Rüstəm İbrahimbəyov: “İsa Qəmbərə dəstək verəcəyik”

Gülağa Aslanlı: "Rüstəm müəllimin sözləri bu məsələdə prioritet olacaq"

Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov "Yeni Müsavat" qəzetinə verdiyi müsahibəsində Müsavat başqanı İsa Qəmbərin namizədlikdən geri çəkilməməsinə münasibət bildirib.

R.İbrahimbəyov deyib ki, hələ qabaqda vaxt var və hələlik bütün proseslər düzgün istiqamətdə gedir. Onun sözlərinə görə, İsa bəy öz namizədliyini geri çəkməsi indiki halda lazım deyil:

"Bakıda görüşərik, oturub götür-qoy edərik, fikirləşərik ki, nə yaxşıdır. Bəlkə bir-iki nəfər də başqa partiyalardan namizəd olacaq, yaxud əksinə, qərara gələcəyik ki, hamı öz namizədlərini geri çəksin. Bunlar gələcəyin işidir".

R.İbrahimbəyov bildirib ki, o, İ.Qəmbərin namizədliyini heç də maneə kimi qarşılamır: "Mənim İsa Qəmbərə heç bir iradım yoxdur. Əksinə, mən məktub yazıb təşəkkürümü bildirirəm ki, mənə belə etimad göstərilib. Kimlərsə istəyir ki, bizim aramızı vursun. Məndən öncə Müsavat Partiyası İsa Qəmbərin namizədliyi barədə qərar verib və bu, partiyanın mövqeyidir. İndi o niyə bundan imtina eləsin? Sonra ümumi strategiyaya baxarıq, məqsədimizə çatmaq üçün nə hərəkət lazımdırsa, onu da edərik".

Milli Şura sədri özünün namizədliyi qeydə alınmayacağı halda İ.Qəmbərin namizədliyini dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı suala cavabında deyib: "Axı biz bir iş görürük. Belə vəziyyət yaransa, Milli Şura və şəxsən mən əlimizdən gələni edəcəyik. Amma biz çalışmalıyıq ki, iqtidar vahid namizədi qeydiyyatdan keçirməyə məcbur olsun. Bunu etsək, demək olar ki, seçkiləri udacağıq. Əks təqdirdə qələbə ehtimalı xeyli azalacaq. Amma birdən mənim namizədliyim qeydə alınmasa, mütləq demokratik qüvvələrin nümayəndəsinə, İsa Qəmbər də hörmətli adamdır, demokratik qüvvələrin çoxdankı liderlərindən biridir, biz ona dəstək verəcəyik".

R.İbrahimbəyov bu məsələ ilə bağlı Milli Şura daxilində yaranan narazılıqlara da münasibət bildirib. O deyib ki, başqa partiyalar, bundan narazı olanlar da haqlıdır, çünki ümumiyyətlə, vahid namizəd varsa, başqaları namizədliyini geri çəkməlidir: "Bu, normal məntiqdir. Bir tərəfdən səs vermisiniz ki, vahid namizəd olsun, digər tərəfdən deyirsiniz ki, bizim öz namizədimiz var. Təbii ki, ilk baxışdan bu, mübahisəli görünür. Amma İsa Qəmbər demir ki, axıracan namizəd olaraq qalacaq. İsa Qəmbər deyir ki, mənim namizədliyim verilib, hələlik qalsın, sonra baxarıq. Mən də onu deyirəm. Qabaqda bizi çox hadisələr gözləyir. Vəziyyət nəyi tələb edəcəksə, ona uyğun da qərar verəcəyik. Əvvəldən bizim bir-birimizə qarşı çıxmağımızın mənası yoxdur".

MŞ-in vahid namizədi müsahibəsində onu da deyib ki, bu gunə qədər partiya liderlərinin heç biri ilə əlaqə saxlamayıb: "Milli Şura kollektiv orqandır. Ona görə də, mən heç kəslə müzakirə aparmıram. Amma Bakıya gələn kimi mütləq görüşəcəyik".

Müsavat başqanının müavini və Milli Şuranın üzvü Gülağa Aslanlı isə R.İbrahimbəyovun bu fikirləri ilə bağlı AzNews.az-a açıqlamasında deyib ki, o, MŞ sədrinin bu fikirlərini təqdir edir: "Mənim bu ilki seçkilərlə bağlı fikirlərim bu mənada Rüstəm müəllim yanaşması ilə tamamilə üst-üstə düşür".

G.Aslanlının fikrincə, R.İbrahimbəyovun bu açıqlamaları da ona dəlalət edir ki, MŞ builki seçkilərdə mütləq iştirak etməlidir. Müsavat funksioneri R.İbrahimbəyovun namizədliyinin qeydə alınmayacağı təqdirdə Milli Şura üzvlərinin İ.Qəmbərin namizədliyi üzərində konsensusa gəlib-gəlməyəcəkləri ilə bağlı suala cavabında isə bildirib ki, bu məsələsə əsas prioritet R.İbrahimbəyovun fikirləri olacaq.

Anar
AzNews.az