YAP-dan Rüstəm İbrahimbəyovun namizədliyinə ironik atmaca

Hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Aydın Mirzəzadə Milli Şuranın sədri, kinorejissor Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinə dair ironik müqayisə aparıb.

AzNews.az-ın məlumatına görə, deputat "70 yaşlı, pensiyada olan tanınmış bir siyasətçi, birdən kinorejissor olmaq istəsə, görən necə qarşılanar?!" sualı ilə başlayan ironik yazısını belə davam edib: "Əvvəlcə, kino çəkilişi barədə bir neçə məqalə ilə çıxış edər, sonra kifayət edəcək qədər vəsait toplayaraq, ilk filmini çəkməyə başlayar. Ancaq film hələ çəkilən ərəfədə bütün tanınmış kinorejissorlar, ssenaristlər, operatorlar və kinoya aidiyyəti olanlar yeni kinorejissorun fenomenal qabiliyyətindən danışmalıdırlar. Ssenari təriflənməli, hələ çəkilməyən filmin dünya kinematoqrafiyasının şedevri olduğu bildirilməlidir.

Film çəkilməsi elan edilən Kinematoqrafçılar İttifaqının növbədən kənar qurultayı çağırılaraq, təqaüddə olan siyasətçi İttifaqın yen sədri seçilməlidir. Razı olmayanlar barədə xarici kino xadimlərinə şikayət edilməlidir. Təqaüddə olan siyasətçi kino çəkilişindən əvvəl xaricə səfər etməli, məşhur kinoşirkətlərin rəhbərləri və kinofestivalların təşkilatçıları ilə görüşüb, yeni kinorejissor özünün qeyri-adi gələcək filmi barədə onların müsbət rəyini də ala bilər.

Həmçinin, film ərsəyə gəlməmişdən ona ABŞ-ın məşhur "Oskar" mükafatı verilməli, təqaüdçü siyasətçi - gənc kinorejissora orden verilməsinə söz verilməlidir. Onun qeyri-adi qabiliyyəti və kino sənətinə yeni nəfəs gətirməsi barədə mətbuatda müntəzəm yazıların verilməsi də mütləq təmin edilməlidir".

A.Mirzəzadə Milli Şuranın sonda sual edir: "Kimsə etiraz edə bilər ki, bu ola bilməz. Sual oluna bilər, niyə olmaz?"

Anar
AzNews.az