Eldar Namazovun Milli Şura ilə bağlı xüsusi PLANı

"EL" Milli Şuradan ayrıla bilər

"El" Hərəkatı ümumrespublika müşavirəsinin vaxtı dəqiqləşib. Hərəkatın üzvü Zəfər Quliyevin AzNews.az-a verdiyi məlumata görə, qurumun geniş konfransı avqustun 13-ə təyin edilib. Z.Quliyevin sözlərinə görə, hərəkatın konfransı Rüstəm İbrahimbəyovun evində keçiriləcək. Qeyd edək ki, R.İbrahimbəyovun evi həm də Milli Şuranın Seçki Qərargahıdır. "El" rəsmisi bildirib, konfransa hərəkatın bütün rayon şöbələri dəvət olunub.

Xatırladaq ki, avqustun 12-də də Milli Şuranın növbəti sessiyası keçiriləcək. Bu sessiyaya qurumun sədri və vahid namizədi R.İbrahimbəyovun da qatılacağı gözlənilir. Onun hətta MŞ-in növbəti sessiyasına sədrlik etməsi nəzərdə tutulub. "El" Hərəkatının da öz konfransını məhz Milli Şuranın sessiyasından bir gün sonraya təyin etməsi tədbiri xüsusilə maraqlı edir.

Fərqli mənbələrdən daxil olan məlumata görə, "El"in sədri E.Namazov Hərəkatın konfransını avqustun 13-ə məqsədli şəkildə təyin edib. Belə ki, həm "El"çilərə, həm də Milli Şurada yaşanan proseslərə yaxından bələd olan və siyasi gedişatı yaxşı izləyən qaynağımızın sözlərinə görə, "El" Hərəkatı məhz avqustun 13-də Milli Şurada iştirakı ilə bağlı xüsusilə əhəmiyyətli qərar qəbul edə bilər. Belə ki, mənbənin iddiasına görə, E.Namazov MŞ sədri R.İbrahimbəyovun avqustun 12-dək Rusiya vətəndaşlığı problemini həll edib, ölkəyə qayıtmayacağı halda MŞ-in sessiyasında qurumun ehtiyat namizədinin müəyyənləşdirilməsi variantı güclənəcək.

Əgər R.İbrahimbəyov MŞ-in növbəti sessiyasına qədər sənədlərini qaydasına salıb, Bakıya qayıtmasa, böyük ehtimalla MŞ-də İbrahimbəyovun namizədliyi ilə bağlı fərqli mövqedə olan güclər – xüsusən Müsavat Partiyası nümayəndələri seçki təbliğatından bir neçə gün keçdiyi və vaxt itirildiyi arqumentindən istifadə edərək, ehtiyat namizədin seçilməsinə nail ola bilərlər. Məhz bu ehtimalı nəzərə alan E.Namazov bu variant baş tutacağı halda "El"in Milli Şuradakı fəaliyyətinə yenidən nəzər sala bilər.

Mənbə bildirir ki, MŞ özünə ehtiyat namizəd seçərsə, E.Namazovun "El"i Milli Şuradakı fəaliyyətini dayandıra bilər. Çünki "El" bu quruma məhz R.İbrahimbəyovun vahid namizədliyinə görə qoşulub. Hətta bu hərəkatın məhz İbrahimbəyovun müxalifətin vahid namizədi etmək məqsədilə yaradıldığını da iddia etmək olar.

Onu da qeyd edək ki, R.İbrahimbəyov dünən mətbuata verdiyi müsahibəsində namizədliyinə problem olarsa, Müsavat başqanı İsa Qəmbərin prezidentliyə namizədliyinə dəstək verəcəyini bildirib.

Elnur
AzNews.az