- Köhnə - Siyasət
- 8 İyul 2013 12:52
- 2 733
“Prezident seçkisi ilə bağlı heç bir plan mövcud deyil“
“Bununla bağlı deyilənlərin hamısı uydurma və təxribatdır"
Prezident Administrasiyası hakimiyyətin 2013-cü ilin prezident seçkisi ilə bağlı xüsusi plan hazırladığını təkzib edib. İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov iyulun 8-də "Media forum" saytına deyib ki, hakimiyyətin seçki ilə bağlı heç bir məxfi və xüsusi planı yoxdur: "Bununla bağlı deyilənlərin hamısı uydurma və təxribatdır. Açıq formada deyirəm ki, bunların hamısı "Azadlıq" qəzetinin fantaziyasından, prezident seçkisini ləkələmək, indidən seçkiyə qeyri-demokratik damğası vuraraq ona qara yaxmaqdan başqa bir şey deyil.
Prezident seçkisi ilə bağlı hələlik heç bir plan mövcud deyil. Biz hələlik hər hansı plan elan etməmişik. Mərkəzi Seçki Komissiyası prezident seçkisi haqda müvafiq qərar verməyib. Ona görə də iqtidarın seçki ilə bağlı fəaliyyəti mövcud deyil. Yeganə fəaliyyət hakim Yeni Azərbaycan Partiyasının öz namizədini irəli sürməsi, bununla bağlı qərarın qəbul edilməsidir".
Əli Həsənov bildirib ki, hakimiyyətin gələcəkdə seçki planı mütləq olacaq və həyata keçiriləcək: "Bizim seçki proqramı və planı qanunlar əsasında, demokratik seçkilərin normaları çərçivəsində və Avropa Şurasının, ATƏT-in müəyyənləşdirdiyi standartlar əsasında həyata keçiriləcək".
"Azadlıq" qəzeti iyulun 7-də "2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkisinə hazırlıqla bağlı məntəqələrə təhkim olunmuş məsul şəxslər üçün seçki ərazisinin vəziyyətinin öyrənilməsi üzrə yaddaş" adlı sənəddən çıxarışlar yayıb. Qəzet bildirir ki, sənəd Prezident Administrasiyasının direktivləri əsasında yerli icra hakimiyyətlərində hazırlanıb və orada belə bəndlər yer alır:
- Əraziyə məsul şəxslərin 10 nəfər və 100 nəfərə (onbaşı və yüzbaşılar) bölünməsinə hazırlıq gedirmi? Nüfuzlu şəxslərin siyahıları hazırlanıbmı?
- Seçki ərazisində müxalifət meylli insanların fəaliyyəti, onlara kimlər havadarlıq edirlər?
- Əraziyə daxil olan yad adamlar barədə yerli icra nümayəndəliyində məlumat varmı? Onlarla necə iş qurulub? Qanunsuz imza toplanmasına hazırlıq görülürmü, təbliğat aparılırmı, buna qarşı hansı tədbirlər planlaşdırılıb?
- Seçki günü mədəni kütləvi tədbirlərdə, konsert proqramlarında seçicilərə tibbi və iaşə xidmətləri göstərilməsinə hazırlıq görülürmü?
- Əslən həmin ərazidən olan, hazırda Bakıda yaşayan nüfuzlu şəxslərin siyahısı hazırlanıbmı?
"Azadlıq" qəzetinin iddiasına görə, sənədin qeydlər hissəsində yazılır ki, kəndə gələn yad adamlar və mətbuat işçiləri barədə dərhal rayon seçki qərargahına (YAP-ın seçki qərargahına) məlumat verilməlidir: "Heç bir jurnalistə heç bir məlumat verilmir və rayon icra hakimiyyətinin müvafiq şöbəsi ilə əlaqə saxlanılır".
AzNews.az