- Köhnə - Siyasət
- 14 Sentyabr 2018 17:43
- 5 824
“Bakının işğaldan azad edilməsi Çanaqqala zəfərinin davamı idi” – Zahid Oruc
Xəbər verdiyimiz kimi, sentyabrın 15-də Bakının işğaldan azad olunmasının 100-cü ildönümü ilə bağlı hərbi parad keçiriləcək.
Milli Məclisin deputatı Zahid Oruc mövzu ilə bağlı AzNews.az saytının oxucuları ilə fikirlərini bölüşüb.
Millət vəkili qeyd edib ki, bu hərbi parad birinci növbədə 100 il bundan öncə cumhuriyyət uğrunda və siyasi dövlətçilik yolunda aparılan çalışmanın Türkiyənin ölkəmizə etdiyi qardaşlıq yardımının, Azərbaycan övladlarının vətəni uğrunda mübarizəsinin 100 illiyidir. Bu mənada tarixi əhəmiyyətə malikdir.
Zahid Oruc deyib ki, silsilə halını almış Çanaqqala və Bakı zəfərləri Türkiyə ilə qardaşlığımızın bünövrəsini daha da möhkəmləndirib:
“Heç şübhəsiz ki, uzun illər ərzində Bakının məlum statusunu əldə etmək o qədər də asan olmayıb. Bu xəritədə, coğrafiyada, Qafqazlarda uzun əsrlər boyu yaşanan hadisələrin ən böyük ağrısını Bakı çəkir. Bütün regional və beynəlxalq dairələr, ölkə içərisində olan etnik zümrələr yaxşı biliblər ki, mühüm mərkəz paytaxtdır və onu əldə etsələr, həm siyasi, həm də iqtisadi üstünlük qazanmış olacaqlar. Bu, burada yaşayan əsas xalqların mövqelərini əlindən almaq, onları idarə etmək deməkdir. Ona görə də Bakı hər zaman strateji önəm daşıyıb. Digər tərəfdən isə Osmanlı imperiyasının çöküşü fonunda, Rusiyada çarizmin süquta uğraması Birinci Dünya Savaşının sonunu gətirib Qafqazlarda bitirirdi. Azərbaycan son dərəcə mürəkkəb bir dövrdə bu xəritədə siyasi varlığını Şərqdə ilk cümhuriyyət quruluşu adı ilə təsdiq etdi. Qafqaz İslam Ordusunun və konkret olaraq Nuru Paşanın gətirdiyi ordu dəstələri ilə birgə bu cəbhədə ağır savaşlara qatıldı. Bolşevik-daşnak birləşmələrinin mövqelərinə öldürücü zərbələr vuruldu və Bakı işğaldan azad edildi. Bu hadisə özü-özlüyündə həm də Çanaqqala zəfəri ilə Bakının azad olunmasını silsilə halına gətirmiş oldu. Elə o dövrdən də hərbi müttəfiqliyimiz, qardaşlığımız, biri digərinin təhlükəsizliyinə qatlaşmağının da bünövrəsini yaratdı”.
Millət vəkili vurğulayıb ki, indiki dövrdə bu tarixin Azərbaycan prezidenti cənab İlham Əliyevin qərarı ilə dövlət səviyyəsində qeyd olunması isə bir ayrı məlumatdır: “Bu da ondan ibarətdir ki, yalnız Bakının üzərində bu tarixi hadisəni qeyd etmirik. Eləcə də həmin tarixi hadisəyə verdiyimiz dəyərlə, babalarımızın apardığı mübarizə ilə onların yarımçıq qalmış əməllərini axıra çatdırmaq ideyasını dünyaya təqdim edirik. Ayrıca vurğulamaq istəyirəm ki, sabah nümayiş etdiriləcək hərbi parad Azərbaycanın siyasi-hərbi müttəfiqliyinin zəfəri kimi, hər hansı 3-cü dövlətə qarşı deyil. Söhbət birinci növbədə regional güclərdən gedir. Əksinə, bildiyiniz kimi, bu gün Türkiyə və Rusiya arasında yaxın Şərq cəbhəsində böyük bir müttəfiqlik yaşanmaqdadır. İlham Əliyevin liderliyi sayəsində Rusiya və İranla aparılan yaxın əlaqələr bizə imkan verir ki, həmin dövlətlər qətiyyən öz paytaxtlarında, sərhədlərində bizim ölkəmizdən təhlükə gözləməsinlər. Hansısa bir sərhəd faciələrində iştirakımızı təsəvvürə belə gətirməsinlər.
Çox arzulayıram ki, sabahki tədbirdə çıxış edib, vurğulayam ki, biz Rusiya ordusundan özümüzə təhlükə gözləmirik. Azərbaycan ərazi bütövlüyünü təmin etdiyi təqdirdə, rus hərbi birləşmələri, Türkiyə ordusu, Azərbaycan əsgərləri ilə birlikdə çiyin-çiyinə həmin azadlıq marşlarının sədaları altında işğaldan təmizlənmiş torpaqlar üzərində baş tutacaq tədbirlərdə iştirak edə bilərlər. Bu rus ordusunun da beynəlxalq imicinə fayda verər”.
Pərvanə AĞAZADƏ
AzNews.az