AzNews.az Axar.az-a istinadən rus politoloq və tarixçi Oleq Kuzentsovla Xəzər Konvensiyası və onun nəticələri haqda müsahibəni təqdim edir: AzNews.az Axar.az-a istinadən rus politoloq və tarixçi Oleq Kuzentsovla Xəzər Konvensiyası və onun nəticələri haqda müsahibəni təqdim edir:

Xəzər ölkələri arasında hörmət və etibar yarandı - Kuznetsov

AzNews.az Axar.az-a istinadən rus politoloq və tarixçi Oleq Kuzentsovla Xəzər Konvensiyası və onun nəticələri haqda müsahibəni təqdim edir:

– Xəzər Konvensiyası iştirakçı ölkələrə nə vəd edir?

– Bu suala üç kəlmə ilə cavab vermək istəyirəm: qarşılıqlı hörmət və etibar. Bütün Xəzəryanı dövlətlərin həyati maraqları nəzərə alınaraq, bu beş ölkə iqtisadi məsələləri həll etmək üçün bərabər, qarşılıqlı məsuliyyət daşıyır. İndi heç kim heç kimə iqtisadi fəaliyyət azadlığında maneçilik törətməyəcək (məsələn, dəniz dibi borular), amma bir şərtlə ki, bu, qonşu ölkələrə ekoloji, siyasi və humanitar zərər verməsin. Xəzər kollektiv iqtisadi inkişaf regionuna çevrilir. Bu razılığın köməyi ilə Xəzər regionu hər tərəfdaş ölkənin plan və istəklərini nəzərə alaraq, bütün bölgənin rifahının yaxşılaşdırılmasına yardım edəcək və investisiya baxımından daha cəlbedici hala gələcək. Xəzərin hüquqi vəziyyəti haqqında Konvensiya demək olar ki, qeyri-sağlam rəqabət və qarşıdurmaları istisna edir və əməkdaşlığa həvəsləndirir.

– Bu Konvensiya üzv ölkələrin qarşılıqlı münasibətlərində necə özünü əks etdirəcək?

– Peşəkar hüquqşünas kimi deyə bilərəm ki, Xəzər Konvensiyası da daxil olmaqla, beynəlxalq hüquqi sənədlər iştirakçı ölkələr üçün son dərəcə böyük əhəmiyyət daşıyır. Məsələ burasındadır ki, bu aktlar ratifikasiya olunduqdan sonra artıq həmin dövlətlərin hüquqi sisteminin bir hissəsinə çevrilir və milli qanunvericiliklə müqayisədə daha üstün hüquqi qüvvəyə malik olurlar. Bu halda həmin dövlətlər beynəlxalq müqavilənin müddəalarına müvafiq olaraq öz dillərini, terminologiyalarını və ayrı-ayrılıqda müəyyən normaları bu müqaviləyə uyğunlaşdırmağa məcbur olurlar. Müvafiq dövlətlərin təkcə qanunverici orqanları deyil, siyasi sistemləri də belə hallarda daha da yaxınlaşır. Bununla da diplomatlar, onların ardınca hüquqşünas və dövlət xadimləri artıq tərəf müqabilləri ilə “eyni dildə” danışırlar. Bu da öz növbəsində “tərcümə xətaları”na istinad edərək yalan danışmağın qarşısını alır. Lakin bir az öncə də qeyd etdiyim kimi, yeni şəraitdə kimsə kimsəni aldatmaq istəsə, o, bir ölkəni deyil, dörd ölkəni birdən aldadacaq. Müasir dünyada isə bu addımı artıq heç kəs atmaz.

– Konvensiyanın 22 ildən sonra, bu günlərdə imzalanmasının ABŞ-ın İrana sanksiyaları səbəbindən mümkün olduğu haqda rus politoloqlar ehtimal irəli sürüblər...

– Zənn etmirəm. Mən sözügedən beynəlxalq hüquqi aktın mətninin hazırlanması prosesində Xəzəryanı ölkələrin mövqelərinin koordinasiyası prosesi ilə tanış oldum. Tərəflər hər kəs üçün ortaq hüquqi bir dildə danışmağı öyrənmək, əsas terminologiya bazasını yaratmaq və onların əsasında yaradılmış mübahisəli məsələlərin praktiki hüquqi tənzimlənməsi mexanizmlərinin hazırlanması üçün uzun bir yol keçdi. İyirmi ildən çox çəkən bir müddət ərzində sözügedən ölkələrdə prezidentlər və hökumətlər, xarici siyasət kursu, Xəzərətrafı qonşulara qarşı münasibət bir neçə dəfə dəyişib. Bu müddət ərzində Rusiya-ABŞ və İran-ABŞ əlaqələrində istiləşmə və soyuqlaşma dövrləri, Türkmənistan-İran və Türkmənistan-Çin əməkdaşlığının pozulması yaşandı. Bu da müzakirə prosesinin intensivliyinə öz təsirini göstərdi.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya kimi bir sənəd hazırlandığı zaman proses bir çox faktorlardan təsirlənə bilir. Və mən təkcə obyektiv deyil, həm də subyektiv faktorlardan danışıram. Bütün bunların aradan qaldırılması üçün isə vaxt tələb olunur. Məsələn, Xəzər dənizinin dəniz və ya göl kimi fiziki mahiyyətinin müəyyənləşdirilməsi məsələsi də uzun müddət müzakirə olunub. Xəzəryanı ölkələrin bu məsələ ilə bağlı mövqeyinin inkişafına Amerika Birləşmiş Ştatlarının sanksiyaları prinsipcə təsir göstərə bilməzdi. Mən sanksiyaların danışıqlar prosesinin intensivləşməsi və onun uğurla başa çatdırılmasında təşviq kimi xidmət edə biləcəyini istisna etmirəm, amma Konvensiyanı imzalamaq üçün əsas səbəblərdən olduğu fikri ilə razılaşmıram.

AzNews.az