“Razılığa gəlməsələr, vəziyyət acınacaqlı olacaq...” - Politoloq Tehran görüşünü şərh edir

Xəbər verdiyimiz kimi, sentyabrın 7-də İran, Rusiya və Türkiyənin dövlət başçıları Tehranda görüşəcəklər. Səfər çərçivəsində Suriya ilə bağlı problemlər və oradakı vəziyyət müzakirə olunacaq.

Politoloq Fikrət Sadıxov AzNews.az-a konfransla bağlı açıqlamasında bildirib ki, bu görüş Suriyadakı proseslərin həlli istiqamətində həyata keçirilməsi vacib olaylardan biridir:

“Mühüm bir görüşdür. Çünki burada yaxın Şərqin ən qaynar nöqtəsi olan Suriyadakı vəziyyət müzakirə olunacaq. Xüsusilə, İdlib əyaləti ətrafında müzakirələr gedəcək. İdlib müxalifətin axırıncı dayaq nöqtəsidir. Orada müxalifətin müxtəlif qüvvələri olan radikal qruplaşmalar, PKK qüvvələri, həm də Azad Suriya Ordusu birləşib. Onlar da rejimə müxalif qüvvələrdir. Təbii ki, burda bir neçə oyunçunun marağı var və bu da reallıqdır. Düzdür, bölgədə ABŞ-ın, Türkiyənin hətta İsrailin də maraqları çoxdur. Amma görünür, əsas oyunçular konfransda iştirak edən ölkələrin başçılarıdır. İran, Türkiyə, Rusiya Suriyada əsas rol oynayan ölkələrdir. Əlbəttə ki, yaranmış bu cür mürəkkəb vəziyyətdə onlar bir çıxış yolu tapmalı və plan qurmalıdırlar. Əgər onlar hər hansı bir kompromisə gəlməsələr, İdlibin taleyi çox acınacaqlı olacaq. Onu da yaddan çıxarmayaq ki, İdlib əyalətində 3 milyona yaxın dinc əhali yaşayır və onlara da müəyyən bir zərbə endirilə bilər. Baxın, reallıq budur. Mən düşünürəm ki, bu ölkələr arasında müəyyən razılıq əldə olunacaq. Burada digər oyunçular olan İsrail, ABŞ hətta Səudiyyə Ərəbistanı da var. Onların mövqeyi Suriyada, İdlibdə tam sabitlik yaranması baxımından çox önəmlidir”.

Politoloq həmin proseslərlə bağlı əldə oluna biləcək razılaşmalar haqqında danışarkən qeyd edib ki, İdlibdə “oyunçu” ölkələrin marağına uyğun bölgü aparılacaq:

“Məsələn, İdlibin şimalı Türkiyəni maraqlandırır. Çünki PKK qüvvələri orda yerləşib. Cənub və Qərb hissəsi isə İranla Rusiyanın öhdəsinə buraxılacaq. Mən düşünürəm ki, bununla bağlı müəyyən plan cızılacaq və İdlibin hər bir dövlətə maraqlı olan hissəsi onların nəzarəti altına keçəcək. Amma bu, tək həmin dövlətlərdən asılı olan məsələ deyil. Çünki ABŞ və İsrail kimi iri oyunçuların maraqları nəzərə alınmalıdır. Ancaq nə dərəcədə nəzərə alınacaq, bax, bu, böyük sual doğurur".

F. Sadıxov konfransda Qarabağ probleminin müzakirə olunmayacağını və gündəmdə olan yeganə müzakirə predmetinin Suriya və İdlibdə yaranan vəziyyət olduğunu deyib.

Pərvanə Ağazadə
AzNews.az