“Kirayə haqqını iyul ayına kimi ödəmişdik...”

Eldar Namazov YAP-çı deputatın ittihamını gülməli adlandırdı



Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov "El" hərəkatının ünvanına növbəti dəfə ağır ittihamlar səsləndirib. O, hərəkatın ofisdən çıxarıldığını onların icarə haqqını verə bilməmələri ilə əlaqələndirib.

"El" hərəkatının sədri Eldar Namazov isə AzNews.az-a açıqlamasında S.Novruzovun ittihamlarını gülməli adlandırıb: "Biz ofis rəhbəri ilə razılığa gəldiyimiz məbləği iyul ayına kimi ödəmişdik. O, şəxs həmin pulları bizdən qəbz vasitəsiylə qəbul edib və hər dəfə bizdən razılıq edib. Sadəcə olaraq, hakimiyyətin bu ailəyə olan təzyiqləri ortadadır. Hətta razılaşma pozulduğundan onlar ödədiyimiz xərclərin müəyyən hissəsini bu günə qədər də bizə qaytara bilməyiblər".

E.Namazov onu da bildirdi ki, "El" hərəkatı rəsmi şəkildə elan olunan gündən hakimiyyət nümayəndələrində bir qorxu yaranıb: "17 gündür ki, hakimiyyət "El"in izinə düşüb, addım-addım bizim fəaliyyətimizi izləyirlər. Artıq bölgələrdə "El"in 50-yə yaxın rayon şöbəsi yaranıb. Bu hərəkata axın var. Onlar bunu görəndə açıq şəkildə hücuma keçdilər. Ancaq bunlar yersiz və heç bir uğur gətirməyən təzyiqlərdir".

Bahar Rüstəmli
AzNews.az