Rüstəm İbrahimbəyovdan Rusiya mətbuatına SENSASİON müsahibə

Milli Şura sədri Rusiyanı ittiham etdi

Rüstəm İbrahimbəyov: "Dövlət məmurları işdən qovulmayacaq"


Milli Şuranın prezidentliyə namizədi Rüstəm İbrahimbəyov "Кавказская политика"ya müsahibə verib.

AzNews.az-ın məlumatına görə, müsahibədə Milli Şuranın yaranmasından danışan R.İbrahimbəyov tarixə nəzər salıb: "Milli Şura müxtəlif düşüncəli insanların birləşməsidir. Burada Xalq Cəbhəsi və Müsavat Partiyası var. Onlar hələ 1980-ci illərin sonu 1990-ci illərin əvvəllərində mövcud idilər. Mübarizələrinin ilk dövründən etibarən bu ictimai fəallar hakimiyyət tərəfindən təqiblərə məruz qalırdılar. Onlara hətta ötən əsrin 80-ci illərini sonunda Kamran Bağırovun rəhbərliyi zamani təzyiqlər olunurdu.

Mən ziyalılara ilk məktubumu yazanda bildirmişdim ki, bu insanların tarixi xidməti ondan ibarət oldu ki, onlar Qarabağ probleminin ədalətli həllinə nail olmaq üçün küçələrə yüz minlərlə insan çıxartdılar. O zamana qədər həmin insanlar kölə psixologiyasına idilər.
Mən o zaman müxalifət liderləri ilə Bağırov istisna olmaqla, Kommunist Partiyası rəhbərlərinin görüşünü təşkil etdim. Bu görüşdə İsa Qəmbər də iştirak edirdi. Əli Kərimli onda çox gənc idi və o görüşdə iştirak etmirdi. Mən hakimiyyəti ictimai fəallarla dialoqa çağırdım. Daha sonra bu uşaqlar hakimiyyətə gəldilər. Ancaq onlar ölkəni yaxşı idarə edə bilmədilər. Mən onlarla yaxşı münasibətdə idim, ancaq onların bəzi hərəkətlərini təqdir etmirdim. Ancaq o zaman indi olmayan söz azadlığı vardı. Mən o zaman Vaqif Hüseynovun həbsi ilə bağlı bir məqalə yazdım. O, Azərbaycanda KQB - nin rəhbəri olmuşdu. Məqalədə açıq şəkildə bildirdim ki, onun həbsinin əleyhinəyəm. Başqa problemlər də vardı. Məsələn, Konservatoriyaya insanlar gəlib deyirdilər ki, Baxın yaxud Bethovenin portretini götürmək lazımdır. Ancaq yenə vurğulayıram ki, o zaman söz azadlığı vardı".

Bakıda son zamanlar baş verən proseslərə də nəzər salan R.İbrahimbəyov şəhərin görünüşünün tamamilə dəyişdiyini və ənənələrin məhv olduğunu bildirib: "Bakının tarixi mozaikası dəyişdirilib. Mən bölgələrdən gələnlərin əleyhinə deyiləm, ancaq 2 milyon insan paytaxta gələrsə bu, artıq təkcə bazar deyil, həm də demoqrafik fəlakətdir. Axı bu insanlar Bakının ənənələrini bilmirlər. Bunu söylədiyim zaman məni guya Bakıdan ermənilərin getməsinə və onların yerinə bölgələrdən adamların gəlməsinə təəssüf etməkdə günahlandırdılar.
Mən deyirdim ki, erməni xalqı bizim düşmənimiz deyil, bizim düşmənimiz Azərbaycana qarşı işğalçılıq siyasəti aparan və torpaqlarımızı işğal edən Ermənistan rəhbərliyidir. Buna görə də problemi sülh yolu ilə həll etmək lazımdır. Yuxarıda söylədiklərim mənə qarşı hücumlara start verdi. O zaman məni çoxları müdafiə etdi. Mən Ziyalılar Forumunu yaratdım, ancaq hakimiyyət bizi qəbul etmədi. Daha sonra Milli Şura ideyası meydana gəldi".

Mərkəzi Seçki Komissiyasının onun namizədliyini qeydə almayacağı təqdirdə alternativ namizədi dəstəkləyəcəyi ilə bağlı sualı da cavablandıran R.İbrahimbəyov bildirib ki, alternativ namizəd yoxdur: "Milli Şura mənim namizədliyimi verib. Buna görə də sona qədər namizədliyimin qeydə alınması üçün mübarizə aparacağıq. Burada problem mənim ikili vətəndaşlığımla bağlı ola bilərdi. Mən Azərbaycan və Rusiya vətəndaşı idim. Buna görə də mən Rusiya vətəndaşlığından imtina etdim. Bundan başqa mənə 40 rayonda 40 min imza toplamaq lazımdır. Əlbəttə çox insan imzasını verəcək, ancaq bu imzaların bəzisi saxta ola bilər. Başqa sözlə, təyin olunmuş hansısa adamlar imzalarını verə və sonra namizədliyimin qeydə alınmaması üçün imzalarını geri götürə bilərlər. Biz buna yol verməməyə çalışacağıq".

R.İbrahimbəyov Milli Şura üzvlərinin ikinci bir namizədə razılıq verəcəyinə inanmadığını bildirib. Bununla belə, o deyib ki, başqa partiyalar öz namizədləri ilə seçkiyə qatıla bilər: "Bu təbiidir".

R.İbrahimbəyov prezident seçkilərində qalib gələcəyi təqdirdə dövlət məmurlarının hamısının vəzifədən uzaqlaşdırılmayacağını, orta rütbəli məmurların vəzifədə qalacağını vurğulayıb.
Hakimiyyətə gələcəyi təqdirdə, Rusiya ilə münasibətlərin necə qurulacağından danışan İbrahimbəyov gözlənilməz şəkildə bu ölkəni ittiham edib: "Rusiya Azərbaycanda insan hüquqlarının pozulmasına susur, ancaq Amerika bu barədə açıq danışır. Amerika Dövlət Departamentində görüş zamanı mənə bildirdilər ki, tərəflərdən heç birini dəstəkləmirlər. Ölkədə demokratiyanın inkişafında maraqlıdırlar. Əgər Rusiya da belə bir mövqe ortaya qoyarsa, Azərbaycanın taleyi xalqımız tərəfindən həll olunacaq. Biz bu seçkini udacağıq. Buna heç bir şübhə yoxdur. Ancaq seçkinin saxtalaşdırılacağına da şübhə yoxdur. Dünya birliyi buna "yox" deməlidir".

Qarabağ probleminin həlli ilə bağlı da fikrilərini bölüşən R.İbrahimbəyov sülhün tərəfdarı olduğunu bəyan edib: "Lazım olsa, döyüşə də başlayaram. Ancaq sülhün tərəfdarıyam. Mən indi müharibədən danışmaq istəmirəm. Ona görə ki, mən müvəqqəti adamam. Bu problemin həlli yoluna yeni seçiləcək parlament qərar verəcək. Biz Qarabağı verə bilmərik, ancaq ermənilərə demokratiyaya, korrupsiyanın olmayacağına, azərbaycanlılarla eyni hüquqlarının olacağına zəmanət verməliyik".

Milli Şura sədri deyib ki, Qarabağ təkcə torpaq deyil: "Məsələ burdadır ki, Qarabağ təkcə torpaq deyil, həm də regionun erməni əhalisidir. Biz o torpağı ancaq həmin əhali ilə birlikdə qaytara bilərik. Ermənilər anlayışlı xalqdır. Onlar bizi başa düşəcəklər".

Elnarə Əlosmanqızı
AzNews.az