Putin Bakıya niyə gəlmişdi? - Təhlil

"Kreml Azərbaycandakı prezident seçkisinin hazırki gedişatına mane olmayacaq"


"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfərinin nəticələrini şərh edib.

Vladimir Putinin Azərbayacana səfəri 24 saatdan da az çəkdi, bunun özü o deməkdir ki, Kreml sahibi uzunmüddətli ciddi nəticəyə ümid etmirdi, məqsəd azərbaycanlı həmkarına mesaj verib və ondan istədiyi mesajı alıb geri qayıtmaq idi və məncə Rusiya prezidenti istəyinə nail oldu. Putinin ilk mesajı onun elə Bakıya necə qədəm qoymasıyla bağlıydı. Putin üçün rəsmi qarşılanma mərasimi təşkil olunmadı, halbuki, bir gün öncə İtaliyanın baş naziri üçün belə bir mərasim təşkil olunmuşdu. Demək, oxşar mərasimi Putinin özü istəməyib. İkinci əlamət, onun təyyarə ilə Bakıya gəlişiydi, halbuki, Kreml sahibinin hərbi gəmilərlə gələcəyinin anonsu verilmişdi. Onda Putinlə eyni gündə Rusiyanın iki hərbi gəmisi nədən sahilimizdə peyda oldu? Bu daha öncə də qeyd etdiyim kimi, Putinin Bakıya dolayısı mesajıydı ki, Azərbaycan NATO və ABŞ-la hərbi əməkdaşlığını genişləndirərkən, Xəzər hövzəsində Rusiyanın da hərbi maraqlarını nəzərə almalıdır. Doğrudur, Putin Azərbaycan hərbi gəmilərinin də Həştərxanda qəbul oluna biləcəklərini dedi, ancaq Rusiya üçün daha önəmli öz hərbi gəmilərinin Bakı sahilində lövbər salmasıydı.

Vladimir Putin İlham Əliyevlə birgə mətbuat qarşısındakı çıxışlarının heç birində Avrasiya Birliyi və Gömrük İttifaqı haqqında bir kəlmə belə demədi. Çünki, Azərbaycanın bu iki qurumda üzvlüyünün hazırki mərhələdə mümkün olmayacağını özü də anlayır, ona görə də israr etmədi. Ancaq İlham Əliyevin mesajını da almış oldu. Azərbaycan dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həllindən danışarkən, münaqişənin həllinin bölgədəki hərtərəfli əməkdaşlığa rəvac verəcəyinə işarə vurdu. Məncə, İlham Əliyev bununla onu demək istəyirdi ki, əgər Kreml sahibi Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə dəstək verərsə və sülh sazişi imzalanarsa, Azərbaycan həm Avrasiya Birliyinə, həm də Gömrük İttifaqına qoşula bilər. Düşünmürəm ki, Putinin bu mesaja müsbət reaksiyası olsun. Çünki, bu mesajı Bakı illərdir Kremlə ünvanlayır, öncəki prezident Dmitri Medvedyevə də eyni mesaj verilmişdi, ancaq Moskvanın siyasətində dəyişən bir şey yoxdur.

Putinlə və Əliyevin açıqlamalarında daha çox 3 istiqamətə önəm verdikləri müşahidə olunurdu:

Birinci istiqamət: İqtisadi əməkdaşlıq inkişaf edir və bu əməkdaşlıq yalnız enerji sahəsini əhatə etmir, çoxsahəlidir;

İkinci iqtiqamət: Azərbaycan Rusiyadan silah almaqda davam edəcək və 4 milyardlıq (bu rəqəm ilk dəfəydi ki, İlham Əliyevin dilindən səslənirdi, halbuki, mətbuatda 1 milyard 600 milyon dollar rəqəm yazılmışdı) alış-veriş hər iki tərəfi razı salır;

Üçüncü istiqamət: Azərbaycanla Rusiya arasında humanitar və mədəniyyət sahəsində əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir və Putinin sətiraltı açıqlamalarından anlaşılırdı ki, bunda daha çox Bakı maraqlıdır. Başqa sözlə Moskva Bakının humanitar təşəbbüslərini dəstəkləyir.

Putinin açıqlamaları sırasında bir cümlə də diqqəti çəkdi: "Rusiyada 1 milyondan çox azərbaycanlı çalışır". Sanki Putin demək istəyirdi ki, Bakı Moskva ilə münasibətlərdə bu amilə də diqqət yetirməliir. Əlbəttə, Rusiyada miqrantlara qarşı başlayan mübarizə fonunda Putinin dilindən bu cümlənin səslənməsi təsadüfi deyildi.

O ki qaldı, Bakıda imzalanan sənədlərə, bunları xüsusi əhəmiyyətli anlaşmalar adlandırmaq çətindir. İmzalanan sənədlər niyyət protokolları səviyyəsindədir. Rusiyanın keçmiş prezifenti Dmitri Medvedyev son dəfə Bakıda olarkən, İlham Əliyevlə daha ciddi və strateji anlaşmalar imzalanmışdı.

İmzalanma mərasimindən daha iki məqamı vurğalamaq lazımdır. Birincisi, tədbirə çox az sayda yerli jurnalist və informasiya agentliyinin təmsilçisi dəvət olunmuşdu. İkincisi, Rusiya və Azərbaycan prezidentləri açıqlamalarını səsləndirikdən və imzalanma mərasimi başa çatdıqdan sonra dövlət başçıları jurnalistlərə sual verməyə imkan verilmədi. Adətən bu növ tədbirlərdə ən azı iki sualın səslənməsinə şərait yaradılır. Böyük ehtimalla bu da Putinin istəyi ilə olub.

Görünür, Rusiyanın dövlət başçısı yenə ona ünvanlanacaq Dağlıq Qarabağla bağlı suala cavab vermək istəməyib. Putin Moskvada da belə etmişdi. O, sonuncu dəfə Moskvada geniş mətbuat konfransı düzənləyərkən, APA-nın əməkdaşı Fərid Əkbərovun sualını dinləmədən "yenə də Qarabağla bağlı sual verəcəksiniz" deyib həmkarımızın sözünü yarımçıq kəsmişdi. Elə Bakıda da Putin Qarabağdan danışmağa həvəsli deyildi. İlham Əliyev işğal və onun törətdiyi fəsadlar haqqında geniş məlumat verdi ki, bəlkə Putin də məsələyə münasibət bildirər. Putin isə heç nə ifadə etməyən bir cümlə ilə kifayətləndi: "Münaşiqə yalnız siyasi yolla həll edilə bilər". Bunu elə işğalçı Ermənistanın rəsmiləri də deyir.

Beləliklə, Putin Azərbaycana bir günlük səfəriylə yaxın gələcək üçün istədiklərini aldı: Azərbaycan Rusiya ilə enerji və hərbi sahədə əməkdaşlığını genişləndirəcək, digər tərəfdən Qərblə hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığını genişləndirərkən, Moskvanın da maraqlarını nəzərə alacaq. Bakı da yaxın müddət üçün Putindən istədiklərini almışa oxşayır. Ən başlıcası Kreml Azərbaycandakı prezident seçkisinin hazırki gedişatına mane olmayacaq, Bakının arzulamadığı planlara yaşıl işıq yandırmayacaq. Vəssəlam...

AzNews.az