Milli Şura Bakı kəndlərini ayağa qaldırdı

Birliyin nümayəndələrinin quruma qəbul edilməsi etiraza səbəb oldu
Xəbər verdiyimiz kimi, Milli Şuranın bu gün baş tutan sessiyasında quruma 3 nəfər yeni üzv qəbul edildib. Bu üzvlər tanınmış vəkil Yavər Hüseynli və Bakı Kəndlər Birliyinin nümayəndələri olduqları bildirilən Hacı Əmrulla Dadaşov, Məşədi Vaqif Pənahovdir.

BKB-nin nümayəndəsi kimi Milli Şuranın üzvlüyünə təklif edilən İlqar Abbasovun quruma qəbul edilməsi isə sessiyada narazılığa səbəb olub. Belə ki, İ.Abbasovun quruma qəbul edilməsi səsə qoyulan zaman ayağa qalxan ACP sədri Sülhəddin Əkbər məsələyə kəskin etiraz bildirib. İ.Abbasovun MŞ sıralarına qəbul edilməsinin qəti əleyhinə olduğunu bəyan edən ACP sədri deyib ki, əgər adı çəkilən şəxsi quruma üzv qəbul etsələr, o, iclası tərk edəcək: "Mən də növbəti iclasda 20 nəfər hərəkatçı gətirəcəyəm Milli Şuraya üzv olsunlar". S.Əkbərin etirazından sonra isə İ.Abbasovun MŞ-ə qəbul edilməsi məsələsi müzakirədən çıxarılıb və İsa Qəmbərin təklifi ilə növbəti iclasa qədər təxirə salınılıb.

Bakı Kəndlər Birliyi nümayəndələrinin MŞ-ə üzv qəbul olunması ilə bağlı AzNews.az-a ilginc məlumat daxil olub. Məsələ ilə bağlı saytımıza zəng edən Bakı Kəndlər Birliyinin Nəsimi rayon təşkilatın sədri Xoşqədəm Cəbrayıloğlu adı çəkilən şəxslərin birliyin adından MŞ-ə üzv olmalarına kəskin etirazını bildirib.

O deyib ki, Bakı Kəndlər Birliyi 2002-ci ildə fəaliyyətini dayandırıb, o vaxtdan bəri də fəaliyyət göstərmir: "Birliyin heç bir iclası, qurultayı olmayıb. İndi bu adamlar necə gedib birliyin adından Milli Şuraya qoşulurlar axı?".

Xoşqədəm Cəbrayıloğlu bildirib ki, Hacı Ə.Dadaşov BKB-nin heç bir üzvünə Milli Şuraya qoşulmaq niyyətləri ilə bağlı məlumat verməyib: "Bu xəbər yayılandan sonra mənə onlarla adam zəng edib, öz etirazlarını bildirib ki, Hacı Əmrulla bizim adımızdan nə haqla danışıb?".

Onun sözlərinə görə, Hacı Əmrulla Bakının bir neçə kəndində sakinlərə Milli Şuraya qoşulmaqla bağlı təkliflər desə də, sakinlər onu kənddən qovublar: "Əgər Bakı Kəndlər Birliyi 11 ildir fəaliyyətini dayandırıbsa, birliyin adından hansı haqla danışır, özlərini birliyin nümayəndəsi kimi təqdim edirlər? Birlik yığıncaq keçirməyib, Milli Şurada iştirakla bağlı qərar qəbul etməyib və belə adamları özünün nümayəndəsi təyin etməyib".

Xoşqədəm Cəbrayıloğlu deyib ki, onun bu fikirlərini birliyin fəaliyyətində iştirak etmiş onlarla adam da təsdiqləyir.

Azər
AzNews.az