. Bu bizim əhalinin müxtəlif təbəqələri ilə keçirilən görüşlərimizdə özünü göstərir. Cəmiyyətin fəallığı bütövlükdə müxalifətin gücüdür, bunu da nəzərə alın. Əgər müxalifət zəifdirsə, hakimiyyət nədən sərbəst toplaşma azadlığını təmin etmir? Müxalifət zəifdirsə, imkan versinlər, müxalifət meydanlara çıxsın və qısa müddətdə görünsün ki, müxalifətin heç bir gücü yoxdur. Əgər müxalifət zəifdirsə, müxalifətin deyiləcək sözü yoxdursa, niyə televiziyalar faktiki olaraq müxalifətin üzünə bağlıdır? Normal, demokratik ölkələrdə olduğu kimi imkan versinlər, televiziyalarda müxalifət də görünsün, siyasi debatlar da aparılsın. O zaman cəmiyyətin buna reaksiyası da görünəcək və xalqın kimin arqumentlərinə inanıb inanmadığı da açıq şəkildə ortaya çıxacaq.

- Müxalifətə yönələn ittihamlardan biri də öz mövcudluqları ilə hakimiyyətə ölkədə demokratiyanın olduğunu iddia etmək imkan yaratmasıdır...

- Mən bununla razı deyiləm. Çünki bu məntiqsiz bir yerə gedib çıxacaq. Belə çıxacaq ki, rejimin avtoritar olduğunu sübut etmək üçün siyasi partiyalar, media strukturları fəaliyyət göstərməməlidir, QHT-lər olmamalıdır və bütövlükdə cəmiyyət susmalıdır. O zaman avtoritar rejimə qarşı mübarizəni necə aparmaq olar? Mübarizə aparmaq üçün təşkilatlanmaq lazımdır. Təşkilatlanmaq da media strukturlarının, siyasi partiyaların, QHT-lərin və s.olmasını tələb edir. Bu strukturlar da tam fərqli şəkildə fəaliyyət göstərə bilmirlər, o zaman bəziləri dediyiniz arqumenti səsləndirirlər. Amma hər halda bu mübarizədir, mübarizə də olmalıdır ki, onun nəticəsi olsun.

- Beynəlxalq qurumların hesabatlarında Azərbaycanın adının mənfi reytinq cədvəlində yer alması bəzən müxalifətin az qala toy-bayram etməsinə səbəb olur. Bu, qəzet səhifələrində, tədbirlərdə əldə bayraq olur. Sizcə, həqiqətənmi bu hesabatlarda ikili standart yoxdur?

- Bu təşkilatların hamısını eyni dərəcədə obyektiv hesab etmək olmaz. Amma fakt budur ki, axı Azərbaycanda korrupsiya olmasa, yaxud aşağı səviyyədə olsa, amma bu təşkilatlar Azərbaycanın korrupsiyada lider ölkə olduğunu desə təbii ki, biz deyərik ki, sən ikili standarta və s. baş vurursan. Əgər Azərbaycan Avropa ölkələri arasında ən çox siyasi məhbus olan ölkələrdən biridirsə, bu bir gerçəklikdir, bunu beynəlxalq təşkilatlar desə də, deməsə də biz bunu bilirik. Ona görə də bu arqument də o qədər ciddi arqument deyil, sadəcə olaraq bu artıq hakimiyyətin məsuliyyətidir. Əgər hesab edirlərsə ki, kimsə Azərbaycana qarşı obyektiv deyil, deməli elə siyasət aparmalı, elə reallıq ortaya qoymalısan ki, sənə obyektiv olmayanlar da səni tənqid edə bilməsinlər. Tutaq ki, 10 təşkilat Azərbaycanda siyasi məhbuslarla bağlı narahatlıqlarını bildirirlər. Onlardan 5 obyektivdir, 5-i isə Azərbaycanı sevmir, Azərbaycana qarşı mənfi münasibətdədir, ona görə də bunu deyir. Sən siyasi məhbus məsələsini həll elə, onda obyektiv olanı da, olmayanı da bu mövzuya son qoyacaqlar.

- Prezident seçkilərinə altı ay vaxt qalır. Seçkidə qalib gəlməyə iddialı partiya olaraq mövcud durumu necə xarakterizə edərdiniz?

- Hələ ki, bu mövzuda son sözü demək tezdir. Aydın məsələdir ki, ölkədə demokratik şərait yoxdur, ölkədə siyasi qüvvələr üçün bərabər şərait, media azadlığı yoxdur, televiziyalar müxalifətin üzünə bağlıdır və.s. Təbii ki, belə bir şəraitdə Azərbaycanda normal seçki mühitinin, imkanlarının olduğunu demək mümkün deyil. Amma eyni zamanda bu vəziyyəti dəyişmək üçün fəaliyyət göstərmək, mübarizə aparmaq lazımdır. Mən hesab edirəm ki, bu il o fəallıq əvvəlki seçki illərindəkindən az deyil, çoxdur, prosesin artan xətlə getdiyini də görürəm və inanıram ki, seçki ərəfəsində vəziyyət kifayət qədər dəyişmiş olacaq.

- Sizə qarşı yönələn ittihamlardan biri də seçici səslərinə sahiblənə bilməməklə bağlıdır...

- Nəinki prezident seçkiləri, hətta parlament seçkilərində də hakimiyyətin razılaşmadığı heç bir qüvvə parlamentdə təmsil olunmayıb. Demirəm ki, bütün parlament seçkilərində seçilənlər, xalqın dəstəyini alanlar olmayıb, bu olub, amma onlar bu hakimiyyətin razılığı ilə orada oturublar. Əgər bu müddətdə rejimin parlamentə buraxmaq istəmədiyi heç bir şəxs qələbəsini təsdiq etdirə, reallaşdıra bilməyibsə, niyə yalnız İsa Qəmbərdən söhbət gedir?

- Bəs 2003 və 2005-ci illərdə bir arada olan müxalif siyasi qüvvələrin arasında yaşanan gərginliyi necə izah edərdiniz?

- Həmin illərin yanvar-fevral ayları ilə müqayisədə bu gün münasibətlərdə vəziyyət o qədər də dəyişməyib. Bəlkə də bu il demokratik qüvvələrin əməkdaşlığı daha yüksək səviyyədədir, nəinki həmin illərdə.

- Konkret olaraq Rəsul Quliyevlə İsa Qəmbər arasında münasibətlərin kəskin olduğu müşahidə olunur və son günlər qarşılıqlı ittihamlar da intensivləşib. Bunun səbəbini nədə axtarmaq lazım gəlir?

- Bu, əsasən həmkarlarımızın səyləri ilə ortaya çıxan söhbətlərdir, bizim bu mövzulara xüsusi marağımız yoxdur. Çünki biz bu hakimiyyətlə mübarizə aparırıq. Amma indiki mərhələni mən müəyyən mənada yanlış anlaşılma hesab edirəm. Hesab edirəm ki, həmkarlarımız da bunu başa düşüb, yersiz söhbətlərə son qoyacaqlar.

- Səbəb Rəsul Quliyevin ölkəyə qayıdışına İsa Qəmbərin imza atmamasıdırmı?

- Mən bütün siyasi mühacirlərin, o cümlədən Rəsul Quliyevin ölkəyə qayıtmasının tərəfdarıyam və hər zaman da buna çalışmışam. Söhbət mətndəki hansısa cümlələrdən gedir. Yəni, mətn elə yazılmalıdır ki, onu hər kəs imzalaya bilsin.

- Sizcə, vahid namizəd məsələsində müxalifətin razılığa gələ bilməməsi problem yaratmayacaq?

- Bəzilərinə elə gəlir ki, vahid, yaxud da əsas namizəd müəyyənləşən kimi bütün məsələlər həll olunur. Ancaq məsələnin həlli bunda deyil. 2003-cü ildə vahid namizəd olmadan da biz seçkini udmuşduq, amma o qələbəni reallaşdırmaq mümkün olmadı. Yaxud, 2005-ci ildə ölkənin əsas aparıcı müxalifət qüvvələri "Azadlıq" blokunda seçkilərə getmişdik. Dairələrin əksəriyyətində də bizim namizədlər qalib gəlmişdi, ancaq onu da reallaşdırmaq mümkün olmadı. Ona görə də məsələ sadəcə geniş koalisiyanın yaranması və namizədin müəyyənləşməsində deyil. Bu çox önəmlidir, müsbət bir prosesdir, ancaq bu kifayət deyil. Seçkinin nəticələrini gerçəkləşdirə biləcək mühit formalaşmalıdır. Bu da həm daxildəki proseslərdən, həm də ki, beynəlxalq proseslərdən asılı olan məsələdir.

İndiki halda deyə bilərəm ki, ölkədə narazılıq həddən artıq yüksək səviyyədədir və bu narazılığın qarşısını zorakılıqla almaq imkanları da tükənmək üzrədir. Son hadisələr göstərdi ki, bölgələrdə insanlar ayağa qalxarkən necə təhlükəli vəziyyət yarandı. Hamımız narahat oluruq ki, birdən qan tökülər, birdən kimlərsə tələf olar. Bu məsələlərin həlli ölkədə köklü dəyişiklik etməkdən, ölkədə həm siyasi, həm iqtisadi azadlıqları genişləndirməkdən keçir. Bu olmayacaqsa, normal seçkilər keçirilməyəcəksə, əvvəl-axır cəmiyyət, xalq öz sözünü deyəcək.

Gültəkin
AzNews.az

image description image description