Moldovalı Ombudsman Ermənistanda hədələnməyindən danışdı

Moldova Ombudsmanı Aureliya Qriqoriunun APA-ya müsahibəsi

- Ermənistandakı məlum çıxışınızdan sonra bu ölkəni rahat tərk edə bildinizmi?

- Məndən Ermənistanı maneəsiz tərk edə bilməyim üçün üzrxahlıq tələb etdilər. Diplomatlar və daimi təmasda olduğum digər insanlar zəng edərək deyirdilər ki, mən üzr istəməliyəm. Sözsüz ki, bu adamlar erməni tərəfinə bağlı olan insanlar idi.

- Bu xahişlərə sizin reaksiyanız necə oldu?

- Mən kimisə alçaltmaq və təhqir etməyi qarşıma məqsəd qoymamışdım. Çıxışımda mən tam həqiqət olan və beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmiş informasiyanı dilə gətirmişəm. Hesab etmirəm ki, buna görə kimdənsə üzr istəməliyəm.

- Ermənistanda olarkən ünvanınıza hədə-qorxular daxil oldumu?

- "Facebook" ünvanıma hədələr gəlirdi. Oteldə qaldığım nömrəyə zəng edərək dedilər ki, saçlarımdan tutub sürüyəcəklər və mənimlə haqq-hesab çəkəcəklər. Mən əlbəttə, öz Xarici İşlər Nazirliyimizə və yaxınlarıma bu barədə məlumat verdim. Ailəmin ünvanına da hədələr daxil olub. Mən oteldən ayrılarkən sürücü məni aparmaq istəmədi, bir dəqiqə sonra isə "Facebook" səhifəmə mesaj gəldi ki, məni hələ çox sürprizlər gözləyir. Düşünürəm ki, sürücünün məni hava limanına aparmaqdan imtina etməsi və bir dəqiqə sonra belə bir mesajın gəlməsi göstərir ki, bunlar bir-biri ilə əlaqəli olub. Bu, məni qəbul edən ölkənin mövqeyi idi.

- Ermənistan mediası yazır ki, sizi Azərbaycan tərəfi satın alıb və siz sifariş yerinə yetirmisiz...

- Mən çox ölkəyə gedirəm və məruzələrlə çıxış edirəm. Mən ildə bir dəfə Ombudsman kimi Azərbaycanda keçirilən beynəlxalq konfransda iştirak edirəm və bu, kiminsə məni satın aldığına dair fikirlərə əsas vermir. Bu, yalan və Ermənistan tərəfinin ucuz piarıdır.

- Siz hazırda özünüzü təhlükəsiz hiss edirsinizmi?

- Hazırda əlbəttə ki, özümü güvəndə hiss edirəm. Lakin Ermənistandan mənim dalımca iki nəfər gəlib. Mən Moskvaya uçub orada bir gecə qaldım və daha sonra Kişinyova uçdum. Onlar da eynilə mənim uçduğum reyslə gəldilər. Mənimlə uçan bu şəxslərin hər hansı məqsədinin olduğunu deyə bilmərəm, ola bilər ki, onlar mühafizə olub, lakin bu iki şəxs daim mənə bir baxış məsafəsində idi...

AzNews.az